18 mart ömrü də, sözü də poeziyamızda atributa çevrilmiş Əli Kərimin doğum günüdür. 38 yaşında dünyasını dəyişmiş nakam şairimizi rəhmətlə anır və onun haqqında xatirələrlə, ilk və son dəfə yazdığı qəzəli ilə könlünüzə xitab edirik...
***
Əliağa Vahidin dəfnindən çıxan Əli Kərim deyir:
‒ Mən indiyəcən belə dəfn görməmişəm. Bunu qeyd eləmək lazımdır.
***
Bəxtiyar Vahabzadənin Əli Kərimə yaradıcı paxıllığı:
Tanış səs eşitdik, Bəxtiyar Vahabzadə küçənin o tayından bizə tərəf gəlirdi. Əl elədi ki, dayanın. Salamdan əvvəl üzünü Əliyə tutub həyəcanla dedi:
‒ O cür təşbehləri necə tapırsan, ay zalım? Atan haqqında yazdığın o şeirdəkini deyirəm: soyuq, qar...
“Sevgisi də soyuq idi ‒ təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi”
***
Süjetsiz əsər tərəfdarı olan Əli Kərimin Altay Məmmədovla dialoqundan:
‒ Dünyanı yaradan onu hər hansı bir süjet üzrə yaratmayıb. Sən dünyada süjet əlamətləri görə bilirsənmi? Biz heç yaradanın dəsti-xəttini də hiss eləmirik. Sanki dünya heç kəsin iradəsindən asılı olmayaraq, öz-özünə ‒ kortəbii yaranıb. Dünyanın gözəlliyinin bir sirri də elə bunda deyilmi? Sən özün belə bir ifadəni azmı eşitmisən: Olduqca gözəl bir əşya haqqında deyirlər ki, heç elə bil əl dəyməyib. Süjet hiss olunanda hər hansı bir əsər süni görünə bilər. Və artıq çoxbilmiş oxucular əvvəlcədən deyə bilərlər ki, bu epizodun sonu nə ola bilər, əsər nə ilə bitəcək. Ona görə də mən süjetsiz əsər tərəfdarıyam.
***
Əli Kərimin dəfninə Rəsul Rza ilə gedən Altay Məmmədov xatirələrində yazırdı:
İndi maşın Əlinin nəşini aparan kortecin içində Göyçaya tərəf şütüyür. Yenə müsəlmansayağı düşünürəm: “Yenə o bağ olaydı”. Bəlkə, ona görə ki, “Qızılgül olmayaydı”nın müəllifi ilə bir yerdə idik. Əli də Mikayıl Müşfiqi çox sevirdi, onda cavan ölmüş şairlərə xüsusi və qəribə bir münasibət vardı: Puşkin, Lermontov, Müşfiq...
***
Əsasən, heca vəznində və sərbəst şəkildə yazdığı şeirləri ilə məşhur olan şairin heç yerdə bilinməyən, Əli Səmədovun üzünü köçürüb saxladığı, Füzulidən təsirlənərək ilk və son dəfə yazdığı qəzəli:
Səndən ayrı min dərdi-qəmü məlamətdir mənə,
Nə xoşam, nə naxoşam, bilməm, nə halətdir mənə.
Min savab eyləyərək bir yol mənə xoş baxıbsan,
Əvəzin çıxmalıyam, bu nə xəcalətdir mənə.
Gözünü dikmə yerə, sən canın, ellər gözəli,
Bircə an görməməyim yüz illik həsrətdir mənə.
Hey keçirsən küçələrdən, niyə sinəm üstdən yox,
Torpaq içində yaxam, gör nə böyük dərddir mənə.
Gah baxırsan çox soyuq, gah da mehriban mənə, yar
Vallahi, baş açmıram necə məhəbbətdir mənə.
Yoxsa ki duymamısan aşiqini, məşuqəm,
Hər dönüb baxmağın bir müsibətdir mənə.
Əliyəm, ağlamaram, sevdiyin varsa, aç, de,
Bir salam ver hər görəndə, bu, səadətdir mənə!
Səidə İsmayılova