05:46 / 08 Noyabr 2021

Baxışları gülləyə tuş gələnlər…

3012
Anar Gəraylı

Mən mübaribənin içindən çıxmışam. Uşaqlığım başımın üstündən uçan alazanların, qradların altından çıxıb qaçıb Bakıya və onun qəddar reallığı altında ola biləcək ən çətin özünü yaşayıb.
Uşaqlığım 5 yaşında Füzuliyə atılan qrad zərbələrindən xilas olmaq ümidi ilə elə o raketlərin müşaiyəti altında Bakı istiqamətində qaçarkən, siz nə edirdiniz, xatırlamıram?! Ola bilsin, siz də öz travmalarınızın işğalından xilasa çalışdırdınız.

Səid Rəşidzadə nə edirdi bilirəm: Uşaqlığını bir qutuya toplayıb Bakıya, xilasa doğru sürətlə yol alırdı.

Uşaqlığını xilas edə bildi Səid: yaralı uşaqlığını, zədəli, travmatik uşaqlığını. Sınıq-salxaq uşaqlığını. Bakıya qədər gətirə bildi. Sonrası hüsran.

Mən mübaribənin içindən çıxmışam. Uşaqlığım başımın üstündən alazanlarla birgə uçub, Xəzərin bitdiyi yerə qonub.

Mən müharibənin nə olduğunu Səidin gözünə dəyən güllə səsindən eşitdim. Gözlərim müharibəni tanıyırdı, qulaqlarım yad idi. Nə pis, qulaqlarımı müharibənin nə olduğu ilə Səidin gözləri tanış elədi.
Səidin döyüşə-döyüşə uşaqlığını Füzuliyə aparıb, orada gəncliyini nöqtələməsi qışqırdı müharibənin nə olduğunu - uşaqlığımın travmaları ilə böyüyən ölümdən qorxan gəncliyimə.

İndi pafoslu sözlər yazmalı idim mətnin bu hissələrində. Uşaqlığımın başınım üstündən uçub evimizin arxasındakı ölmüş ruhların üzərinə tökülən qrad zərbələrinin səsi pafosumu oyadır.

Və Səidin şəhadəti müharibə ilə tanış edir gəncliyimi.

Mən Səidin şəhadətinin sonrasında yox idim müharibənin. Susdum. Pafosumu qatlayıb uşaqlığımın travmalı ciblərinə doldurdum. Uşaqlığım gəncliyimə müdriklik öyrətdi.

Səid barədə Səidin yoxluğu anından sonrakı hər gün bir işarə yazmaq istədim. Uşaqlığımız güllələri altından Bakıya doğru qaçıb qurtulmuşdu. O, uşaqlığının ağrılarını gəncliyinə bağışlamadı. Uşaqlığını apardığı torpaqlarla gözlərindən - gözləri ilə vidalaşdı.

Gözlərimizin önündə tarix dəyişdi və gözlərimizin önündə tarixin məğlubları tarixi qaliblərə çevrildi. Gözlərinin önündə tarixi dəyişikliyə şahid olanların çox azı dərk etdi ki, o məğlubu bu qalibə çevirənlər gözlərindən öldülər.

Gözlərindən öldülər. Baxışları gülləyə tuş gəldi və gözlərindən öldülər.

Gözlərinin düşdüyü yerdən bayraq ucaldı. Bayraq yaşını gözlərinə sıxdı və oxudu: Sən bizimsən, bizimsən! Durduqca bədəndə can!
Yaşa Səid! Gözlərinə bayraq qurban.
Baxışları gülləyə tuş gələnlər…
Baxışları gülləyə tuş gələnlər…
Baxışları gülləyə tuş gələnlər…
Baxışları gülləyə tuş gələnlər…
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər