İran diktaturası yenə öz xalqı üzərində qələbə çaldı - VİDEO
512
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 16-cı buraxılışının yazılı variantını təqdim edir.
İran hakimiyyəti və İran xalqı...
– Həmişə biz ölkələrdən, dövlətlərdən danışanda, hiss edirəm ki, bəzi dinləyicilər hakimiyyətə münasibətlə, xalqa münasibəti qarışdırır. Hökümətlə dövləti qarışdırmaq ənənəvi hal alıb, lakin hakimiyyətlə xalqı qarışdırmaq lap böyük təbədbullatlar yaradır. Qonşumuz İranla bağlı bəzi fikirlərim məhz buna görə sosial şəbəkələrdə düzgün anlaşılmadı. Bəzi tamaşaçılar səmimi şəkildə düşünürdü ki, mən müharibəni müdafiə edirəm və bombardımançı ölkələrin tərəfində dururam. Belə bir şey ola bilərmi? Bir yazıçı heç vaxt başqa ölkəyə, illah da dinc sakinlərə bomba atan tərəfi müdafiyə edə bilməz. Mən istnilən ölkə ərazisinə müdaxilənin qəti şəkildə əleyhinəyəm və onu pisləyirəm. İran rejimi ilə bağlı tənqidi fikirlərim hərbi müdaxilənin lehinə və İran xalqının əleyhinə deyil. Belə fikrləri adətən hakimiyyətlər özü tirajlayır, xalqı özü üçün sipərə çevirir. Guya bunları tənqid edən xalqı tənqid edir. Əksinə, mənim rejimlə bağlı dediklərim İran xalqının, o cümlədən bu coğrafiyada yaşayan soydaşlarımızın mənafeyinə xidmət edir.
İran xalqına ən böyük zərbəni vuram diktatura rejimididir. ABŞ da, İsrail də sabah rədd olub gedəcək, əhali yenə amansız diktatura ilə üz-üzə qalacaq. İran rejimi böyük itkilər versə də, bu tarixi sınaqdan, demək olar ki, qalib çıxdı. Bombardmanda həlak olan Əli Xameneyinin oğlu yeni rəhbər seçildi və öz hakimiyyəti ətrafında İranın bütövlüyünü qoruya bildi. Yenə insanların dini heysiyyətini manipulyasiya edərək, hakimiyyətlərini qoruya bildilər. Halbuki İran xalqı dünyəvi xarakterli daha gözəl bir ölkəyə layiqdir. İndiki İranda xalqın azad iradəsi heç vaxt hakimiyyətdə və ya parlamentdə təmsil olunmur. Xalq heç vaxt özü namizəd irəli sürüb ona səs verə bilmir.
Ən dəhşətlisi, ruhani hakimiyyətin əsas dayağı sayılan SEPAH bir neçə qabaqcıl ölkə ilə yanaşı, həm də Avropa Birliyi tərəfindən terrorçu təşkilat kimi tanınır. Əslində, problemin kökünü biz elə burda axtarmalıyıq. İranın bir dövlət kimi strukturu dünyəvi deyil və müasir prinsiplərlə ayaqlaşmır, əsas ziddiyyət də buradan yaranır və rejim öz mənafeləri naminə İrana müdaxilə etmək istəyən şeytanların əlinə əsas verir. Mən “şeytanlar” sözünü xüsusilə işlədirəm ki, çıxışımın kiməsə hesablanmadığından əmin olasınız. İndi hamını İsrail, Mossad casusu çıxarırlar. Mənim haqqımda da belə şeylər yazanlar oldu. Biz qələm admaları müharibə tərəfdarı deyilik, sadəcə öz xalqına və bizim soydaşlarımıza zülm eləyən, eyni zamanda qonşu kimi bizi təhdid altında saxlayan bir rejimdən danışırıq.
Həmid Herisçi... Olduğu kimi...
