Britaniyalı UFC döyüşçüsü Peddi Pimblett yüngül çəkidə çempionluğa əsas namizədlərdən biri olan erməni əsilli Arman Tsarukyana qarşı sərt ittihamlar səsləndirib.
Bakupost.az xəbər verir ki, “Full Send” verilişində qonaq olan Pimblett Tsarukyanın sosial mediada populyarlıq qazanmaq üçün onun davranışlarını və qidalanma tərzini təqlid etdiyini iddia edib.
“Arman daha yaxşı görünmək üçün məni kopyalayır. Nümayiş üçün burger və pizza yeyir... Get öz kürünü ye, axmaq. Mən Tsarukyana nifrət edirəm, o, təkəbbürlü biridir və onu yerinə oturtmalıyam”, – deyə britaniyalı idmançı bildirib.
Qeyd edək ki, P. Pimblett yanvarın 25-də Las-Veqasda keçiriləcək UFC 324 turnirində karyerasının ən vacib sınağına çıxacaq. O, müvəqqəti yüngül çəki çempionu kəməri uğrunda təcrübəli Castin Geyci ilə qarşılaşacaq.
A. Tsarukyan isə son döyüşünü 2025-ci ilin noyabrında “UFC Fight Night 265” turnirində keçirib və Den Hukeri ikinci raundda boğma fəndi ilə məğlub edərək reytinqdəki mövqeyini möhkəmləndirib. Hazırda erməni döyüşçünün aktivində 23 qələbə və 3 məğlubiyyət var.