Qlobal dənizçilik balansı sürətlə dəyişdiyi bir vaxtda Çin dünyanın ən böyük hərbi dəniz donanmasını formalaşdıraraq okeanlardakı təsirini artırır.
Bakupost.az xəbər verir ki, analitiklərə görə, Pekinin dənizlərdə yüksəlişi Çin-ABŞ strateji rəqabətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Hazırda Çin 120-dən çox ölkənin ən böyük ticarət tərəfdaşıdır. Xarici ticarətinin 90 faizdən çoxunu dəniz yolu ilə həyata keçirən ölkə, neft idxalının təxminən 80 faizini də dəniz marşrutları vasitəsilə təmin edir. Buna görə də dəniz yollarının təhlükəsizliyi Pekin üçün iqtisadi məsələ ilə yanaşı, milli təhlükəsizlik məsələsi hesab olunur.
Çin rəhbərliyi Tayvanı yalnız siyasi birlik məsələsi kimi deyil, həm də ölkənin dəniz strategiyasının əsas elementi kimi qiymətləndirir. Eyni zamanda, Cənubi Çin dənizi dünya ticarətinin mühüm hissəsinin keçdiyi strateji bölgə hesab olunur.
1949-cu ildə Çin Xalq Respublikası qurularkən donanmanın əsas vəzifəsi sahillərin müdafiəsi idi. Lakin 1980-ci illərdə “müasir Çin donanmasının atası” adlandırılan admiral Lyu Xuatsin tərəfindən hazırlanan “yaxın dənizlərdə aktiv müdafiə” doktrinası ölkənin dəniz strategiyasında dönüş nöqtəsi oldu.
1990-cı illərdə Tayvan boğazındakı gərginlik və ABŞ-ın bölgədəki hərbi mövcudluğu Çinin donanmasını sürətlə modernləşdirməsinə səbəb oldu. Pekin bu dövrdə Rusiyadan “Kilo” sinifli sualtı qayıqlar aldı, yeni nüvə sualtı qayıq proqramlarına başladı və müasir esmineslərlə freqatların istehsalına sərmayə yatırdı.
2000-ci illərdən sonra iqtisadi yüksəlişlə birlikdə hərbi dəniz qüvvələrinə ayrılan vəsait daha da artdı. Hu Szintao dövründə yerli döyüş gəmilərinin istehsalı genişləndirildi, Si Cinpin hakimiyyətə gəldikdən sonra isə Çinin 2049-cu ilə qədər qlobal hərbi gücə çevrilməsi hədəfi elan edildi.
Son illərdə onlarla yeni sualtı qayıq, esmines və freqat xidmətə qəbul olunub. Çin donanması hər il orta hesabla 16,5 yeni döyüş gəmisi əldə edib və gəmi sayına görə dünyanın ən böyük hərbi donanmasına sahib ölkəyə çevrilib.
Məlumata görə, 2025-ci il etibarilə Çin Hərbi Dəniz Qüvvələrinin tərkibində 234 döyüş gəmisi olduğu halda, ABŞ Hərbi Dəniz Qüvvələrində bu göstərici 219-dur. Bununla belə, ümumi tonnaj və atəş gücü baxımından ABŞ hələ də üstünlüyünü qoruyur.
Röya Rizvanzadə, BakuPost