– Bizim sosial şəbəkə aktivləri daha bir cəsus tapdılar. Tanınmış yazıçı Həmid Herisçi. Mən bir daha şahidi oldum ki, Azərbaycan oxucusu müasir Azərbaycan yazçısını yaxşı tanımır. Həmid Herisçini də o cümlədən... Bir dəfə onun haqqında yazmışdım ki, Həmid bəyin yeganə günahı Azərbaycanda doğulmasıdır. Doğurdan da normal bir ölkədə doğulsaydı, indi onu bütün dünya tanıyırdı və heç vaxt haqqında belə hədyanlar yazılmazdı. Həmid Herisçi həyatda hər şeyə mətn kimi baxan bir qələm adamıdır. Onun ekstrovaqand fikirləri də, dağıdıcılığı da yalnız mətnə aiddir. Mətndə hər cür oyun yolveriləndir. Yazıçı qəsdən mənfi planda da dayanıb yaza bilir. Lakin bu mövqeyi həyata, insanlara şamil etmir. Yadımdadır, hələ gənc vaxtımızda bizə Çe Gevaradan danışrdı, Babəkdən danışrdı, bir gün təsadüfən evinə getdik, iş otağını Hitlerin fotoları və faşist emblemləri ilə bəzəmişdi. Bu o vaxt məni dəhşətə gətirdi. Sonralar, təbii, tanıdıqca başa düşdüm Həmidi. Bütün yenilikçilər kimi ənənələri, bütləri, ehkamları dağıtmağa meyllidir.
Mənə görə, Həmid Herisçinin ən böyük səhvi Azərbaycan Yazıçılar Birliyinə üzv olmasıdır. Çünki o, alternativ düşüncənin ideoloqlarından biri kimi böyük hörmətə, nüfuiza malik idi. Ömrünün bu çağında belə bir addım atmamalı idi. Mən indi ona ağıl öyrətmək istəmirəm, hər kəs öz həyatını yaşayır və seçimində azaddrı, sadəcə öz fikrimi deyirəm.
Həmid Herisçinin Təbriz sevgisinə, Güney Azərbaycan sevgisinə heç nə kölgə sala bilməz. Elə bu sevgidən çıxış edərək üstünə gələnlərə tutarlı cavab verdi və ictimaiyyət hər şeyi gördü. Biz yazıçılarımızı yaxşı tanımalıyıq, yaxşı oxumalıyıq. Təəssüf, Həmidin nə fikirləri, nə də yazıları cəmiyyətdə lazımi qədər qiymətləndirilməyib. Bu isə Həmidin yox, ilk növbədə bizim problemimizdir
Özbək həkimin Şeyx Nəsrullahlığı...
– Adamı görən kimi ilk yadıma düşən Şeyx Nəsrullah oldu. Yadınızdadırsa, o da gələn kimi “Salamun Əleykum”, “Bismillahir-rəhmanir-rəhim” kimi bəlağətli dini ifadəlrdən istifadə edərək camaatın başını piyləyirdi. Hətta adama elə gəlirdi ki, hansısa bir aktyor müasir Şeyx Nəsrullahı oynayır. Sadəcə bu ölüləri diriltmir, xəstələri sağaldır. Bütün media və sosial şəbəkə istifadəçiləri də bu saxta həkim haqqında eyni təbiri işlətdi. Deməli, biz Mirzə Cəlilin verdiyi kodla bir fırıldaqçını ifşa etdik. Nəticədə əvvəlcə həbs, sonra deportasiya olundu. Biz yazıçılarımızı oxumayanda, hakimiyyətlə dövlətin, dövlətlə ölkənin fərqini bilməyəndə, dünyəvi dövlətin əhəmiyyətini anlamayanda belə fırıldaqçıların qurbanına çevrilirik.
Adam inana bilmir ki, 21-ci əsrdə, əlində smartfon bu qədər cahil insan toplusu var. Və bu cür insanlar çox təhlükəlidir. Elə şərait yaranar, onlara heç nə izah edə bilməzsən. Bu cəhalət qaranlığından adam doğurdan da qorxur. Görürsən ki, Mirzə Cəlili əhatə eləyən zülmət bu gün də davam edir, sadəcə faiz nisbəti bir az azalıb. Hətta bu zülməti qələm adamlarının arasında, oxucuların arasında, sosial şəbəkə istifadəçilərin arasında görürük və dərin xəyal qırıqlığına uğrayırıq.
