10:02 / 25 Noyabr 2021

Dublyaj aktyoru üsyan etdi: “Kinoteatrlar Azərbaycan dilini məhv etməklə məşğuldur” - MÜSAHİBƏ

4063
Tanınmış dublyaj aktyoru, teleaparıcı Emin Nəsirli BakuPost.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Ana dili son illərin aktual mövzularından olduğu və tez-tez sosial şəbəkədə bu barədə paylaşımlar etdiyiniz üçün düşündüm ki, bu barədə bir canlı söhbət edək. Dilimizin saflığının qorunmasına sizin sahənizdə nə dərəcədə əməl olunur?

Ümumiyyətlə, sizi ən çox narahat edən məsələ nədir bu mövzuda?


- Günel, çox əhəmiyyətli bir mövzuya toxundunuz. Doğru qeyd etdiniz ki, mütəmadi olaraq sosial şəbəkədəki hesabımdan bu mövzuda paylaşımlar edirəm. Amma daha geniş müstəvidə işıqlandırılmasına və artıq öz həllini tapmasına ehtiyac duyulan çox əhəmiyyətli bir problemə də toxunmaq istəyirəm. Bu gün dublyaj sahəsində də aktual və həssas bir mövzuya çevrilib bu məsələ. Artıq illərdir Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda əcnəbi sitehsalı olan filmlərə ya rus dilində, ya da elə öz orijinal dilində baxmaq imkanı var, amma Azərbaycan dilində yoxdur. Yaxşı sual çıxır ortaya. Bu gün Azərbaycan dilli əhali mədəni istirahətini harada etsin? Kinoteatrda gəlib bir söz belə başa düşmədiyi rus, ingilis dilində filmlərə baxaraqmı keçirməlidir zamanını? Yaxud da nəzarət olunmayan, əndrabadi formada olan subtitirlarla baxmalıdır. Belə çıxır ki, kinoteatrlar Azərbaycanda ancaq rusdilli əhaliyə xidmət göstərir? Bu gün yerli kinoteatrlar mədəni şəkildə Azərbaycan dilinin məhvi, rus dilinin təbliği ilə məşğuldur. Dolayı yol ilə əhaliyə təlqin edirlər ki, apar uşağını qoy rus bölməsinə. Bəli bu gün Azərbaycan tolerant, dünyəvi bir dövlətdir. Amma hər şeyin bir əndazəsi var. Mən niyə öz ölkəmdə kinoteatra girəndə böyük ekranda rus bayraqları və rus dili qarşılaşmalıyam? Halbuki mən orda böyük ölçüdə Azərbaycan bayrağı görməliyəm.


- Bildiyim qədəriylə əvvəllər kinoteatrlarda filmə baxmaq üçün dil seçmək imkanı var idi.

- Bəli, əvvəllər yaxşı-pis var idi. Amma sonra tamamilə yığışdırdılar. Hətta sonra guya, Azərbaycan dilində filmlərə maraq oyatmaq məqsədilə bir yol düşündülər. Bir sözlə çevirdilər bu məsələni biznesə. Biznesə çevirəndə nə alındı? Hansısa bayağı, içi söyüşlə dolu, komediya filmlərini dublyaj edib bizim gənclərə təqdim etməyə başladılar. Yenə də nəticədə Azərbaycan əhalisi, gəncliyi heç nə qazanmadı. Bu gün kinoteatrlara, mədəni istirahət yerlərinə kimlər gedir? Daha çox düşünə bilən, intellektual səviyyəsi yüksək olan gənclik gedir. Azərbaycanın intellektual səviyyəsi yüksək olan gəncliyinə həmin bayağı, məhəllə söhbətləri ilə zəngin filmlər zövq verə bilməz axı. Bu gün özümüzdə o tip komediya filmləri yetərli qədər var. Məntiqli-məntiqsiz komediya-komediya dalınca çəkilir. Amma bizim bu saat gülən, lağ-lağa edən vaxtımız deyil. Düşünməli vaxtımızdı. Bunlar Azərbaycan tamaşaçısını hansı səviyyədə görür.

- Kimlər var bu işlərin başında heç maraqlanmısınızmı? Birbaşa bu məsələlərlə aidiyyəti olanlar kimdir?

- Bu saat hansını danışdırsan yıxacaq bir-birinin üstünə. Bu yaxınlarda İctimai Televiziyada bu məsələyə toxunmuşdular. Hasısa kinoteatrlarla əlaqəli olan şəxs çıxıb dedi ki, bu bizlik deyil. Gətirdiyi arqument bu oldu ki, filmlərə Azərbaycan dilində tələbat olmadığına görə öz orijinal dilində xaricdən almaq sərf etmir. Təsəvvür edirsən pul xərcləməyin dərdindən Rusiyadan rus dilində dublyaj olunmuş versiyaları alırlar. Azərbaycanda Dil Komissiyası var. Bu məsələ birbaşa olaraq Dil Komissiyasının marağında olan məsələ olmalıdır. Bəs Dil Komissiyası nə üçün yaradılıb?

