Alimlər nüvə silahının tətbiqinin Yer kürəsi üçün hansı nəticələr doğura biləcəyini kompüter modelləri vasitəsilə araşdırıblar.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, tədqiqatlara görə, nüvə müharibəsi bir neçə mərhələdə qlobal fəlakətə səbəb olacaq: əvvəlcə dağıdıcı yanğınlar baş verəcək, daha sonra isə illərlə davam edən aclıq və iqlim böhranı yaranacaq.
İlk saatlar: işıq impulsu və infrastrukturların məhv olması
Nüvə başlığı partlayan kimi Günəşin mərkəzindən belə daha yüksək temperaturda alov topu yaranır. Güclü işıq impulsu kilometrlərlə ətrafdakı hər şeyi yandıraraq böyük yanğınlara səbəb olur.
Partlayışdan yaranan güclü zərbə dalğası isə böyük sürətlə hərəkət edərək evləri dağıdır və şəhərləri radioaktiv xarabalığa çevirir.
Atmosferdə yüksək hündürlükdə baş verən partlayışlar güclü elektromaqnit impulsu yarada bilər. Bu isə bütöv qitələrdə elektrik enerjisinin, rabitə sistemlərinin və su təchizatının dayanmasına gətirib çıxara bilər.
Alimlərin hesablamalarına görə, nüvə müharibəsinin ilk saatlarında 90 milyondan çox insan həlak ola və ya ağır yaralana bilər.
İlk həftələr: radioaktiv yağış və tibbi sistemin çökməsi
Partlayışlardan sağ qalan insanlar radioaktiv kül və qara yağış ilə qarşılaşacaq. Radiasiya kütləvi şəkildə kəskin şüa xəstəliyinə səbəb olacaq.
Vəziyyəti daha da ağırlaşdıran amil isə səhiyyə sisteminin tamamilə dağılması olacaq. Xəstəxanalar dağıdılacaq, tibbi avadanlıq və dərmanlar çatışmayacaq, hətta təmiz su belə tapmaq çətin olacaq.
İlk aylar: nüvə qışı başlayacaq
Nüvə partlayışlarından yaranan böyük yanğınlar nəticəsində milyonlarla ton his atmosferin yuxarı qatlarına qalxacaq və Günəş şüalarının Yer səthinə çatmasını əngəlləyəcək. Bu proses nüvə qışı adlandırılır. Belə vəziyyətdə qlobal temperatur 10-20 dərəcə aşağı düşə bilər və yay mövsümü faktiki olaraq yoxa çıxar.
Eyni zamanda ozon qatının zədələnməsi nəticəsində tüstü dağıldıqdan sonra Yer səthi ölümcül ultrabənövşəyi şüalanmaya məruz qalacaq.
İlk illər: qlobal aclıq və uzunmüddətli zəhərlənmə
Araşdırmaya görə, belə bir ssenaridə dünyada ərzaq istehsalı demək olar ki, dayanacaq. Günəş işığının azalması və temperaturun düşməsi nəticəsində məhsullar məhv olacaq.
Bu səbəbdən dünya üzrə 5 milyarddan çox insan aclıqdan həyatını itirə bilər.
Radiasiya torpaq və su ehtiyatlarını da ciddi şəkildə zəhərləyəcək. Nəticədə bu resurslardan onilliklər ərzində istifadə etmək mümkün olmayacaq.
Tədqiqatın həmmüəllifi, professor Alan Robok bildirir ki, əldə olunan nəticələr nüvə müharibəsinin qarşısının hər hansı qiymətə alınmalı olduğunu göstərir.
Alimin sözlərinə görə, nüvə silahı mövcud olduğu müddətdə onun istifadə olunması riski də qalır və uzunmüddətli yeganə həll yolu nüvə silahlarının qadağan edilməsidir.
Alimlər yekunda qeyd edirlər ki, nüvə münaqişəsində qalib tərəf olmayacaq. Belə bir müharibə sivilizasiyanın məhv olması ilə nəticələnə bilər.