Ru
14:26 / 02 Dekabr 2021

"Tərbiyə almayan məmurlar..." - Jurnalistə hücum məsələsi böyüyür - Açıqlama

15086
Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən “Baku TV”nin əməkdaşlarına qarşı fiziki təzyiq göstərməsi ciddi tənqidlə qarşılanıb.

Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda qeyd olunur ki, bu hərəkət yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.



Məsələnin qanuni tərəfinə keçək ...


Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Qanunda da qeyd olunur ki, məlumat toplamaq hüququ dövlətimiz tərəfindən təminat altındadır. Yəni jurnalistin fəaliyyətinə mane olmaq cəhdləri qanunla da qadağan edilir.


"Məmurların heç də hamısı yaxşı tərbiyə almayıb..."

Məsələ ilə bağlı əməkdar jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasında bildirib ki, məmurların heç də hamısı yaxşı tərbiyə almayıb və onlar jurnalistlərdən xoşlanmayan təbəqədirlər:


“Bu, birinci dəfə baş verən hadisə deyil, çox güman ki, axırıncı hadisə də olmayacaq. Mənə elə gəlir ki, bu məmurlar, dövlət qulluqçuları, vəzifə tutan adamlar jurnalistlərin suallarına, davranışlarına qarşı maksimum dözümlü olmalıdırlar. Çünki jurnalistin əsas məqsədi məlumat almaq və onu yaymaqdır. Jurnalist ora öz şəxsi mənafeyi üçün ora getməyib, yəni, ictimaiyyəti məlumatlandırmaq üçün oradadır. Digər tərəfdən, öz həmkarlarıma qarşı olan təzyiqi pisləyirəm və bu cür davranışlar yolverilməzdir.

Bunu izah etmək lazımdır ki, qanunlar “jurnalistə öz fəaliyyətini icra etmək üçün şərait yaradılmalıdır” deyir. Eyni zamanda qeyd edim ki, həmkarlarımın məmurların qəzəbinə tuş gəlməmək üçün ehtiyat variantları olmalıdır. Anlamaq lazımdır ki, məmurların heç də hamısı yaxşı tərbiyə almayıb və jurnalistlərdən xoşlanmayan təbəqədirlər. Həmçinin nəzərə almaq lazımdır ki, bunların heç biri ictimai nəzarəti qəbul etmək istəməyənlərdir. Onların çoxu burda mənəm, Bağdadda kor xəlifə prinsipi ilə yaşayan insanlardır. Ona görə də jurnalistlər də bu detalları nəzərə alsalar, hər halda öz təhlükəsizliklərini qorumuş olarlar”.




"Jurnalistin informasiya almaq azadlığını təmin etmək hamının borcudur..."

Millət vəkili Fazil Mustafa da jurnalistlərə qarşı məmurların şiddət və aqressiv davranışlarının doğru olmadığını və jurnalistlərin informasiya almaq azadlığını təmin edilməli olduğunu qeyd edib:


“Jurnalistin informasiya almaq azadlığını təmin etmək hamının borcudur. Necə ki, informasiya almaq üçün siz jurnalist mənə zəng edirsiz və mən də müəyyən vaxtımı ayırıb sizin informasiya almaq azadlığınızı, peşə fəaliyyətinizi nəzərə alaraq cavab verməyi özümə borc hesab edirəm, bütün məmurlar da buna bir borc kimi baxmalıdırlar. Çünki hansısa bir statusa sahibsənsə orada mütləq müəyyən informasiyalar verməlisən. Təbii ki, bu hadisəni bütövlükdə həmin qurumun üzərinə yönəltmək doğru deyil. Çünki helikopter qəzasında 14 hərbçimiz şəhid olub, 2 hərbçimiz yaralanıb, vəziyyət olduqca kritikdir, hamı çaşqınlıq və kədər içindədir. Bu vəziyyətdə belə bir hadisənin olması xoşagələn deyil. Amma jurnalistlər tərəfindən də emosional vəziyyəti də nəzərə almaq məncə, yaxşı olar. Əgər sakit bir situasiyada və yaxud bir tədbirdə müsahibə almaq istəyən jurnalistə qarşı belə bir hadisə baş verirsə, buna daha fərqli yanaşmaq lazım olardı. Amma dünənki hadisə elədir ki, hamının ağır bir situasiyada olduğu bir vaxtdır. Təbii ki, jurnalistlər də həmin hissləri keçirir. Amma arada məsuliyyət fərqi var. Qurumun rəhbərinin məsuliyyəti ilə jurnalistin məsuliyyəti bu məsələdə eyni deyil. Əlbəttə, heç kimə jurnalistə qarşı kobudluq etməyə haqq vermir. Keçmiş jurnalist həmkarı ilə bağlı bu münasibətlərdə bir qədər yumuşaldıcı addımlar atılmalı idi. Yəni, üzrxahlıqla məsələni həll etmək olar. Çünki hadisəni situasiyaya görə qiymətləndirirəm və heç kimi xüsusi ittiham etmək istəmirəm. Amma yenə də jurnalistin peşə fəaliyyətinə mane olunmalı və kobudluq göstərilməli deyildi. Hər halda heç nə buna bəraət qazandırmağa imkan vermir. Bütün hallarda jurnalistlərə mane olmaq əslində özlərinin obyektiv mövqeyinin işıqlandırılmasına mane olmaqdır. Ona görə də jurnalistə hörmət qoymaq lazımdır. Jurnalistlər Azərbaycanın dəyərli kateqoriyadan olan insanlardır. Çünki doğru xəbərə hamının ehtiyacı var”.



