Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 36-cı Zirvə Toplantısında iştirak edən liderlərə təqdim etdiyi hədiyyə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, dövlət başçılarına üzərində adları həkk olunmuş xüsusi istehsal tapançalar və bir qutu patron hədiyyə edilib.
Amma maraqlıdır ki, hədiyyəni alan bir sıra ölkələrin liderləri onları ölkələrinə aparmaqda çətinlik çəkiblər. İddialara görə, tapançaların qiyməti Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limiti aşıb. Ona görə də liderlər onları ölkələrinə aparmaqda çətinlik çəkiblər və yaxud aparsalar belə özlərində saxlaya bilməyəcəklər.
Başqa bir tərəfdən, sammitə gələn liderlərdən yalnız ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Ərdoğan tərəfindən qarşılanıb. Digər ölkə liderlərinin pişvazına isə başqa vəzifə sahiləri çıxıblar. Məsələn, Niderlandın Baş naziri Rob Jetteni hava limanında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş qarşılayıb. Hansı ki, 2017-ci ilin martın 11-də o zaman Ailə və Sosial Xidmətlər naziri olan Fatma Betül Sayan Kaya örpəkli olduuna görə Niderlandın Rotterdam şəhərindəki türk Baş konsulluğuna buraxılmamışdı.
Sammit çərçivəsində verilən hədiyyə və atılan bu addımlar hansı mesajı verir?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Bakupost.az-a bildirib ki, bu məsələ əslində çox şişirdilir:
“Hesab edirəm ki, hədiyyə məsələsində heç bir problem yoxdur. Bu qanunla tənzimlənən məsələdir. Verilən tapança hədiyyəsindən necə istifadə etməklə bağlı hər bir ölkədə qanunauyğun yollar var. Xidmətdə olan məmurların hədiyyələri bu və ya digər şəkildə xüsusi fonda təhvil verilir və orada saxlanılır. Ya da verilən hədiyyəni kimsə yadigar olaraq özündə saxlamaq istəyirsə, ümumi məbləğin bir hissəsini büdcəyə ödəməli və ondan sonra saxlamalıdır. Bu təkcə silaha yox, digər hədiyyələrə də aiddir.
Müsahibimizin sözlərinə görə, diplomatik hədiyyələr əslində bu və ya digər şəkildə qəbul olunan ölkənin təbliğatı ilə bağlıdır:
“Norveçdə olanda mənə yundan düyməsi bağlanan ənənəvi kofta vermişdilər. Estoniyada isə Prezident adından səfirlərə milli üslubda yundan əlcək hədiyyə etmişdilər. Bu bir ənənədir”.
Gələn qonaqların Ankarada müxtəlif vəzifəlilər tərəfindən qarşılama mərasiminə toxunan həmsöhbətimiz bunun diplomatik bir mesaj, xarici siyasətin icrasının bir növü olduğunu dedi:
“Bu və ya digər nazirin rəsmi səfəri zamanı ona aid diplomatik immunitet deyilən qaydalar tətbiq olunur. Sammitə gələn qonaqların Türkiyədə qarşılanmasına gəldikdə, xüsusi, bəlkə də şəxsi münasibəti qeyd etmək üçün qonaqları dövlət başçısı bu və ya digər hallarda özü də qəbul edə bilər. Bunlar xarici siyasətə aid tətbiq olunan ənənəvi formalardır. Bunun da nəticəsində Ankarada qarşılama mərasiminin bir çox hallarda gündəm olduğunu gördük. Əslində məqsəd bundan ibarət olub”.
Rüfət Sultan,
BakuPost