"Əpl" şirkəti sentyabrın 9-da yeni nəsil "İphone-17" seriyasını təqdim edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Təqdimatda Amerika nəhəngi dörd model: Ayfon-17, 17 Air, 17 Pro və 17 Pro Max yer alıb.
Cihaz həm dizayn, həm də texniki göstəricilər baxımından bir sıra yeniliklərə imza atıb.
Yeni Ayfon- 17 "Ceramic Shield 2" texnologiyası ilə təchiz olunub. Bu, cihazın cızılmalara qarşı müqavimətini artırır və əlavə anti-reflektiv örtük sayəsində ekran parıltısını azaldır.
6.3 düymlük "Super Retina XDR" ekran (əvvəlki 6.1 düymdən böyükdür) daha incə çərçivələrə malikdir. ProMotion texnologiyası ilə 120 Hz adaptiv yenilənmə tezliyi və 3000 nit maksimum parlaqlıq təmin edilir.
Ayfon- 17 "A19" prosessoru ilə işləyir: 6 nüvəli CPU, 5 nüvəli GPU və 16 nüvəli neyron mühərrik cihazın süni intellekt funksiyalarını, ProMotion və Always-on Display rejimini daha səmərəli idarə edir. Əpl, cihazın əvvəlki modelə nisbətən 8 saat daha uzun video izləmə imkanı verdiyini bildirir.
Kamera sistemindəki yeniliklərə gəlincə, məlumata görə, arxa paneldə 48 MP əsas kamera və 12 MP telefoto obyektiv yerləşir. Əpl bu kameranın əvvəlki versiyaya nisbətən 4 dəfə daha yüksək təsvir dəqiqliyi təqdim etdiyini vurğulayır.
Ən böyük dəyişiklik ön kamerada baş verib. Yeni kamera "Center Stage" funksiyasını dəstəkləyir və daha geniş görüntü bucağına malikdir — əvvəlki modeldən demək olar ki, iki dəfə genişdir. Videozənglər zamanı isə kamera istifadəçini avtomatik olaraq kadra salır.
Yeni Ayfon- 17 həm texnologiya, həm də istifadə rahatlığı baxımından Apple-ın növbəti böyük addımı kimi qiymətləndirilir.