Beynəlxalq alimlər qrupu ər-arvadlarda eyni psixi pozğunluqların əvvəllər düşünüldüyündən daha tez-tez baş verdiyini müəyyən edib.
Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Human Behavior" (NHB) jurnalında dərc olunub.
Alimlər Tayvanda beş milyon cütlüyün sağlamlıq məlumatlarını təhlil ediblər. Bundan əlavə, Danimarka və İsveçdə bir milyondan çox ailə haqqında məlumat da araşdırmaya daxil edilib.
Tədqiqatçılar milli sağlamlıq reyestrlərindəki psixiatrik diaqnozları öyrənərək, ər-arvadlarda psixi pozğunluqların üst-üstə düşmə ehtimalını analiz ediblər.
Nəticələr göstərib ki, korrelyasiya eyni vaxtda doqquz müxtəlif psixi xəstəlik üzrə müşahidə olunur və bu təsir bir neçə nəsil ərzində davam edə bilir. Həmçinin qanunauyğunluq müxtəlif ölkələrdə eyni şəkildə qeydə alınıb ki, bu da onun universal xarakter daşıdığını sübut edir.
Müəlliflərin sözlərinə görə, tərəfdaşlarda psixi vəziyyətlərin oxşarlığı digər xəstəliklərin yayılmasına şərait yarada, müşayiət olunan diaqnozların riskini artıra və genetikanın rolunun qiymətləndirilməsinə təsir göstərə bilər. Mütəxəssislər qeyd ediblər ki, bu məlumatlar psixi pozğunluqların müalicəsi və qarşısının alınması strategiyaları hazırlanarkən nəzərə alınmalıdır.