Tiktokerlərin həbsi
– Ölkəmizdə tiktok, tiktokerlər və tiktok istifadəçiləri artıq ciddi problem səviyyəsindədir. Bunun ilkin səbəbi odur ki, Azərbaycanda 7 milyona yaxın tiktok istifadəçisi var. Təxminən əhalinin 18 yaşdan yuxarı bütün nümayəndələri... Əli-ayağı tutan və ağlı kəsən hər kəs... Bu, güclü bir silah deməkdir və özümüzə qarşı çevrilsə şox təhlükəlidir. Buna görə tiktoka dövlət nəzarətinin tərəfdarıyam. Ancaq kütləvi həbslər məndə bir qələm adamı kimi narahatlıq yaradır.
Bu mövzuda internetdə bir balaca araşdırma aparmaq istədim, axtarışa verən kimi tiktokerlərin həbsi ilə bağlı onlarla, hətta bəlkə yüzlərlə xəbər çıxdı. Sizcə biz bu adamları ucdantutma həbsə doldurmalıyıq? Bəlkə, yanaşmamızı daha da konkretləşdirməliyik? Açıq qanun pozuntularını demirəm, amma “əxlaqsız hərəkət”, “əxlaqız söz” bir az da mübahisəli məsələdir. Bir paylaşım gördüm, xanım küçə ilə qısa şortikdə gedir və onu həbs edirlər. Məncə, çoxlu ölkələrdə bu geyimdə xanımlar görmək olar. Bəlkə, bir danışıq aparılmalı, sözlə başa salınmalı, yaxud yüngül cərimə tətbiq edilməlidir.
Məncə, sosial şəbəkələrdəki vəziyyətə KİV haqqında qanunu əsas götürüb yanaşmaq olmaz. Sosial şəbəkələr, eyni zamanda, tiktok nə qədər ictimai yer sayılsa da, həm də şəxsi profildir, dostlara və izləyicilərə aiddir. İstəməyən adam dostluqdan, izləmədən çıxara, hətta bloka ata bilər. Bəlkə, sosial şəbəkələrlə bağlı ayrıca bir qanun işlənməlidir və orada detallar daha aydın göstərilməlidir. Bununla da həbslərin qarşısını mümkün qədər almaq mümkündür.
Mətbuatımızda “həbs edildi” sözü həddən çox işlənir, mən bu vəziyyətin əleyhinəyəm
120 yaşlı Səməd Vurğun...
– Albir Kamyu deyirdi, yazıçı tarixi yaradanların deyil, tarixin əzdiklərinin yanında olmalıdır. O Kamyu ki, Səməd Vurğundan 7 yaş balaca idi və ədəbiyyata bu cür yanaşdığına görə bütün əsərləri zamanın sınağından uğurla çıxdı. Ancaq Səməd Vurğun bu məsələdə öz həmyaşına, öz müasirinə xeyli uduzdu. O nə vaxt tarixin əzdiklərinin yanında dayandı, çox unikal ədəbiyyat nümunələr yaratdı, nə vaxt tarixi yaradanların – əzənlərin yanında dayandı, konynturaya getdi, siyasi ideologiyaya xidmət gösstərdi.
Bizi Səməd Vurğundan niyə söz açdıq... Martın 21-i, Novruz bayramı günü onun 120 yaşı tamam olur. Yubiley tədbiri geniş şəkildə qeyd olunacaq və bu barədə ölkə başçısının müvafiq sərəncamı da var. Ümid edirəm, maraqlı tədbirlər keçiriləcək.
Mənə görə, bu cür tarixi şəxsiyyətlərə obyektiv qiymət verilməlidir. Səməd Vurğun xalqımızın həssas nöqtəsidir, tənqidi fikir səsləndirəndə, o saat alt və ya kənar niyyətlər axtaranlar çıxır. Əmin olun, bizim başqa heç bir məqsədimiz yoxdur. İnsan ömrünü necə yaşayıb, o cür də qiymətləndirilməlidir. Səməd Vurğun şeirimizin, ədəbiyyatımızın parlaq nümayəndələrindən biridir. Eyni zamanda, çoxlu yanlışlara yol verən və bu yanlışları ilə insanların taleyinə təsir göstərən şəxsiyyətlərdəndir. Biz Səməd Vurğun kimi şəxsləri həm də ona görə öyrənməliyik ki, eyni yanlışı təkrarlamayaq.