Cənubi Azərbaycana getdim küçədə hər 5 nəfərdən 3-ü türk dilində danışır. Gürcüstanda nə qədər Azərbaycan türkləri var. Kilometrlərlə ərazidə türk dili bitmir. Necə ola bilər ki, bizim dilimizə tələbat olmasın? Kim ki, bunun marağında deyil, o mənə görə Azərbaycanın düşmənidir. Tehrandan Təbrizə, İsfahandan Kərkükə, Gürcüstan, Dağıstan hamı Azərbaycan türkcəsində danışır.


- “Kinoteatrların dublyaja əhəmiyyət verməməsi həm də dublyaj aktyorları üçün məhdudiyyət yaradıb” demək olarmı?

- Birmənalı şəkildə. Dublyajın da öz texnikası var. Məsələn, televiziya kanalında nümayiş olunacaq filmin dublyajında dublyaj aktyoru sürətli olmalıdır. Bu gün çox gözəl səslər var. Amma kim texniki tərəfdən güclüdürsə, o insanlar müəyyən qədər baş çıxarır. Amma insan var gözəl səsi var, obraz da yarada bilir, amma informasiyanı qavrayıb mətni səsləndirməsi ləng gedir. Digər bir aktyor informasiyanı tez qavrayır tez də səsləndirir. Televiziya üçün dublyajda sürət əsas şərtdir, amma kinoteatrlarda elə deyil. Orda bir arxayınlıq və ləzzətlə işləmək var. Zaman boldur. Bu gün yerli kinoteatrlar mən və mənim kimi neçə ildir, ömrünü bu işə sərf edən, təcrübəli insanları bundan məhrum edib.


- Yerli kinoteatrlara dublyaj üçün xüsusi maliyyə ayrılıbmı?

- Dilimizin inkişafı və saflığı məsələsi haqqında 90-cı illərdə Heydər Əliyev, 2000-ci illərdə isə İlham Əliyev qanun qəbul etdi ki, Azərbaycan televiziyalarında , Azərbaycan dilindən başqa heç bir əcnəbi dildə film yayımlana bilməz. Ondan sonra Azərbaycanda dublyaj komandası formalaşdı. Yaxşı, normal, pis fərqi yoxdur, əsas olan odur ki, formalaşdı. Mükəmməl olması üçün artıq kinoteatrlarda dediyim bu məsələ öz həllini tapmalıdır ki, bu iş daha da peşəkarlaşsın, dilimiz daha gözəl və yüksək səviyyədə təbliğ olunsun. Bildiyim qədəriylə həmin məqamda kinoteatrlara müəyyən maliyyə dəstəyi ayrıldı. Amma dəqiq bilmirəm bu maliyyə hardan ayrıldı. Bircə onu bilirəm ki, çox pullar israf olundu.

- Necə bir israfçılıqdan gedir söhbət: filmlərin alınması, yoxsa dublyaj sahəsində?

- Tutaq ki, 500 manata həll oluna biləcək iş 2000-nə başa gəlirdi. Ona görə də ortaya nə keyfiyyət çıxırdı, nə kəmiyyət. Çünki işə hobbi, biznes kimi yanaşdılar. Mən həmişə deyirəm Azərbaycan dili biznes qurmaq üçün vasitəçi olmamalıdır. Biznes qurmaq istəyirsən, get xaricdən telefon gətir sat. Dili əcaib şəkilə salıb ondan daha çox pul qazanmaq istəyən insanlar gecə necə rahat yata bilir? Dili mükəmməl, kübar şəkildə təqdim etməklə təbliğ etmək lazımdır. Şükürlər olsun ki, bu gün Azərbaycan dilində kübar danışan, sözləri doğru şəkildə tələffüz edən aktyorlarımız da var. Azərbaycan dili tək Azərbaycanda deyil regionda geniş vüsət almalıdır. Çünki bu dildə danışan milyonlarla insan var. Biz əgər buna çalışsaq, Azərbaycan dilində artıq hər kəs təhsil almağı labüd biləcək. Kərkükdən, Cənubi Azərbaycandan bura qonaqlar gəlir. Nə etsinlər, onlar gedib kinoteatrlarda rus dilində baxsınlar filmlərə? Gəlib burda öz dilini bədii, qrammatik şəkildə görmək istəyən o azərbaycanlılara niyə əcnəbi dildə film təqdim etməliyik? Yenə Dağıstandan gələnlər rus dilini bilir. Amma İraqdan, İrandan gələn azərbaycanalılar türk dilindən başqa dil bilmir. Sonra gedib pisləyirlər bu vəziyyəti ki, öz vətəninizdə rus dilində danışırsınız.

