Azərbaycanın tolerantlıq sadəcə siyasi şüar deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Fərqli dinlərin və millətlərin nümayəndələrinin bir-birinə münasibəti, ibadət yerlərinin yanaşı mövcudluğu və qarşılıqlı hörmət mühiti bu modelin real əsaslara söykəndiyini göstərir. Bunu təkcə biz deyil, həm fərqli dinlərin daşıyıcıları, həm də əcnəbi ekspertlər deyir. Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dini icmalar heç bir məhdudiyyət qoyulmadan dövlət qeydiyyatına alınır. Onların siyahısına diqqət edəndə (38 qeyri-islam dini icmanın 25 xristian dini icması və qurumu, 8 yəhudi dini icması, 2 bəhai dini icması və 1 Krişna Şüuru dini icması) pravoslav, katolik, yəhudi, Alban-Udi, lüteran, baptist, adventist, bəhai, molokan və digər xristian dini icmalarını görürük. Bu icmalar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Quba, Qəbələ, Oğuz, Qax, Gəncə, İsmayıllı, Qobustan və ölkənin digər bölgələrində fəaliyyət göstərirlər. Bu fakt Azərbaycanda dini etiqad azadlığının təmin edildiyini, müxtəlif dini konfessiyaların qanunvericilik çərçivəsində sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradıldığını və ölkədə tolerantlıq mühitinin real nümunələrlə mövcud olduğunu göstərir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin birbaşa göstərişi ilə dini tolerantlığın inkişafı və qorunması istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev azərbaycanlıların tolerant dəyərlərə sadiq olduğunu bildirərək deyirdi: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasətində də özünə mühüm yer tutur və bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Prezidentin Ehtiyat Fondundan hər il ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalara maddi yardım ayrılır. Bu vəsait müsəlman, pravoslav, katolik, yəhudi və Alban-Udi xristian dini icmalarının fəaliyyətinin dəstəklənməsinə yönəldilir. Məsələn, 2026-cı il 7 yanvar tarixli sərəncama əsasən Prezident İlham Əliyevin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə (03,5 milyon manat), Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına (400 min manat), Bakı şəhəri Dağ yəhudiləri dini icmasına (400 min manat), Avropa yəhudilərinin Bakı dini icmasına (400 min manat), Sefarad yəhudilərinin Bakı dini icmasına (400 min manat), Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasına (400 min manat), Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına (400 min manat), digər qeyri-islam dini icmalarına dəstək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fonduna (400 min manat) vəsait ayrılıb. Bu sərəncamlar Azərbaycanda dini müxtəlifliyin, tolerantlıq ənənələrinin və müxtəlif dini icmaların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi siyasətinin tərkib hissəsi kimi təqdim olunur. Oxşar maliyyə yardımları 2019, 2021, 2022, 2023, 2024 və 2025-ci illərdə də ayrılıb.
Dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etməliyik. Fondun uğurla reallaşdırdığı Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsi, Pravoslav kilsəsi, Qəbələ şəhərində məscid, Qəbələnin Nic qəsəbəsində “Çotari” və “Müqəddəs Məryəm Ana” Alban kilsələri və dini ibadət ocaqları təmir və yaxud bərpa olunmuşdur.
Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları dini tolerantlığın qlobal səviyyədə təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmiz demək olar ki, hər il dinlərarası dialoqun vacibliyi haqqında keçirilən beynəlxalq konfranslara, elmi simpoziumlara ev sahibliyi edir. Bu baxımdan, Azərbaycan dini sərbəstlik və tolerantlığa görə qabaqcıl dünya ölkələrinə nümunə hesab oluna bilər.
Bakıdan başlayaraq bölgələrə uzanan bu mənzərə ilk növbədə dini müxtəlifliyin sərbəst şəkildə ifadəsində özünü göstərir. Paytaxtda məscidlərin, kilsələrin və sinaqoqların yanaşı fəaliyyət göstərməsi, müxtəlif dini icmaların açıq şəkildə ibadət etməsi ölkədə mövcud olan hüquqi və ictimai mühitin nəticəsidir. Azərbaycanda dini etiqad azadlığı qanunvericiliklə qorunur və hər kəsin öz inancını sərbəst şəkildə yaşaması təmin edilir.
Üç il əvvəl “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində aparılan araşdırmalar zamanı da aydın olmuşdur ki, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır.
Udilərin kilsəsi təmir olunaraq istifadəyə verilib. Kiş Alban məbədi (Şəki) 2000-2003-cü illərdə beynəlxalq mütəxəssislərin iştirakı ilə elmi-restavrasiya işləri aparılıb. Hazırda muzey kimi fəaliyyət göstərir və Azərbaycanın ən qədim xristian məbədlərindən biri hesab olunur. Qəbələ rayonunun Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə bərpa işlərinə başlanılıb və 2020-ci ildə tamamlanıb. Layihə çərçivəsində günbəz, dam örtüyü, divarlar, döşəmə, həyətyanı ərazi və digər hissələr bərpa edilib.
Cənubi Qafqazda ən böyük yəhudi sinaqoqu, məhz, Bakıda inşa edilib. Hazırda yəhudilərlə bağlı daha bir 4 mərtəbəli mərkəzin tamamlanma işləri gedir.
Çox az sayda üzvlərinin olmasına baxmayaraq (ümumilikdə 3-4 min), hətta, katolik icması üçün Bakının mərkəzində kilsə tikilib.
Bütün bunlar Azərbaycanda dini və milli azlıqların dini hüquqlarının qorunmasının bariz nümunəsidir.
Bu cür nümunələr yalnız lokal hadisələr deyil, ümumi ictimai düşüncənin nəticəsidir. Azərbaycan ərazisində əsrlər boyu müxtəlif xalqların birgə yaşaması onların taleyini də bir-birinə bağlayıb. Tarix boyu baş verən çətinliklər və xarici təsirlər bu xalqları bir-birinə daha da yaxınlaşdırıb.
Rəsmi statistikaya əsasən, ölkə əhalisinin böyük əksəriyyəti (96 faiz) müsəlman olsa da, digər dinlərin nümayəndələri də ölkənin sosial həyatında fəal iştirak edir. Xristian, yəhudi və digər dini icmaların ibadət yerləri fəaliyyət göstərir, dini təhsil və mədəni tədbirlər keçirilir. Bu, Azərbaycanın çoxkonfessiyalı cəmiyyət kimi formalaşdığını bir daha təsdiqləyir.
Əlbəttə, müasir dövrdə yeni çağırışlar da mövcuddur. Xüsusilə virtual məkanda yayılan dezinformasiya və ideoloji təxribatlar müəyyən risklər yaradır. Bəzi hallarda xarici qüvvələr tərəfindən milli və dini zəmində qarşıdurma yaratmağa yönəlmiş məlumatlar yayılır. Bu kimi halların qarşısının alınması üçün ictimai maarifləndirmə və media savadlılığının artırılması vacibdir.
Bununla belə, Azərbaycanın mövcud tolerantlıq modeli bu cür təhdidlərə qarşı dayanıqlı olduğunu göstərir. Cəmiyyətdə formalaşmış qarşılıqlı hörmət və birgəyaşayış ənənələri bu risklərin təsirini minimuma endirir.
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Zəhra Rahibqızı