Səməd Vurğunun övladıları, xüsusən Vaqif Səmədoğlu açıq şəkildə deyirdi ki, atamız repressiv bir hakimiyyəti nəinki müdafiə, hətta mədh eləyib. Eyni zamanda, o, Stalin rejimi əleyhinə çıxan insanlara, öz həmkarlarına həqarətlər yağdırırdı. Mən bu faktları təəssüflə deyirəm və qəti şəkildə Səməd Vurğunun əleyhinə çevirmək fikrində deyiləm. Sadəcə ədəbiyat tariximizin ağrılı bir səhifəsi kimi təəssüflə xatırlayıram.
Məncə, elə şeylər vardı onu Stalin dövründə də eləməmək mümkün idi. Məsələn, Səməd Vurğun Hüseyn Cavid haqqında həqarət dolu misraları yazmaya bilərdi. Ən qəribəsi nədir, həmin dövrdə bu işlə məşğul olan başqa yazıçılar xoşbəxt ola bildilər, amma Səməd Vurğun yox. Çünki ona istedadı Tanrı vermişdi və haq yolunda sərf etməsi üçün vermişdi. Səməd Uurğun isə Tanrının verdiyini bəndənin verdiyinə dəyişdi, o əmanət istedadı şeytani yol tutan despot Stalin üçün xərcləyirdi. Ona görə imkanları müqabilində qalıcı əsərlər yarada bilmədi. Ədəbiyyat o məqamda ondan üz döndərdi. Və məncə, Səməd Vurğun bunu anladığı üçün uzun yaşamadı.
Yusif Səmədoğlunun “Qətl günü” romanında biz bu ağrının izlərini görürük. Əsərdəki vicdan əzabını Yusif öz atasının şəxsində görmüşdü. Ordakı şair və xəstə obrazı Hüseyn Cavidlə Səməd Vurğunun birləşdiyi məqamdır. Yusif atasının Cavid haqda yazdıqlarına görə ağrıyırdı.
Bəzən düşünürəm, Səməd Vurğun o təntənədən, o parıltıdan imtina eləyib, azad ədəbiyyatla məşğul olsa nələr yazardı? Yaxud bizim zamanımızda yaşasaydı, necə edərdi? Təəssüf, seçimi yox idi. Təsəvvür edin, “Zamanın bayraqdarı” poemasını yazır, Mir Cəfər Baığrov onu otağına çağırtdırıb o boyda poemanı başdan-ayağa oxutdurur. Sonra deyir, zamanın bayraqdarından yazmısan, amma Leninin adı yoxdur, sən bayraqdar deyəndə kimi nəzərdə tutursan, get, Leninin adını poemaya daxil elə! Belə ədəbiyyat yaratmaq olar? Bu şərtlərə baxanda, deyirsən, Səməd Vurğun çox böyük adam olub ki, nələrsə yazıb-yarada bilib.
Ancaq bütün hallarda onun da yanlışları vardı və biz bu yanlışlardan qorxmamalıyıq. Yalançı sevgi lazım deyil. Özümüzü aldatmamalıyıq. Özünü aldatmaq cəhalətə aparıb-çıxarır. Azərbaycan xalqı onsuz da Səməd Vurğunu bağışlayacaq. Çünki onun müsbət tərəfləri, elədiyi xidmətlər yanlışlarından qat-qat artıqdır. Sadəcə biz o yanlışları görməliyik ki, təkrar eləməyək. Mən Səməd Vurğuna Tanrıdan rəhmət eləyirəm, ruhu şad olsun deyirəm. Onun irisini ən azı dil və sənətkarlıq baxımından dönə-dönə oxumağın və araşdırmağın tərəfdarıyam.