- Dublyaj sahəsindəki problemlər zaman-zaman gündəmə gələn mövzulardandır. Tez-tez sosial şəbəkələrdə də Azərbaycanda filmlərin keyfiyyətsiz, bayağı tərcümə və dublyajı müzakirələrə səbəb olur. Dublyajın keyfiyyətinin artmasına nə mane olur bu gün?

- Ümumiyyətlə, hər şeyin orijinalı gözəldir. İstənilən məhsulun ikinci-üçüncü əli, yaxud da, nüsxəsi əlbəttə, orijinalı kimi qane etmir heç kimi. Razıyam ki, müəyyən televiziya kanallarında bayağı tərcümələr, bayağı səsləndirmələr var. Amma etiraf edək ki, on il bundan əvvəl vəziyyət daha bərbad idi axı. Bu gün rəqabət yarandı. Məsələn, Dalğa televiziyası açılandan sonra dublyajın keyfiyyəti xeyli artmışdı. ANS-in dublyajları necə keyfiyyətli olurdu. Bu arada onu da qeyd edim ki, mənim dublyaj sahəsində ilk işlərim ANS telekanalında olub. Bu işə ordan başlamışam. Bu gün də Dövlət televiziyasında, İctimai kanalda, Xəzər televizyasında kifayət qədər keyfiyyətli materiallar təqdim olunur. Televiziyalarda nümayiş olunan dublyaj filmlərindən o filmlərə orijinal dildə baxan tamaşaçı narazılıq edə bilər. Bu da çox normal haldır.

- Türk seriallarının filmlərinin dublyaj olunması ilə bağlı da zaman-zaman tənqidlər səslənir. Hətta 2009-cu ildə MTRŞ bu qanunu təsdiqləyəndə Milli Məclisdə də, ziyalılar tərəfindən də geniş müzakirə olunmuşdu. Bu gün bəlkə də bayağılıq ifadəsi ən çox türk dilində olan filmlərin dublyajına şamil olunur. Bu barədə sizin düşüncəniz necədir: türk filmlərinin Azərbaycan dilində dublyajına ehtiyac varmı?

- Mən Turan sevdalısıyam. Hətta bizim ortaq türkcəmizin də yaranmasını bütün qəlbimlə istəyirəm. Amma hələ ki bunun üçün tezdir. Başqa proseslər baş verməlidir bunun yaranması üçün. Hələ Orta Asiyanın türkdilli dövlətləri var ki, heç kiril əlifbasından xilas olub latına keçməyib. Halbuki artıq Orxon Yenisey yazıları tətbiq olunmalıydı mənə görə. Macarıstan kökü türk olduğu üçün artıq bunu tətbiq edir. Amma bu gün Azərbaycan türkcəsi Azərbaycanın rəsmi dilidir. Bundan çıxış edərək haqq qazandırıram bu qərara. Dil Komissiyasının, Mədəniyyət Nazirliyinin, dövlət rəhbərliyinin əmri var. Azərbaycan dilinin saflığı və inkişafında durmadan səy göstərmək və çalışmaq lazımdır. O sahələrdən biri də dublyaj sahəsidir ki, hər bir film Azərbaycan türkcəsində səsləndirilməlidir və ya altda subtitr getməlidir. Azərbaycan tamaşaçısı Azərbaycan televiziyasında, kinoteatrlarında əcnəbi filmlərə məhz Azərbaycan dilində baxmalıdır. Bəli, Azərbaycan dili ilə türk dili ortaq dildir. Amma hər dövlətin öz qaydaları var və bu qaydalara əməl olunmalıdır.



- Son illər ölkədə tez-tez gündəmə gələn mövzulardan biri də Azərbaycanda orta məktəblərdə rus dili bölməsi olsun olmasın mövzusudur. Siz necə düşünürsüz bu barədə?

