Ru
10:56 / 11 Yanvar 2021

“Divan müxalifəti” İlham Əliyevi hədəfə alıb - Adil Əliyev

13564
Adil Əliyev
Milli Məclisin vitse-spikeri

Azərbaycan ordusu müharibədə şanlı zəfər qazandı, xalqımız birlik nümayiş etdirdi və bütün bunlar cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqları sayəsində reallaşdı. Cənab Prezident hər zaman deyirdi ki, qarşıya qoyulan bütün hədəflərə çatmışıq, bircə işğala son qoymalıyıq. Bunun üçün iqtisadiyyatımız və ordumuz gücləndirildi, müxtəlif hərbi texnika alındı və beləcə müqəddəs günə yaxınlaşdıq. Prezident və ona inanan cəmiyyət hədəfinə 44 gün ərzində çatdı. 4-5 ay əvvələ qədər heç kim qısa zamanda torpaqlarımızın, o cümlədən Şuşanın azad olunacağını xəyal belə etmirdi. Xəyal gerçək oldu, prezident müharibə günlərində açıq dedi ki, Şuşa azad olunmadan işimiz yarımçıq qala bilər. Prezident verdiyi vədi yerinə yetirdi və işimiz yarımçıq qalmadı, qəhrəman hərbçilərimiz Şuşaya dağlardan dırmaşaraq düşməni məğlubiyyətə uğratdı.
Ancaq indi bəziləri yendən fəallaşaraq müharibə zamanı düşüncələrindəki “yarımçıq qalmış” işlərinə qaldıqları yerdən davam etməyə başlayıblar. Söhbət radikal müxalifətdən, onun əsas “gücü” olan anti-milli şuranı idarə edənlərdən gedir. Onlar arda-arda müsahibələr verir, Prezidenti və dövləti hədəf alıblar. Biri vətən və millətdən danışdığı halda Amerikadan geri qayıtmaq istəmir, müharibə günlərində göl qıraqlarından, qatıldığı məclislərdən şəkillər paylaşır, digəri isə həmişəki kimi evindən hamıya ağıl qoymağa çalışır. Anlamırlar ki, düşmənlə məsələmiz hələ bitməyib, torpaqlarımızı azad etdikdən sonra yerdə qalan separatçıları tam tərksilah etməliyik, separatçıların xarici havadarlarıyla da mübarizəmiz davam edir. Ancaq oturduqları evlərdən və xaricdəki ofislərindən saatlarla müsahibə verən antimilli ünsürlər xalqı bölməyə və təxribatlarını genişləndirməyə çalışırlar. Biri deyir ki, müharibədə onun rəhbəri olduğu partiyanın nümayəndələri də iştirak edib, kiminsə evinə yardım aparıb və s. Birincisi, müharibədə xalqın bütün övladları iştirak edib, hərbçilərimizdən hansı siyasi hərəkatın üzvü olub-olmadığı soruşulmayıb. Çünki, bu vətən müharibəsiydi, vətən isə hamımızındır. Radikal müxalifətin liderləri isə üzvlərinin müharibədə iştirak etdiklərini qabartmaqla sanki uğurda onların da payı olduğunu deməyə çalışırlar. O ki qaldı, paylanılan yardıma, bunu da dövlətin müvafiq strukturlardan və Heydər Əliyev Fondundan çox edən yoxdur.
Cənab Prezidentin dediyi kimi, Azərbaycanda siyasi islahatlar uğurla davam edir, müxalifətin bir hissəsi parlamentdə təmsil olunub, digər hissəsi ilə də təmaslara ara verilmir, istək və arzuları dinlənilir. Bunun nəticəsidir ki, parlamentdən kənarda qalan müxalifət partiyalarının qeydiyyatı həll olunub, onlara çalışmaları üçün ofislər ayrılıb.
Bəs özünü digər müxalifət partiyalarından üstün sayan radikallar nə ediblər?
Hakimiyyətin dialoq çağırışına reaksiya vermədilər, sentyabrın 29-da siyasi partiyaların müharibəylə bağlı birgə bəyanatına qoşulmadılar. Həmin gün siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanat qəbul edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini bildirdilər. Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi. Ancaq müxalifətin azsaylı radikal hissəsi bu mədəniyyətin tərkib hissəsi olmaq istəmədi, yenə özlərini başqalarından “üstün” saydılar. İndi isə həmin radikallar yenidən “divan müxalifətinə” çevrilərək evlərindən və xaricdəki ofislərindən hamıya ağıl öyrətməyə çalışırlar. Keçməz. Xalq gerçək qəhrəmanlarını da tanıyır və onları dəyərləndirir, onlara qara yaxmaq istəyənlərin də niyyətlərini anlayır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər