Bu il bazarlarda və marketlərdə çiyələyin bolluğu diqqət çəkir. Ötən illərlə müqayisədə həm məhsulun daha çox olması, həm də qiymətlərin nisbətən ucuzlaşması alıcıların marağına səbəb olub. Satıcılar demək olar ki, hər gün müxtəlif bölgələrdən bazara bol məhsul gətirildiyini deyirlər. Bəzi şəxslər bunu hava şəraiti və məhsuldarlığın artması ilə əlaqələndirsə də, digərləri idxal və ya istehsal xərclərində dəyişikliklərin təsir etdiyini düşünür.
Bakupost.az xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli keçən il qiymətlərin çox baha olduğunu deyib.
“Bu il isə əkənlərin sayı artıb. Çox güman ki, ucuzlaşma bununla bağlıdır. Digər tərəfdən, əvvəllər məhsulun böyük hissəsi Rusiyaya göndərilirdi. Xaricə ixrac yüksək idi. İndi isə Rusiyanın özündə, xüsusilə Krasnodar vilayətində böyük çiyələk plantasiyaları salınıb. Bu səbəbdən ora göndərilən məhsulun həcmi azalıb. Nəticədə daxili bazarda bolluq yaranıb. Qiymətlər də ucuzlaşıb. Amma bu o demək deyil ki, gələn il də vəziyyət eyni olacaq. Əksinə, bu il gözlədikləri qazancı əldə etməyən fermerlər var. Onlar çox güman ki, gələn il daha az çiyələk əkəcəklər. Bu isə növbəti mövsümdə qiymətlərin yenidən artmasına səbəb ola bilər. Yəni bu proses müəyyən bir sikl üzrə təkrarlanır. Bu da plansızlıqdan irəli gəlir. Eyni zamanda mərkəzləşdirilmiş məhsul bölgüsünün olmaması ilə bağlıdır”.
Məsələnin digər tərəfi isə xarici bazarlarda yaranan yeni vəziyyətlə bağlıdır. Əvvəllər Azərbaycanın çiyələk ixracında əsas payı Rusiya bazarı tuturdu. Lakin hazırda şimal qonşumuzun daxili istehsal gücü artıb. Xüsusilə Krasnodar vilayətində nəhəng çiyələk plantasiyalarının salınması Azərbaycandan gedən məhsulun həcmini azaldıb. Xaricə çıxarıla bilməyən tonlarla çiyələk daxili bazara yönəlib və nəticədə böyük bolluq yaranıb.
Natiq Cəfərli vurğulayıb ki, mövcud ucuzlaşma müvəqqəti xarakter daşıya bilər. Hazırda bazarlarda canlanma davam etsə də, fermerlərin növbəti il üçün tərəddüdləri qiymət balansının hər an dəyişə biləcəyindən xəbər verir.
Qısası, bazarda çiyələyin ucuzlaşması əkin sahələrinin artması və Rusiyaya ixracın azalması ilə bağlıdır, lakin bu vəziyyət fermerlərin gəliri azaldığı üçün gələn il yenidən bahalaşmaya yol aça bilər.