- Mən də o fikirdəyəm ki, Azərbaycanda məktəblərdə rus dili bölmələri yığışdırılmalıdır. Rus dili sadəcə fənn kimi keçilməlidir. Biz Azərbaycanda yaşayırıq. Rusiyada dövlət məktəblərinin hansında Azərbaycan dili bölməsi var? Bizdə niyə olmalıdır? Mən başa düşürəm 70 illik tariximiz var və s. Amma keçdi getdi. İndi İmperiya yoxdur. Biz 30 ildir müstəqil bir dövlətik. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Amma ölkənin yarıdan çoxu rus dilində danışır. Şəhərə çıxanda adam dik atılır. Azərbaycan dili dövlət dili olduğuna görə rus dili ikinci, üçüncü dərəcəli dil olmalıdır. Mən ana dilimlə bərabər səviyyədə dayanan ikinci bir dili görmək istəmirəm. Mən ölkəmdə Azərbaycan dilinin bir nömrəli dil olmasını arzu edirəm. Hansısa ticarət mərkəzində azərbaycanlı uşaqların, gənclərin rus dilində danışdığını eşidəndə qıcıqlanıram. İranda 40 milyon azərbaycanlı yaşayır. Hətta türk dili fars dili ilə eyni bərabərlikdə dayanır. Çünki türklər farslardan çoxdur orda. Amma bir dənə Azərbaycan dilində məktəb yoxdur. Mənim dövlətimdə niyə rus dilində məktəb olmalıdır?

- Emini həm də müğənni kimi tanıyırıq. Amma o sənətdə də qalıcı olmadınız.

- İncəsənətin müəyyən sahələri mənim üçün həmişə maraqlı olub. Müğənni kimi hələ lap məktəb yaşlarımdan fəaliyyət göstərmişəm. “Pöhrə”, “Gənclik 97” kimi müsabiqələrdə iştirak edirdim. Sonra hətta gəlib dövlət konsertlərinə qədər çıxdım. Heydər Əliyevin iştirak etdiyi konsertlərdə çıxış edirdim. Sevil Əliyevanın “Ana” mahnısını daha çox oxuyurdum. Sonra keçid dövründə səsim dəyişdi müğənni olmaq fikrimdən daşındım. Konservatoriyaya yox, Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşdım. Özümü də anlayandan dəftər kitab əlimə nə keçirdisə üzündən oxuyurdum. Nədənsə üzündən oxumağı daha çox sevirdim. Universitetin 3-cü kursunda səsimin məlahətini hiss edib göndərdilər məni “Space” radiosuna. Radioda xəbərlər saatı var idi o vaxt. Bir-iki ay özümü orda sınadım. Gördüm ordakı rəsmiyyət məni sıxır. Mən həmişə sərbəst iş arzulamışam. Dublyaj mənim üçün ən rahat işdir. Sonra elə oldu ki, Cenk İçten Azərbaycanda ilk televiziya mahnı müsabiqəsi olan “Azəri Star” yarışmasını təşkil etdi. O müsabiqədə də deyərdim ki, münsiflərin diqqətini daha çiox aktyorluq performansı göstərməklə, mahnıya uyğun obraza girmək qabiliyyətimlə cəlb etmişdim. Sonra elə oldu ki, ANS-dən dəvət aldım. Dublyaja da elə orda başladım. O gün bu gündür 16 ildir artıq bu işdəyəm.

- Belə başa düşdüm ki, müğənnilikdən tramplin kimi istifadə etmisiz?

- İndi mən ondan istifadə etmişəm, o məndən istifadə edib bilmirəm. Amma nəticə odur ki, hazırda sevdiyim və özümü ən çox görmək istədiyim bir işlə məşğulam. Sadəcə dediyim problemlər həll olsa daha da rahat olaram.

- Problemdən çıxış yolunu nədə görürsüz?

- Bu əlbəttə ki, hansısa özəl şirkətə həvalə olunacaq iş deyil. Sırf dövlətin marağında olan məsələ olmalıdır. Peşəkarlar cəlb olunaraq Azərbaycan dili yüksək səviyyədə təmsil olunmalıdır. İnformasiya düzgün şəkildə verilməlidir. Ən gözəl səslərimiz seçilməlidir. Bir də mən bayaq yuxarıəda qeyd etdim ki, Dalğa televiziyası yarandan sonra Azərbaycanda dublyajın keyfiyyəti xeyli artmışdı. Amma təəssüflər olsun ki, 10 milyonluq əhalisi olan Azərbaycanda cəmi bir qarışıq film kanalı var idi o da bağlandı. Halbuki əhalisinin sayı və ərazisinə görə bizdən xeyli kiçik olan Gürcüstanda ayrıca bədii film, sənədli film, cizgi film kanalları var ki, mütləq xarici filmləri dublyaj edib orda nümayiş etdirirlər. Bu da dövlətin marağında olmalıdır ki, intensiv şəkildə Azərbaycan xalqı öz ana dilində, xüsusilə də öz dilini üstün tutan insanlar var ki, Azərbaycan dilindən başqa dil bilmir onları nəzərə alıb intellektini inkişaf etdirmək üçün onlara səviyyəli materiallar təqdim olunmalıdır. Bunun üçün də ayrıca sənədli film, bədii film, çizgi filmi kanalları yaradılmalıdır. İndi ayrı-ayrı olmasa da heç olmasa Dalğa Tv kimi qarışıq filmlər kanalının olması labüddür.

Günel Musa
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər