Ru
13:32 / 13 Yanvar 2026

Bir baca, bir detektor və itirilən həyat: Mənzillərdə gizli ölüm təhlükəsi

Bir baca, bir detektor və itirilən həyat: Mənzillərdə gizli ölüm təhlükəsi
Eye

Qışın gəlişi ilə Azərbaycanda dəm qazından zəhərlənmə hadisələri yenidən artıb. Havalar soyuyan kimi evlərdə istilik sistemləri işə düşsə də, təhlükəsizlik qaydaları çox vaxt arxa planda qalır. Nəticədə, dəm qazı yenidən insan həyatı üçün ciddi təhlükə yaradır. Təkcə son 24 saat ərzində ölkədə 7 nəfər dəm qazından zəhərlənib, onlardan 1-i həyatını itirib. Belə ki, Keşlə qəsəbəsində 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı evin hamamında dəm qazından zəhərlənmə nəticəsində ölüb.

Gəncə şəhərində isə ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü yaşadıqları evin qonaq otağında dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Şirvan şəhərində də oxşar hadisə baş verib. 14 yaşlı qız ağır vəziyyətdə şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, qışda insanlar soba, kombi və kaminləri işə salır, lakin çox vaxt tüstü bacalarının vəziyyəti diqqətdən yayınır:


“Tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir hissə kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin çoxu ölümlə nəticələnir. Statistikaya görə, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir.Baş verən hadisələrin böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından olur. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir.Sovet dövründə tikilmiş binalarda, köhnə fərdi evlərdə illərdir təmizlənməyən tüstü bacaları artıq tamamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar - bütün bunlar dəm qazının evə dolmasına səbəb olur.

Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa, təmizləməyə çalışırlar, amma bu, təhlükəni aradan qaldırmır, əksinə, daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə bilər və qaz evə sıza bilər. Bəs tüstü bacalarını kim təmizləməlidir? İnsanlar hara müraciət etməlidir? Bu suallar da çox mühüm məsələdir. Amma real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər, çünki kimə müraciət edəcəklərini bilmirlər”.

Ekspert qeyd edib ki, qanunvericiliyə görə, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanması ev sahibinin, çoxmənzilli binalarda isə Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin (JEK) və MTK-ların öhdəliyidir:

“Lakin çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yaradılmalıdır. Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Yəni vətəndaş fərdi evdə və ya çoxmənzilli binada yaşayırsa, sadəcə bir xidmətə - dövlətin tanıdığı rəsmi quruma müraciət etməlidir. Bu halda həm məsuliyyət dağınıq olmaz, həm də xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistem yaradılsa, insanlar hara müraciət etməli olduqlarını dəqiq bilərlər. Dövlət də bacaların vəziyyətinə nəzarəti təmin edə bilər. Bu, ölkədə dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün əsas addımlardan biridir”.

Beynəlxalq təcrübədən danışan O.Musayev vurğulayıb ki, təhlükəsizlik tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir və Avropa ölkələrində geniş tətbiq olunan dəm qazı detektorları buna nümunədir:

“Dəm qazı detektoru kiçik və sadə bir cihazdır, batareya ilə işləyir. Baha deyil, amma həyati əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda cihaz səs siqnalı verir. İnsan dərhal anlayır ki, təhlükə var və müvafiq tədbirlər görür. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniyada, Almaniyada, Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər evdə detektor da quraşdırılır. Bu, qanuni tələbdir. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul olunub və minlərlə insanın həyatını xilas edib.

Təəssüf ki, bizdə bu hələ geniş yayılmayıb. Halbuki hər evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınar. Bir daha qeyd edim ki, bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, bu, həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə hər birimiz məsuliyyətli olmalı, bacaların təmizlənməsi və müvafiq təhlükəsizlik tədbirlərinin vaxtında və fasiləsiz yerinə yetirilməsinə diqqət yetirməliyik”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar