"Əgər gələcəkdə Füzuli Hava Limanı ilə bağlı düzgün marketinq siyasəti həyata keçirilərsə, buradan digər ölkələrə uçuşlar daha ucuz qiymətə olarsa, aeroportun dövriyyəsi və əhəmiyyəti daha artıq olar".
Bunu
Bakupost.az -a
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq istiqsadiyyat kafedrasının dosenti, iqtisadçı alim Emin Qəribli deyib.
Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi gələcəkdə ölkəmizin inkişafının dayanıqlığını təmin edən amillərdən biri olacaq. Aeroportların inşası layihələri Azərbaycana yalnız əlavə dividentlər qazandıracaq.
İqtisadçı alim hesab edir ki, azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırma imkanlarını da artırır:
“İnkişaf etmiş dövlətlər -Türkiyə, Almaniya, İtaliya azad edilmiş ərazilərimizə investisiya qoymaq istəyirlər. Lakin bu da faktdır ki, kommunikasiyanın olmaması böyük investor üçün müəyyən çətinliklər yarada bilər. Aerorpotun olması o deməkdir ki, xarici investorlar artıq buraya problemsiz gələcəklər. Azad edilmiş ərazilərimizdə kommunikasiyanın bütün növlərinin tətbiqinə ehtiyac var. Bu istiqamətdə işlər görülür və bundan sonra da görüləcək”.
E.Qəribli aeroportların inşasını turizmin inkişafı baxımından da olduqca yüksək dəyərləndirir.
Onun sözlərinə görə, aeroportlar sağlamlıq turizm imkanlarına sahib olan Qarabağa müalicə məqsədi ilə üz tutan turistlərin sayının artmasına, bu isə öv növbəsində ölkəyə əlavə valyutanın daxil olmasına imkan verər.
Ayan Əlizadə
Baku Post