Ru
14:18 / 14 İyul 2026

Ərəblər Trampa boyun əyəcəklərmi? - ABŞ Hörmüz boğazını "bazar"a çevirir

Ərəblər Trampa boyun əyəcəklərmi? - ABŞ Hörmüz boğazını "bazar"a çevirir
Eye

ABŞ Prezidenti Donald Tramp Körfəz ölkələrindən maliyyə qoparmağın yeni yolunu tapıb.

O, jurnalistlərə bildirib ki, ABŞ bütün Ərəb Körfəzi dövlətlərini qoruyur və buna görə də Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün kompensasiya gözləyir.

Tramp dünyanın çox zəngin hissəsini qoruduqları və bu işə pul xərclədikləri üçün ərəb ölkələrindən kompensasiya istədiyini deyib.
Tramp həmçinin kompensasiya almaq istədiyi ölkələrin adını da qeyd edib:

“ABŞ-nin bu sahədə kömək etdiyi ölkələr arasında Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı var".

Görəsən, körfəz ölkələri Trampın bu istəyinə hansı reaksiyanı verəcək?

Siyasi şərhçi Taleh Əliyev Bakupost.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın istər NATO çərçivəsində Avropa ölkələrinə, istərsə də, Körfəzdəki ərəb ölkələrinə münasibətdə yanaşması müttəfiqlik ruhuna ziddir:

“Bu tələblər əməkdaşlıq və tərəfdaşlıq üçün də heç də yaxşı gələcək vəd etmir. Tərəfləri aşağılayan və əməkdaşlıq üçün ödəniş etməyə məcbur edən ABŞ həm də bu ölkələrdən özünün aparıcı dövlət olması statusunu gözləmələrini tələb edir. Təbii ki, bu kimi münasibətlər qarşı tərəfləri heç zaman qane etməyib. Dəfələrlə sübut olunub ki, aparıcı dövlətlər öz missiyalarını heç zaman sonadək yerinə yetirmir. Tərəfdaş olduğu, təhlükəsizliyinə, inkişafına dəstək verdiyi ölkələri yeni məcburiyyətlər və öhdəliklərə vadar edirlər”.

Ekspert qeyd edir ki, Yaxın Şərq, Körfəz ölkələrinin qarşılaşdığı problemlərin əsas səbəbi heç də onların özlərindən qaynaqlanmır:
“Bu problemlər ABŞ-nin İrana yönəlik fəaliyyətinin nəticəsi olaraq yaranıb. Trampın təhlükəsizliyin qorunması müqabilində kompensasiya tələbi əslində region ölkələrini təkcə İranla deyil, digər güc mərkəzlərilə də əməkdaşlığa təşviq edir”.

T. Əliyev düşünür ki, bu siyasət ABŞ-nin regionda mövqeyinin möhkəmlənməsinə deyil, əksinə, onlar arasında etimadın azalmasına gətirib çıxara bilər:

“Doğrudur, regionun kral ailələri hazırda ABŞ-dən asılı vəziyyətdədir. Amma nə qədər saymazyana yanaşsalar da, region xalqları arasında bu siyasətə münasibətdə antiamerikan siyasətin formalaşması da qaçılmazdır. Belə bir yanaşma yeni formaşalan dünya düzəninin keçid mərhələsində region xalqları arasında Amerikaya münasibətin pisləşməsinə gətirib çıxara bilər. ABŞ həm bu ölkələri regionun digər ölkəsilə üz-üzə qoyur, həm də onların təhlükəsizlikləri üçün əlavə xərc tələb edir. Bu siyasət normal, bərabər hüquqlu əməkdaşlıq və tərəfdaşlığın ruhuna ziddir. Bu, bir növ ABŞ-nin xərac qoyması kimi bir yanaşmadır”.

Müsahibimiz ərəb ölkələrinin ilkin mərhələdə bu siyasətlə barışmağa məhkum olsalar da, sona qədər onunla barışmayacaqları qənaətindədir:

“Artıq Körfəz ölkələri Amerikanın hazırkı siyasətinədən məmnun deyillər. Ona görə də öz təhlükəsizlikləri və gələcək inkişafının təminatını birtərəfli olaraq ABŞ-dən asılı vəziyyətdə saxlamaq istəmirlər. Belədə onlar yeni müttəfiqlik axtarışındadırlar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar