Dünyanın ən yaxşı 9 universiteti Bakı məzunu üçün yarışa başladı

  • 20 İyl 2020 14:19
  • 2586 Baxış
Dünyanın ən yaxşı 9 universiteti Bakı məzunu üçün yarışa başladı



Bakı məktəbinin məzunu eyni anda ən yüksək balı toplayaraq 9 nüfuzlu universitetə qəbul olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "BakuPost"a verilən məlumata görə, 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. O, Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin “Tibb” ixtisasına qəbul olub.

İstedadlı məktəblinin uğurları bununla bitmir. S.Nurullayeva, həmçinin 2020-2021-ci tədris ili üçün "Tibbi biologiya" ixtisası üzrə ABŞ-ın və dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Cənubi Florida Universitetində təhsil almaq şansı qazanıb. O, universitet tərəfindən "Yaşıl və Qızıl Prezident" mükafatına layiq görülüb.

Eyni zamanda S.Nurullayeva "Biologiya" ixtisası üzrə ABŞ-ın Müqəddəs Luis Universiteti, Arizona Dövlət Universiteti və Çikaqo Universitetinə qəbul olub.

Eləcə də paytaxt məktəbi məzununun müraciəti Türkiyənin bir sıra nüfuzlu ali məktəbləri tərəfindən müsbət dəyərləndirilib. O, "Malekulyar biologiya və genetika” ixtisası üzrə Türkiyənin Koç, Sabancı və Bilkent universitetlərində, eyni zamanda, “Tibb” ixtisası üzrə Yeditepe Universitetində təhsil almaq hüququ qazanıb.






X