İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş verən yanğın olub.
Bakpost.az-ın oxu.az-a istinadən xəbərinə görə, yanğın Kataloniyada yerləşən "Clim Waterpool" anbarında yerli vaxtla saat 02:20-də (Bakı vaxtı ilə 04:20 - red.) baş verib.
Barselonanın Vilanova-i-la-Jeltru, San-Pere-de-Ribes və Kubelyes, həmçinin Tarraqonadakı Kunita və Kalafel şəhərlərinin sakinlərinə küçəyə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq və kondisionerdən istifadə etməklə bağlı çağırış edilib. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, lakin Kataloniyaya bir neçə əlavə təcili yardım briqadası gəlib. Fövqəladə hallar xidmətlərinin işini asanlaşdırmaq üçün yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Kataloniya yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
"Biz yanğının qonşu anbarlara yayılmasının qarşısını aldıq. Tapşırıqlardan biri də yanğın nəticəsində əmələ gələn şleyfə nəzarət etmək, onun inkişafını və toksiklik səviyyəsini izləməkdir", - deyə yanğınsöndürənlər bildiriblər.
Yanğınsöndürmə ilə mübarizəyə 60 yanğınsöndürən və 20 xüsusi briqada, o cümlədən texnoloji və əməliyyat riskləri ilə işləyən qrup və kimyəvi kəşfiyyat təcili xilasetmə maşını cəlb edilib.