Ceyhun Bayramov Pakistan Prezidenti ilə görüşdü

Pakistana rəsmi səfəri çərçivəsində 14 yanvar 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Pakistan Prezidenti cənab Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb və Azərbaycan dövlət başçısını Pakistanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.

Cənab Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırlayaraq, Azərbaycan dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.

Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Pakistan dövlət başçısının diqqətinə çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.

Azərbaycanın işğal edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.