Bayıl qəsəbəsində yerləşən, təxminən bir əsrə yaxın yaşı olan 5 nömrəli Kliniki Doğum Evi hazırda xarabalığa çevrilib.
Bakupost.az xəbər verir ki, söküləcəyi ilə bağlı uzun illərdir şayiələr yayılan binanın mövcud durumu yerli sakinləri ciddi narahat edir.
Belə ki,
iki il əvvəl yaxınlıqda baş verən güclü yanğında tikili ciddi ziyan gördü. Lakin həmin vaxtdan bəri bianada nə əsaslı təmir aparılıb, nə də yenidən istifadəyə qaytarılıb.
Bir vaxtlar minlərlə paytaxt sakininin dünyaya göz açdığı bu bina indi faktiki olaraq xarabalığı xatırladır.
Ərazi sakinlərinin iddiasına görə, bina bilərəkdən baxımsız saxlanılır:
“Elə edirlər ki, tam dağılsın. Sonra da deyəcəklər, artıq yararsızdır, sökülməlidir”.
Qeyd edək ki, Səbail rayonu, Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.
Bina 1930-cu ildə inşa edilib. İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi fəaliyyət göstərən tikili, müharibə illərində təxliyə hospitalı olub. 1946-cı ildən etibarən isə doğum evi kimi istifadəyə verilib. Bu müddət ərzində binanın konstruksiyasında və görünüşündə müəyyən dəyişikliklər aparılıb.
Lalə,
BakuPost