Ru
12:24 / 10 May 2025

Heydər Əliyev və təhsil irsimiz: Siyasi iradə ilə maarifin uğur yolu

Heydər Əliyev və təhsil irsimiz: Siyasi iradə ilə maarifin uğur yolu
Eye

Azərbaycan təhsil tarixində elə bir dövr yoxdur ki, orada Ümummilli lider Heydər Əliyevin adı çəkilməsin. Məhz onun uzaqgörənliyi və strateji baxışları nəticəsində təhsil millətimizin gələcəyinin təminatçısı, xalqın intellektual gücünü formalaşdıran aparıcı sahəyə çevrildi. “Təhsil – millətin gələcəyidir” deyən Heydər Əliyev üçün maarifçilik sadəcə idarəetmə obyekti deyil, milli inkişafın əsas sütunu idi.

Onun siyasi rəhbərlik dövrləri – həm 1969–1982, həm də 1993–2003-cü illər – təhsildə dərin struktur dəyişiklikləri, ideoloji aydınlıq və uzunmüddətli inkişaf meyarları ilə yadda qaldı.

Təhsilin əsaslarının möhkəmləndirildiyi dövr

1969–1982 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev ölkənin bütün sahələrində dirçəliş prosesinə start verdi. Lakin bu inkişafda təhsil xüsusi yer tuturdu. O illərdə təhsil infrastrukturu zəif, müəllim hazırlığı isə qeyri-kafi idi. Heydər Əliyevin təşəbbüsü ilə qısa müddətdə bu sahədə sistemli yanaşmalar formalaşdı. Onun 1972-ci ildə qəbul etdiyi “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” qərar bu prosesin ilk mühüm

mərhələsi oldu. Ardınca 1973-cü ildə qəbul edilən “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar təhsildə regionlararası bərabərliyin təmin olunmasına yönəldi.

Nəticədə 800-dən çox yeni məktəb inşa olundu, kənd və şəhər təhsili arasında uçurum daraldıldı. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması da prioritet sahələrdən biri kimi müəyyənləşdirildi. Heydər Əliyev bu məqsədlə məqsədli qəbul sistemini tətbiq etdi, regionlarda yeni pedaqoji ali məktəblər və texnikumlar yaradıldı.

“Təhsilə qoyulan sərmayə, gələcəyə qoyulan sərmayədir" – deyən Heydər Əliyev bu dövrdə təhsilə ayrılan büdcə vəsaitlərini 219,8 milyon manatdan 363,9 milyon manata qədər artıraraq maarifə verdiyi önəmi konkret rəqəmlərlə sübut etdi.

Müstəqil dövlətin təhsil konsepsiyası: 1993–2003

1990-cı illərin əvvəlləri Azərbaycan üçün siyasi və iqtisadi sarsıntılar dövrü idi. Təhsil sistemi bu çətinliklərdən ciddi zərbə almışdı. Lakin Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə sabitlik təmin olundu və təhsilin inkişafı üçün yeni mərhələnin əsası qoyuldu.

1998-ci ildə onun sərəncamı ilə yaradılmış “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası” və 1999-cu ildə qəbul edilən “Təhsil sahəsində islahat proqramı" Azərbaycanın təhsil tarixində dönüş nöqtəsinə çevrildi. Bu proqram idarəetmə, məzmun və infrastruktur baxımından sistemin müasirləşdirilməsini hədəfləyirdi.

“Biz elə bir təhsil sistemi qurmalıyıq ki, o, gənclərimizi həm milli ruhda, həm də yüksək intellektlə yetişdirsin" – deyə vurğulayan Heydər Əliyevin siyasi iradəsi ilə 2000-ci ildə təhsil sisteminin təkmilləşdirilməsinə dair fərman imzalandı, nəticədə yüzlərlə məktəb yenidən quruldu, informasiya texnologiyaları və yeni tədris vasitələri tətbiq olundu. 2002-ci il sərəncamı ilə 500-dən artıq məktəbin maddi-texniki bazası möhkəmləndirildi.

Müəllim – Heydər Əliyevin təhsil fəlsəfəsinin mərkəzində

Heydər Əliyev üçün müəllim sadəcə dərs deyən şəxs deyildi. O, müəllimi cəmiyyətin mənəvi dayağı hesab edirdi: “Müəllim – xalqın gələcəyini formalaşdıran şəxsdir. Ona verilən qiymət, əslində, gələcəyə verilən qiymətdir". Məhz bu ideologiya ilə müəllimlərin sosial rifahı, hüquqları və cəmiyyətdəki nüfuzu dövlətin diqqət mərkəzinə çevrildi.

Eyni zamanda, o, problemləri inkar etmirdi: “Təhsil sistemimizin çatışmazlıqları var. Biz bu sahəni daim təhlil etməli, islahatlara əsaslanaraq dəyişikliklər aparmalıyıq”. Bu tənqidi yanaşma onun təhsil siyasətinin güclü və davamlı olmasının əsas səbəblərindən idi.

Məktəbdənkənar fəaliyyətlər: şəxsiyyətin formalaşmasında dövlət siyasəti

Təhsilin yalnız dərs proqramı ilə məhdudlaşmaması, şagirdlərin yaradıcı, fiziki və mənəvi inkişafı üçün şərait yaradılması Heydər Əliyevin diqqət yetirdiyi əsas istiqamətlərdən biri idi. Onun təşəbbüsü ilə 1970–80-ci illərdə yüzlərlə uşaq yaradıcılıq mərkəzi, musiqi məktəbi, texniki dərnək və idman birliyi fəaliyyətə başladı.

“Uşaqların asudə vaxtı onların şəxsiyyət

kimi inkişafı üçün ən mühüm zamandır” – deyə qeyd edən Ümummilli lider, müstəqillik dövründə də bu siyasəti davam etdirdi. 1990-cı illərin sonlarında məktəbdənkənar müəssisələrin yenilənməsi, hərbi-vətənpərvərlik, ekoloji və sosial təşəbbüslərin təşviqi, məktəblilərin ictimai fəallığının artırılması istiqamətində mühüm addımlar atıldı.

Maarifçilik missiyasının dövlət siyasətinə çevrilməsi

Heydər Əliyevin adı Azərbaycanın təhsil tarixində güclü dövlət iradəsi, məqsədyönlü inkişaf və şəffaf strateji baxışla sinonimdir. Onun dövründə formalaşan təhsil siyasəti gələcək nəsillərin formalaşmasında, müəllim nüfuzunun bərpasında və təhsilin milli kimliyin daşıyıcısına çevrilməsində əsaslı

rol oynadı. Heydər Əliyevin ideyaları və təhsil sahəsinə verdiyi tarixi töhfələr daim yaşayacaq və gələcək nəsillərə yol göstərəcəkdir. Çünki onun dediyi kimi: “Təhsil hər bir millətin həyatında strateji məsələdir. Təhsil olmadan inkişaf, tərəqqi mümkün deyil".

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar