Ru
14:36 / 20 İyun 2026

CNN-nin dezinformasiyası, Aqarunov təxribatı və xarici ideoloji təsirlər

CNN-nin dezinformasiyası, Aqarunov təxribatı və xarici ideoloji təsirlər
Eye

Bu gün tez-tez eşitdiyimiz və bir çox hallarda razılaşdığımız bir ifadə var: müasir dünyada müharibələr artıq yalnız tanklar, raketlər və ordular vasitəsilə aparılmır. Təəssüf ki, XXI əsrin ən təhlükəli qarşıdurma formalarından biri də informasiya və ideoloji təsir müharibəsidir. Dövlətlər rəqib ölkələrin cəmiyyətinə təsir göstərmək, ictimai rəyə yön vermək, daxili sabitliyi zəiflətmək və strateji qərarlara təsir etmək üçün media, sosial şəbəkələr, dini platformalar, QHT-lər və müxtəlif ideoloji alətlərdən istifadə edirlər. Təbii ki, indiki mürəkkəb dünyamızda və çətin qonşularımızla Azərbaycan da bu prosesdən kənarda deyil.

Azərbaycanın coğrafi mövqeyi, çoxetnoslu strukturu və regiondakı geosiyasi balansı onu xarici ideoloji təsirlər üçün həssas ölkələrdən birinə çevirir. Xüsusilə İran və Rusiyanın uzun illərdir davam edən informasiya və ideoloji fəaliyyəti artıq lokal təbliğat mərhələsini keçərək sistemli təsir mexanizminə çevrilib. Bu fəaliyyətin əsas məqsədi isə etnik və dini məsələləri gündəmdə saxlamaq, dövlət-vətəndaş münasibətlərinə - sabit etnomühitə şübhə toxumu səpməkdir.

Son günlər sosial media platformalarının Azərbaycan seqmentində İran və İranpərəst hesablar Azərbaycanın İsrailin İrana qarşı əməliyyatlarında iştirak etdiyi barədə iddiaları yenidən gündəmə gətiriblər. Paylaşımlarda “Albert Aqarunov yalanı puç oldu” kimi ifadələrdən istifadə olunub, onun həyatı və fəaliyyəti isə “saxtakarlıq” kimi təqdim edilib (Facebook- AzməmləkətimTR - //www.facebook.com/groups/935086836895964/. Bu paylaşımlarda istifadə olunan üslub və ritorika İsraillə münasibətlərinə görə Azərbaycanı hədəf alan daha geniş İranpərəst tezislərin tərkib hissəsi kimi qiymətləndirilir (//www.youtube.com/watch?v=Mj8gjzeCyBE).

Bakıda doğulmuş dağ yəhudisi A.Aqarunov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri kimi xidmət göstərib və 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, Bakının Şəhidlər Xiyabanında Azərbaycan və İsrail bayraqları altında dəfn edilib. Adına məktəb verilib, həmçinin Bakının rayonlarından birində onun xatirəsinə abidə ucaldılıb.

A.Aqarunov haqqında təxribat xarakterli paylaşımlar azərbaycanlı şərhçilər və Azərbaycan yəhudi icmasının nümayəndələri tərəfindən mərhum Milli Qəhrəmanın nüfuzuna xələl gətirmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilib. Bu paylaşımlar sosial şəbəkə istifadəçilərinin də tənqidinə səbəb olub və onların əksəriyyəti Albert Aqarunovu Azərbaycanın milli qəhrəmanı kimi dəyərləndirməyə davam edib.

Belə təxribatçı fəaliyyətlər iyunun 5-də CNN-in anonim mənbələrə istinadən yaydığı reportajdan sonra daha da intensivləşib. Həmin reportajda İsrail Müdafiə Qüvvələrinin komandosları, kəşfiyyat əməkdaşları və Mossad agentlərinin İranla müharibə dövründə Cənubi Azərbaycan ərazisindən fəaliyyət göstərdiyi iddia olunurdu. Materialda İsrailin mümkün fəaliyyətinin kəşfiyyat məlumatlarının toplanması, pilotsuz uçuş aparatlarının istifadəsi və İranın şimal sərhədləri yaxınlığında ehtimal olunan xilasetmə əməliyyatları ilə əlaqəli olduğu bildirilirdi.

Azərbaycan tərəfi isə bu iddiaları qəti şəkildə təkzib edib. Rəsmi qurumlar yayılan məlumatların əsassız olduğunu bildirərək vurğulayıblar ki, Azərbaycan öz ərazisinin hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya üçüncü dövlətlərə qarşı düşmənçilik məqsədləri üçün istifadəsinə heç vaxt icazə vermir.

Lakin nə hikmətdirsə bəzi xarici ideoloji mərkəzlər bu reallığı qəbul etmək istəmir. Onların əsas strategiyası Azərbaycandakı etnik müxtəlifliyi zəif nöqtə kimi təqdim etmək və bu zəmin üzərindən təsir imkanları yaratmaqdır. Son illərdə İran və Rusiya mənşəli media resurslarında “Azərbaycanda etnik azlıqlar sıxışdırılır”, “Milli kimliklər məhv edilir”, “Etnik qruplar assimilyasiyaya məruz qalır” kimi tezislərin sistemli şəkildə gündəmə gətirilməsi də təsadüfi deyil.

Bu ideoloji təsirlərin əsas hədəf auditoriyası sərhəd rayonlarında yaşayan etnik icmalar və xüsusilə gənclərdir. Çünki sosial şəbəkələrdə ən aktiv təbəqə məhz 16-35 yaş arası insanlardır. Xarici təsir mərkəzləri də məhz bu auditoriyanın emosional və sosial boşluqlarından istifadə etməyə çalışırlar.

Azərbaycanın cənub bölgəsi - Lənkəran, Astara, Lerik və qismən Masallı rayonları İran ideoloji təsirinin əsas istiqamətlərindən biridir. Bu regionda talışların kompakt yaşaması və sərhədin o tayında - İranın Gilan vilayətində də talış icmasının mövcudluğu Tehran üçün ideoloji manipulyasiya imkanları yaradır. İrana - SEPAH-a məxsus “Səhər Azəri” kanalı (İnqilab Keşikçiləri Korpusu) vasitəsilə talış mövzusunu siyasiləşdirməyə çalışır. Verilişlərdə Azərbaycanda talışların guya hüquqlarının pozulduğu iddia edilir, “Bakı hakimiyyəti”nə qarşı neqativ fon yaradılır. Maraqlıdır ki, İranın Azərbaycana yönəltdiyi ittihamların əksəriyyəti elə İranın öz daxilində mövcuddur. İranda talış dilində sistemli təhsil yoxdur, media fəaliyyəti məhduddur, etnik fəallar isə tez-tez “separatçı” damğası ilə təqiblərə - həbslərə məruz qalır, “dar ağacından” sallandırılırlar. Eyni vəziyyət milyonlarla Azərbaycan türkü üçün də keçərlidir. Ana dilində təhsil hüququnun olmaması, milli kimliyin “pantürkizm” adı altında təhlükə kimi təqdim edilməsi İranın daxili siyasətinin əsas problemlərindən biridir.

Buna baxmayaraq, İran Azərbaycanda etnik mövzuları qabartmaq üçün ciddi media və sosial şəbəkə (təxminən 400-ə qədər hesab) resursları ayırır. “Səhər Azəri” yalnız televiziya vasitəsilə deyil, Telegram, Instagram, YouTube və WhatsApp qrupları üzərindən də ideoloji təsir şəbəkəsi formalaşdırır. Bu platformalarda məqsəd təkcə etnik məsələləri gündəmə gətirmək deyil, həm də Qərbə, İsrailə və ümumilikdə Azərbaycanın xarici siyasət kursuna qarşı neqativ münasibət yaratmaqdır.

Rusiyanın yanaşması isə fərqli olsa da, məqsəd oxşardır. Kremlin informasiya strategiyası əsasən şimal bölgələrində yaşayan etnik qruplar üzərində qurulur. Ləzgilər, avarlar, saxurlar və digər Nax-Dağıstan xalqları ilə bağlı mövzular rusdilli media seqmentində vaxtaşırı gündəmə gətirilir. “Sputnik”, RİA, TASS, “Tsarqrad” və “Solovyov Live” kimi platformalarda “Azərbaycanda azlıqlar sıxışdırılır”, “Ləzgilər öz müqəddəratını təyin etməlidir” kimi manipulyativ tezislər dövriyyəyə buraxılır.

Dağıstandakı bəzi Telegram kanalları və “V Kontakte” qruplarında Qusar, Quba və Xaçmazın “tarixi ləzgi torpaqları” kimi təqdim edilməsi, saxta xəritələrin yayılması və emosional çağırışların edilməsi informasiya sabotajının elementləridir. Məqsəd Azərbaycanda etnik münasibətləri siyasi qarşıdurma predmetinə çevirmək və cəmiyyətdə şübhə yaratmaqdır.

Şimal-qərb bölgəsi də ideoloji təsir baxımından həssas zonalardan hesab olunur. Balakən, Zaqatala və Qax rayonlarında avarlar, saxurlar, gürcülər və ingiloylar yaşayır. Xarici media resursları bu bölgələri “etnik müxtəlifliyin təzyiq altında olduğu ərazi” kimi təqdim etməyə çalışırlar. Halbuki həmin icmalar Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir.

Ən ciddi problemlərdən biri isə xarici ideoloji təsirlərin artıq yalnız televiziya və klassik media ilə məhdudlaşmamasıdır. Sosial şəbəkələr, anonim Telegram kanalları, TikTok videoları və YouTube bloqları vasitəsilə manipulyativ məzmun saniyələr ərzində minlərlə insana çatdırılır.

Azərbaycanın əsas üstünlüyü onun çoxetnoslu və multikultural cəmiyyət modelidir. Xarici ideoloji təsirlərin uğur qazanmasının qarşısını alan ən güclü faktor məhz cəmiyyət daxilindəki birlik və qarşılıqlı etimaddır. Bu etimad qorunduğu müddətdə xaricdən idarə olunan manipulyativ kampaniyaların uzunmüddətli nəticə əldə etməsi mümkün olmayacaq.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Niyaz NİFTİYEV

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar