Azərbaycanda son illər doğum səviyyəsinin azalması və demoqrafik artım tempinin zəifləməsi müzakirə olunan əsas sosial məsələlərdən birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, ailələrin sosial müdafiəsinin gücləndirilməsi və çoxuşaqlı ailələr üçün əlavə güzəştlərin tətbiqi bu tendensiyanın qarşısının alınmasına töhfə verə bilər. Belə təkliflərdən biri də hazırda yalnız beş və daha çox uşaq böyütmüş analara şamil edilən erkən pensiya hüququnun üç uşaq böyütmüş analara da verilməsidir.
Bəs bu yanaşma demoqrafik vəziyyətin yaxşılaşmasına təsir göstərə və gələcəkdə qanunvericilikdə belə bir dəyişiklik gündəmə gələ bilərmi?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahatlıq doğuran tendensiyalar dövlət səviyyəsində ciddi tədbirlər görülməsini zəruri edir deyib.
Onun sözlərinə görə, son vaxtlar əhalinin artım tempinin zəifləməsi ilə bağlı müxtəlif statistik məlumatlar açıqlanır və bu, ciddi narahatlıq yaradır.
“Demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində xüsusi proqram həyata keçirilməlidir. Hesab edirəm ki, hazırda beş uşaq böyütmüş anaların 60 yaşında pensiyaya çıxması da yüksək həddir. Bu yaş 55-ə endirilməlidir. Eyni zamanda, güzəştin yalnız beş uşaq deyil, üç uşaq böyütmüş analara da şamil edilməsi məqsədəuyğun olardı”, – deyə o, bildirib.
A.Nağının fikrincə, bir neçə uşaq böyüdən analar uzun illər böyük zəhmət və məsuliyyət daşıyırlar ki, bu da onların sağlamlığına və həyat keyfiyyətinə təsirsiz ötüşmür.
“Üç uşaq böyüdərək cəmiyyətə qazandıran ana əslində dövlət və cəmiyyət qarşısında mühüm missiyasını yerinə yetirmiş olur. Bu xidmət qiymətləndirilməlidir. Dövlətin üzərinə müəyyən əlavə maliyyə yükü düşsə belə, hesab edirəm ki, ölkəmiz bunun öhdəsindən gələ bilər”, – deyə partiya sədri vurğulayıb.
Akif Nağı hesab edir ki, belə bir güzəşt həm anaların sosial müdafiəsinin gücləndirilməsinə, həm də ölkədə doğum səviyyəsinin artmasına müsbət təsir göstərəcək. Onun sözlərinə görə, çoxuşaqlı ailələrin stimullaşdırılması gələcəkdə demoqrafik problemlərin aradan qaldırılmasına da töhfə verə bilər.