Ru
09:42 / 14 Mart 2026

Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir

Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir
Eye

Yaxın Şərqdə, xüsusilə İran ətrafında müharibə fonunda neft qiymətlərinin sürətlə bahalaşması beynəlxalq aviasiya sektoruna da təsir göstərməyə başlayıb. Bir sıra böyük hava yolu şirkətləri artan yanacaq xərcləri səbəbindən uzun məsafəli uçuş biletlərinə əlavə ödəniş tətbiq edir.

Bakupost.az “Euronews”a istinadən xəbər verir ki, bu qərarların əsas səbəbi təyyarə yanacağının – kerosinin qiymətinin kəskin bahalaşmasıdır. Aviasiya sənayesində yanacaq xərcləri adətən şirkətlərin ən böyük və ya ikinci ən böyük xərc maddəsi hesab olunur.

Məlumatlara görə, beynəlxalq “Platts oil index” göstəricisinə əsasən təyyarə yanacağının bir barelinin qiyməti təxminən 168 dollara qədər yüksəlib. Bu isə ilin əvvəlindəki qiymətlərlə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Eyni zamanda dünya neft bazarında əsas göstəricilərdən biri sayılan “Brent” qiyməti də yenidən 100 dollar həddini keçib. Analitiklər bunu Yaxın Şərqdəki müharibə fonunda qlobal neft tədarükü ilə bağlı yaranan qeyri-müəyyənliklə əlaqələndirirlər.

Bir sıra beynəlxalq aviaşirkətlər artıq uzun məsafəli uçuşlar üçün biletlərə əlavə təxminən 50 avro məbləğində yanacaq əlavəsi tətbiq etdiklərini açıqlayıblar. Bu qərarı tətbiq edən şirkətlər arasında “Air France KLM”, “Scandinavian Airlines”, “United Airlines”, “Cathay Pacific”, “Air India” və “Qantas” kimi böyük beynəlxalq daşıyıcılar var.

Şirkətlər bildirirlər ki, mövcud geosiyasi vəziyyət yanacaq bazarında kəskin qiymət artımına səbəb olub və bu xərclərin bir hissəsinin bilet qiymətlərinə daxil edilməsi qaçılmazdır.

Bununla yanaşı, bəzi aviaşirkətlər yanacaq qiymətlərindəki dalğalanmanın təsirini azaltmaq üçün əvvəlcədən sabit qiymətlə bağlanmış yanacaq tədarükü müqavilələrindən istifadə edir. Buna baxmayaraq, analitiklər neft bazarında qeyri-sabitlik davam edərsə, yaxın aylarda aviabiletlərin qiymətində yeni artımların mümkün olduğunu bildirirlər.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar