Dünən saat 18:50 radələrində Yasamal rayonu ərazisindən Respublika Təcili Tibbi Yardım Mərkəzinə müraciət olub.
Bakupost.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumat görə, çağırış ünvanına gedən təcili tibbi yardım əməkdaşları 15 yaşlı şəxsin bıçaqlandığını görüb. Sol budundan bıçaqlanan gənc Kliniki Tibbi Mərkəzə aparılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, aqonal vəziyyətdə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Yaralı 22:00 radələrində vəfat edib.
***
00:14
Xəbər verdiyimiz kimi, Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.
İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Nəticədə məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.