13:59 / 14 Sentyabr 2021

Ermənilər Zəngəzurdakı Mis-Molibden Fabrikini niyə bağladı?

3178


Samir Zəngəzurlu,

Yazıçı-publisist, AJB-nin üzvü,

“Azərişıq” ASC-nin regionlar üzrə mətbuat xidmətinin rəhbəri


Erməni xislətinin növbəti nümunəsi


1947-ci ilin yay aylarından başlayaraq Zəngəzurun 150 təsərrüfatdan ibarət Dəstəyurd kəndinin həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. SSRİ Elmlər Akademiyasının milliyyətcə rus, erməni və qazax alimlərindən ibarət axtarış briqadası bir xəritənin izi ilə bu qədim türk yurduna, hər tərəfdən dağlarla əhatələnən, mineral suları, minbir dərdə dərman bitkiləri ilə zəngin olan yaşayış məntəqəsinə təşrif buyurmuşdular. Alimlər Dəstəyurdun sovet sədri Mürşüd Əliyevə gəlişlərinin məqsədini bildirib kömək göstərməsini xahiş etmişdilər. Müharibədən çıxmış ölkə üçün Dəstəyurd filiz yataqlarının aşkara çıxarılaraq istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edirdi. Təbii ki, Moskvadan yüz kilometrlərlə məsafəni qət edib ucqar bir dağ kəndinə gələn geoloji-kəşfiyyat qrupunun əlində ciddi əsaslar, xəritələr var idi. Bu sənədlər 1870-1880-ci illəri əhatə edən xəritələrə və başqa rəsmi bilgilərə əsaslanırdı.

Tarixi mənbələrdən aydındır ki, 1828-ci il işğalçı “Türkmənçay” müqaviləsilə Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra Zəngəzurun da təbii sərvətləri həm Moskvanın, həm də ulu türk ellərinə ayaq açan ingilis-fransız icarədarlarının gözlərini qamaşdırır, ağızlarını sulandırırdı.

İngilislərin 1870-ci ildə hazırladıqları “Qafan rayonunun geologiyası” adlı xəritədə Dəstəyurd dağlarında zəngin filiz yataqlarının mövcudluğu elmi əsaslarla sübuta yetirilmişdi.

Kapitalist icarədarlar əmin idilər ki, geoloji-kəşfiyyat işləri uğurla aparılarsa, nəinki Dəstəyurdda, hətta qonşu Sofulu, Murxuz kəndlərində də nəhəng xammal bazası yaradıla bilər. Bu isə külli miqdarda gəlir demək idi. Lakin Oktyabr inqilabı bu layihənin reallaşmasını əngəllədi.

Yalnız ikinci dünya müharibəsindən sonra “Qafan rayonunun geologiyası” adlı xəritə yada düşdü. Çünki müharibədə böyük iqtisadi itkilərə məruz qalmış Sovet dövlətini dirçəltmək, bütün yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə etmək qarşıda mühüm vəzifə kimi dururdu.

Beləliklə, Sovet geoloji-kəşfiyyat briqadasının qısa müddətli gərgin axtarışları ingilis alimlərinin yanılmadığını üzə çıxartdı. Zəngəzurun Dəstəyurd kəndinin cənub səmtindəki “Haçadağ” sahəsində tükənməz mis-molibden yatağı kəşf edildi. Nəticədə SSRİ-nin hər yerindən, müttəfiq respublikaların şəhər və kəndlərindən minlərlə mütəxəssis və fəhlə axışıb Dəstəyurda gəldi. Ehtiyatı 250 ilə müəyyənləşdirilən yataq, kəndi qəsəbə tipli şəhərə çevirdi.

Dağlardan çoxsaylı lağımlar atılıb dəmir yolları çəkildi. Vaqonlarda, yükdaşıyan maşınlarda hər gün min tonlarla filiz mağaralardan daşınıb üyüdücü dəyirmanlara aparıldı. Saflaşdırılıb Moskvaya göndərildi. Çox qiymətli və saf mis-molibden məhlulu Rusiyanın sənaye müəssisələrində böyük qənimət kimi istifadə olundu. Bütün bunlar kəşfiyyatçıları yeni axtarışlara ruhlandırdı.

Sofulu kəndinin Qırxlardağ, Çiçəkli hissələrində mağaralar qazıldı. Ərəfsədən qızıl, Sofulu və Murxuz kəndlərindən mis-molibden yataqları tapıldı. Nəticədə Dəstəyurd Mis-Molibden Kombinatının istehsal gücü qat-qat artdı. İş yerlərinin sayı da kəskin çoxaldı.

Ancaq Dəstəyurd Mis-Molibden Kombinatının çal-çağırlı günləri cəmi 13 il çəkdi.

1960-cı illərin əvvəllərində erməni hiyləgərliyi yenə işə düşdü.

Ötən əsrin 60-cı illərində Yerevanda “Yaşıllar” adlı gizli bir millətçi təşkilat fəaliyyətə başladı. Qurumun əsas məqsədi dünyaya səpələnmiş erməniləri Ermənistana yığmaq, “dənizdən-dənizə” erməni imperiyası yaratmaq, ölkə ərazisindəki təbii sərvətlərin istehsal və istismarını dayandırmaqla onu gələcəkdə təşkil ediləcək müstəqil erməni dövləti üçün maddi ehtiyat fonduna çevirməkdən ibarət idi.

Yeri gəlmişkən deyim ki, indinin özündə də bu təşkilat dünyanın müxtəlif ölkələrində məsələn, ABŞ, Fransa kimi dövlətlərdə terrorçu fəaliyyətini davam etdirir.

Qərbdən və Moskvadakı ermənipərəst dairələrdən dəstək alan “Yaşıllar” cəmiyyəti 250 illik ehtiyatı olan Dəstəyurd Mis-Molibden Kombinatının bağlanmasına, “yamangünlük” saxlanılmasına nail oldu. Nəticədə on minlərlə qeyri-erməni mütəxəssis və fəhlə iş yerlərini itirərək Ermənistandan qovuldu.

Guya bu mühəndis qrupu yox yerdən mədənlərə çoxillik ehtiyat fondu verdiyinə görə geoloji-kəşfiyyat qrupunun rəhbəri Kuzma Dmitriyev Rusiyaya qaçdı. Qazax alimi Dinmühəmməd Budinin evi talan edildi, özü məhkəməyə verildi.

1990-cı illərdə isə nankor və namərd ermənilərin iç üzü bir daha açıldı. Dəstəyurd Mis-Molibden Kombinatı bəh-bəhlə xarici iş adamlarına icarəyə verildi. Bu gün də istismarda olan fabrikin zərərli tullantıları çaylar vasitəsilə Azərbaycan ərazisinə axıdılır, beynəlxalq normalar kobudcasına pozulur.

Sovet dönəmində dotasiya hesabına yaşayan, müttəfiq respublikaların halal sərvətinə hiyləgərcəsinə göz dikən və bundan geninə-boluna yararlanan (haramları olsun) erməni toplumundan ayrı nə gözləmək olar ki?!
Bu gün Azərbaycan xalqı ürəkdən inanır ki, Qarabağ həsrətinə son qoyulduğu kimi, yaxın gələcəkdə Zəngəzurumuza da qovuşacağıq. Buna inamımız da, iradəmiz də, gücümüz də var. Özü də yetərincə.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər