Xəbər verdiyimiz kimi, Nemət Pənahlı milli azadlıq hərəkatının liderlərindən biri, mərhum prezident Əbülfəz Elçibəyi 10 milyon pulu mənimsəməkdə ittiham edib. Deyib ki, meydanda xalq tərəfindən yığılan vəsait sonradan Eçibəyin əlinə keçib.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli deyib ki, xalqın özünəməxsus adət-ənənələri və mənəvi dəyərləri var:

Aqil Səmədbəyli
“Kişi olan şəxs iddia edəcəyi məsələni qarşı tərəfin sağlığında açıq şəkildə deməlidir. Əgər belə bir hal var idisə, bu, Əbülfəz Elçibəyin sağlığında deyilməli idi. Eyni zamanda İslam dəyərlərinə görə vəfat etmiş bir insanın arxasınca danışmaq, ona böhtan atmaq doğru deyil. Belə bir məxluqla bağlı məhkəməyə müraciət etməyi düşünmürük. Çünki bu cür iddialar ilk dəfə səsləndirilmir və sonuncu da olmayacaq.
Tarix boyu Əbülfəz Elçibəyə qarşı müxtəlif şər və böhtan deyənlər çox olub. Tanrı hamısının cəzasını bir şəkildə verib. İnanıram ki, bu cür əməllərin də cəzası ilahi ədalət tərəfindən veriləcək. Böyük Nizaminin də dediyi kimi, “Günəşi örtsə də, qara buludlar, onun Günəş adlı öz qüdrəti var”. Yəni bir millətin müqəddəs saydığı liderə bir məxluqun böhtan atması ilə onun nüfuzuna xələl gəlməz. İt hürər, karvan keçər, yellər əsir, qayalar öz yerində dayanır”.
Elçibəyin ailəsinə yaxın olan Çingiz Özgür bildirib ki, Nemət Pənahlının məhkəməyə verilməsinə ehtiyac yoxdur:

Çingiz Özgür
“Ümumiyyətlə, bu məsələyə ailənin qarışmasına lüzum yoxdur. Azərbaycan xalqı baş verənləri kifayət qədər yaxşı anlayır və artıq bu iddialara öz qiymətini verib. Sadə insanlar da bu cür açıqlamaların mahiyyətini dərk edirlər.
Nemət kimilərə daha çox danışmaq imkanı verilməlidir ki, söylədikləri ilə özlərini biabır etsinlər. Hər kəs bilir ki, Əbülfəz Elçibəyi müxtəlif məsələlərdə ittiham etmək olar, çünki istənilən siyasi fiqur haqqında fərqli fikirlər səsləndirilə bilər. Kimsə onun prezident, yaxud siyasətçi kimi fəaliyyətini bəyənməyə bilər və bu, başa düşüləndir. Lakin maliyyə məsələləri ilə bağlı Elçibəyə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur və bu iddialar onun şəxsiyyətinə uyğun gəlmir. Bu mövzuda deyilən sözlər cəmiyyət üçün inandırıcı deyil və ciddi qəbul olunmur. Bir daha vurğulayıram ki, Nemət Pənahlılara daha çox meydan vermək lazımdır, qoy, danışıb özlərini ifşa etsinlər”.