Ru
18:34 / 15 Yanvar 2026

“Əlaqəli olsa, təəccüblənmərəm” – “Aralıq dənizinin Moskvası”nda ölən diplomat, itkin düşən oliqarxla bağlı ŞOK İDDİALAR

“Əlaqəli olsa, təəccüblənmərəm” – “Aralıq dənizinin Moskvası”nda ölən diplomat, itkin düşən oliqarxla bağlı ŞOK İDDİALAR
Eye

Cənubi Kipr Yunan Administrasiyası (CKYA) Rusiyanın kəşfiyyat orqanları ilə əlaqəli olduğu və intihar etdiyi iddia edilən rus diplomat Aleksey Panovun ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bakupost.az “The Guardian”a istinadən xəbər verir ki, istintaqın davam etdiyini bildirən polisin sözçüsü Viron Vironos deyib ki, ekspertizanın ilkin nəticələrinə əsasən, hadisə intihara bənzəyir.

Qəzetin yazdığına görə, Rusiyanın CKYA-dakı səfirliyi 41 yaşlı diplomat tərəfindən yazıldığı iddia olunan intihar məktubunu yunan rəsmilərə təqdim etməkdən imtina edib. Bundan əlavə, polis əməkdaşlarının hadisə yerinə daxil olmasına da icazə verilməyib.

Bildirilir ki, Panovun cəsədi sonradan səfirliyin həyətindən polisə təhvil verilib.

Rusiyanın Kiprdəki səfirliyi yanvarın 8-də “Facebook” səhifəsində diplomatın vəfat etdiyini, ailəsinə lazımi dəstəyin göstərildiyini açıqlasa da, ölüm səbəbi ilə bağlı hər hansı məlumat paylaşmayıb.

Rusiya ilə bağlı yazıları ilə tanınan Berlindəki müstəqil tədqiqatçı Dmitri Kmelnitski səfirliyin “A.V. Panov” kimi təqdim etdiyi diplomatın Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin (QRU) üzvü olduğunu iddia edib. Məqalədə bu məlumatın CKYA-dakı məlumatlı mənbələr tərəfindən də təsdiqləndiyi qeyd olunur.

Kmelnitski “Telegram” kanalında yazıb ki, Panov səfirlikdə casusluq avadanlıqlarının saxlanması və nəzarətinə cavabdeh olub. Jurnalist diplomatın qaçmaq istəməsi ehtimalının da istisna etmədiyini bildirib.

Böyük Britaniyanın tanınmış nəşrlərindən olan “The Sun” isə Panovun tərəf dəyişdirərək qaçmağa hazırlaşdığı üçün səfirlik binasında öldürülə biləcəyini irəli sürüb.
Panovun ölümünün, dünyanın ən böyük kalium istehsalçılarından olan “Uralkali” şirkətinin keçmiş baş icraçı direktoru Vladislav Baumqartnerin itkin düşməsi xəbərlərindən cəmi bir gün sonra baş verməsi də diqqət çəkib.

56 yaşlı rus oliqarxın son dəfə rus miqrantların sıx yaşadığı Limasol şəhərində görüldüyü bildirilir. Yunan Kipri zəngin ruslar üçün sığınacaq kimi tanındığına görə “Aralıq dənizinin Moskvası” adlandırılır.

Bu iki hadisənin bir-biri ilə əlaqəli ola biləcəyi ehtimalları da müzakirə olunur. Yerli polis Baumqartnerin axtarışlarının davam etdiyini bildirir. Hələlik iki hadisə arasında əlaqə yaradan konkret dəlil olmadığı bildirilir.

Adının açıqlanmasını istəməyən qərbli diplomat isə “Bu iki hadisə bir-biri ilə əlaqəli çıxsa, təəccüblənmərəm” deyib. Eyni mövqeni anonim qalmaq şərti ilə danışan Avropa Birliyi diplomatı da bölüşüb.

Digər tərəfdən, vaxtilə Rusiyaya yaxın mövqeyi ilə tanınan CKYA lideri Nikos Xristodulidisin hakimiyyəti korrupsiya ittihamları ilə üz-üzədir.

Yanvarın 9-da yayılan videoda Xristodulidisin 2023-cü il seçki kampaniyasında xərclər üçün nəzərdə tutulan 1 milyon avroluq limiti aşmaq məqsədilə qanunsuz üsullara əl atdığı iddia olunub. Qalmaqaldan sonra onun baş müşaviri Haralambos Haralambus istefa verib.

Ada dövlət rəhbərliyi ittihamları rədd edərək yayılan videoya görə Rusiyanı məsuliyyətli sayıb. Rəsmi Nikosiya iddia edir ki, Ukrayna müharibəsində Kiyevi və Qərb ölkələrini dəstəklədiyinə görə Moskva CKYA-ya qarşı hibrid müharibəsi həyata keçirir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar