Bəzən düşünürəm ki, bir ölkəni zəiflətmək üçün mütləq onun sərhədlərini keçmək, torpağına qoşun yeritmək, şəhərlərini bombalamaq lazım deyil. Bəzən bunun üçün insanların düşüncəsinə daxil olmaq kifayətdir.Hətta elə olur ki, təhlükə sərhəddən deyil, öz evimizin qapısından içəri girir. Biz isə bunu təhlükə kimi yox, inanc, ənənə, mənəviyyat kimi qəbul edirik.
Qonşu olmaq başqa şeydir, qonşunun sənin evinin içində söz sahibi olmaq istəməsi tamam başqa...
Bəzi dövlətlərin bölgədə apardığı siyasətə nəzər salanda dini ideologiyanın siyasi təsir vasitəsi kimi istifadə olunması məsələsi diqqətdən kənarda qalmır. Çünki bir dövlətin təsir imkanları yalnız onun hərbi gücü, raketləri və silahları ilə ölçülmür.
Bəzən ən güclü silah insanların düşüncəsinə təsir etməkdir.
Din isə insanların ən həssas yerlərindən biridir. İnsan siyasi çağırışa şübhə ilə yanaşa bilər, amma dini çağırışı bəzən sorğulamadan qəbul edir.
Məhz buna görə də dinin siyasi məqsədlər üçün istifadə olunması son dərəcə təhlükəlidir.
Çünki insanın inancından istifadə edərək onun düşüncəsini dəyişmək, sonra isə həmin düşüncəni öz dövlətinə qarşı yönəltmək mümkündür.
Məni narahat edən də budur.
İllərdir ölkəmizdə din adı altında müəyyən təsir dairələrinin formalaşdırılması, xaricdən idarə olunan dini-siyasi düşüncələrin yayılması barədə danışılır. Bu məsələyə yalnız təhlükəsizlik problemi kimi baxmaq düzgün olmazdı. Bu, həm də cəmiyyətimizin gələcəyi, uşaqlarımızın necə yetişməsi, sabah hansı dəyərlərə bağlı olması məsələsidir.
Təsəvvür edin...
Bir uşaq Azərbaycanda doğulur. Azərbaycan məktəbində oxuyur. Bu torpağın çörəyini yeyir, suyunu içir. Amma böyüdükcə ona elə düşüncələr aşılanır ki, öz dövlətinin qanunlarından çox başqa bir ölkədəki dini-siyasi rəhbərin sözünü üstün tutur.
Bax, təhlükə məhz burada başlayır.
Mənim üçün insanın namaz qılması, oruc tutması, hicab bağlaması heç vaxt problem olmayıb və ola da bilməz. Bu, onun inancıdır, şəxsi seçimidir. İnancına görə heç kəsə yuxarıdan aşağı baxmaq olmaz.
Amma bir insanın dini inancının başqalarının siyasi məqsədlərinə xidmət edən vasitəyə çevrilməsi artıq tamam başqa məsələdir.Hicab təhlükə deyil. Təhlükə hicabın arxasında siyasi məqsədlərin gizlədilməyə çalışılması cəhdləridir.
Məktəblərimizdə dini geyimlə bağlı mübahisələrə də məhz bu həssaslıqla yanaşmalıyıq.
Bir tərəfdə övladının təhsil almasını istəyən inanclı ailələr, digər tərəfdə məktəblərin dünyəvi prinsiplərlə idarə olunması məsələsi dayanır.
Bu iki tərəfi düşmən kimi göstərmək olmaz.
Ancaq hansısa qərara etiraz etmək adı ilə məktəbin şüşəsini qırmaq, müəllimi təhqir etmək, uşaqların təhsil mühitini pozmaq da qəbul edilə bilməz.
Belə hərəkətlərə hüquqi qiymət verilməlidir. Bununla yanaşı, hər etiraz edəni xarici qüvvənin adamı hesab etmək də ədalətli deyil.
Əlbəttə, hər dini dərs, hər məscid, hər inanclı insan belə bir təhlükənin daşıyıcısı deyil. Əksinə, dininə bağlı, vətənini sevən, dövlətinə sədaqətli milyonlarla insanımız var.
Elə buna görə də dini inanc ilə xarici siyasi təsiri bir-birindən ayırmağı bacarmalıyıq.
Mən başqa bir məsələyə də toxunmaq istəyirəm.
Biz bəzən təhlükəni yalnız sərhədlərimizdən kənarda axtarırıq. Düşünürük ki, güclü ordumuz, silahlarımız, sərhədlərimizi qoruyan əsgərlərimiz varsa, deməli, təhlükəsizik.
Kaş hər şey bu qədər sadə olaydı.
Bir ölkənin sərhədini əsgər qoruyur. Bəs insanların düşüncəsini kim qoruyacaq?
Bir uşağa öz vətənindən əvvəl başqa dövlətin ideologiyasına sədaqət öyrədilirsə, onun düşüncəsində Azərbaycan ikinci plana keçirilirsə, bunun qarşısını hansı sərhəd zastavası ala bilər?
Biz qonşularımızla dost yaşamaq istəyirik. Heç bir xalq ilə də düşmənçiliyimiz yoxdur.
Amma bir ölkənin xalqına münasibətlə dövlətinin apardığı siyasətə münasibət eyni şey deyil.
Bir dövlətin siyasətini tənqid etmək həmin ölkənin xalqına düşmən olmaq demək deyil.
Mən bir az da özümüzdən danışmaq istəyirəm.
Niyə bizim uşaqlarımız məktəbdən sonra saatlarla repetitor yanında olmalıdır? Niyə onların çantaları bəzən özlərindən ağır olur? Niyə məktəbdə aldıqları təhsil bir çox ailənin gözündə universitetə qəbul üçün kifayət etmir?
Niyə uşaqlarımızın elmi dünyagörüşünü, tənqidi düşüncəsini, vətəndaşlıq şüurunu gücləndirmək əvəzinə, enerjimizi tez-tez geyim və zahiri görünüş ətrafındakı mübahisələrə sərf edirik?
Axı güclü təhsil sistemi təkcə savadlı insan yetişdirmir. Həm də düşünən, araşdıran, eşitdiyi hər sözə inanmayan, heç kimin asanlıqla aldada bilmədiyi vətəndaş yetişdirir.
Belə insanı nə dini şüarla, nə siyasi vədlə, nə də xaricdən gələn ideoloji təbliğatla asanlıqla idarə etmək olar.
Məncə, bizim ən böyük müdafiə vasitələrimizdən biri də məhz budur.
Biz uşaqlarımıza yalnız vətəni sevməyi yox, vətənin niyə qiymətli olduğunu da öyrətməliyik.
Azərbaycanın müstəqilliyi bizə asan başa gəlməyib.Bu torpağın azadlığı uğrunda minlərlə insan canından keçib. Analar övladlarını itirib. Uşaqlar atasız böyüyüb. Neçə-neçə ailənin həyatı yarımçıq qalıb.
Biz bu vətəni kiminsə dini-siyasi layihəsinin bir hissəsinə çevirmək üçün qorumamışıq.
Nə İranın, nə Rusiyanın nə Türkiyənin nə də hansısa başqa bir dövlətin.
Azərbaycanın öz yolu, öz qanunları, öz bayrağı, öz dövlətçilik ənənələri var.
Bu ölkədə inanclı da yaşayacaq, inancsız da. Hicablı qadın da özünü rahat və təhlükəsiz hiss etməlidir, hicabsız qadın da. İnsanların dini seçiminə hörmət edilməli, heç kəs inancına görə təhqir olunmamalıdır.
Amma heç kəs din adı altında insanları zorakılığa çağırmaq, xarici siyasi mərkəzlərin maraqlarını ölkəmizin maraqlarından üstün tutmaq haqqına sahib deyil.
Mən istəyirəm ki, övladlarımızın gələcəyini nə dini fanatizm, nə də xaricdən idarə olunan siyasi ideologiyalar müəyyən etsin.
Onların gələcəyini aldıqları təhsil, qazandıqları bilik, azad düşüncələri və öz seçimləri müəyyən etsin.
İstəyirəm ki, bizim evlərimizə başqa dövlətlərin siyasi ideologiyası deyil, elm, savad, kitab, mədəniyyət daxil olsun.
İstəyirəm ki, uşaqlarımız dünyanı tanısın, amma öz vətənini unutmasın.
Və ən əsası, istəyirəm ki, biz təhlükəni görmək üçün onun mütləq silahla qapımıza dayanmasını gözləməyək.
Çünki bəzən bir ölkənin gələcəyinə yönəlmiş təhlükə səssiz gəlir. Nə tank səsi eşidilir, nə güllə açılır.Sadəcə bir gün görürsən ki, sənin evində böyüyən övladın sənin dövlətinə səndən tamam başqa gözlə baxır.
Bax, məni düşündürən budur.
Azərbaycanın sərhədləri xəritədə başlayıb xəritədə bitə bilər. Amma Azərbaycanın müstəqilliyi hər birimizin düşüncəsində, vicdanında və vətənə sədaqətində yaşamalıdır.
Vətəni qorumaq yalnız səngərdə silah tutmaq deyil. Bəzən vətəni qorumaq bir uşağa düzgün təhsil vermək,onu başqalarının ideoloji təsirindən qoruyaraq böyütməkdir.
İqbal Səfərov
Vətən müharibəsinin zabiti