"Əgər məmurun fəaliyyəti şəffaf, rüşvət və korrupsiyadan uzaq , mətbuatı, cəmiyyəti maraqlandıran suallara cavab vermiş olsa, heç vaxt güzgünü sındırmaz..."

Tanınmış jurnalist Seymur Verdizadə məmurların jurnalist həmkarlarına qarşı göstərdiyi aqressiyanı şiddətlə qınayıb:


“Mətbuat zamanın güzgüsüdür və hər kəsi olduğu kimi göstərir. Məmurlar necədirsə, biz də onları olduğu kimi göstəririk. Görünür, məmurların xislətində, xarakterində, fəaliyyətində eybəcər hallar çoxdur. Onlar güzgüdə eybəcər görünürlər, ona görə də güzgünü sındırmaqla məşğuldurlar. Jurnalist onların əməlinə güzgü tutur, məmurlar isə onların əməllərini, yarıtmaz fəaliyyətini o güzgüdə öz əskini tapmasını istəmirlər. Məhz ona görə mətbuata qarşı xüsusi aqressiya nümayiş elətdirirlər. Əgər məmurun fəaliyyəti şəffaf olsa, rüşvət və korrupsiyadan uzaq olsa, mətbuatı, cəmiyyəti maraqlandıran suallara cavab vermiş olsa, heç vaxt güzgünü sındırmaz. Asanlıqla o güzgünün qabağına çıxar və öz halına, görünüşünə baxa bilər. Amma məmur bilir ki, güzgünün qabağına çıxanda orada bədheybət və eybəcər bir məxluq görünəcək. Təbii ki, bunu hamıya aid etmirəm amma əksəriyyəti belədir. Ona görə güzgünün qarşısına çıxmaq istəmir və onun qarşısına güzgü tutan jurnalisti də vurmaq, döymək istəyir. Mətbuatla, jurnalistlərlə bu cür rəftarı şiddətlə qınayıram. Mətbuat xidmətinin rəhbəri cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. Mətbuat xidmətinin rəhbəri nazirliyin, komitə sədrinin, xidmət rəisinin mühafizəçisi deyil. Mətbuat xidmətinin rəhbəri öz vəzifəsini yerinə yetirə bilmədiyinə görə onun vəzifəsinə aid olmayan işlərlə məşğul olur. Hesab edirəm ki, məmurlar həm öz fəaliyyətində redaktələr etməli, həm də mətbuatla bağlı işə götürdükləri kadrları seçərkən diqqətli olmalıdırlar. Mətbuat xidməti nazirlərin, komitə sədrlərinin qohumları, dostları, baldızının uşaqları, qaynının qızları üçün vakant yer deyil. Təəssüflər olsun ki, mətbuat xidmətlərinə tanışlıq, şəxsi münasibət hesabına insanlar işə götürülürlər. Mətbuata qarşı bütün təzyiqləri qınayıram və məmurları mətbuatla normal əməkdaşlığa dəvət edirəm”.

Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər