Ru
17:54 / 02 Aprel 2026

Ermənistan KTMT-dən çıxmır, amma iştirak etmir

Ermənistan KTMT-dən çıxmır, amma iştirak etmir
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putin ilə görüşdən sonra KTMT ilə bağlı mövqeyini bir daha açıqladı. O, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini bərpa etməyəcəyini bildirib.

Paşinyanın bu açıqlaması bir daha göstərir ki, Ermənistan formal olaraq KTMT-də qalsa da, faktiki olaraq bu təşkilatdan uzaqlaşma siyasətini davam etdirir. Maraqlı məqam isə ondan ibarətdir ki, İrəvan üzvlükdən imtina etmir, amma aktiv iştirakdan da qaçır.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu ziddiyyətli mövqenin arxasında ciddi geosiyasi hesablamalar dayanır.

Onun sözlərinə görə, Ermənistan hazırkı mərhələdə Rusiya ilə münasibətləri kəskinləşdirmək istəmir:
“İrəvan anlayır ki, Moskva ilə açıq qarşıdurma ona baha başa gələ bilər. Ermənistan iqtisadi baxımdan hələ də Rusiyadan asılıdır. Üstəlik, ölkə ərazisində Rusiya hərbi bazası fəaliyyət göstərir. Bu səbəbdən Paşinyan balanslı siyasət yürütməyə məcburdur”.

Ekspert bildirir ki, Ermənistanın KTMT-də fəaliyyətini dondurması da məhz bu balans siyasətinin tərkib hissəsidir:
“Paşinyan bu təşkilatdan artıq heç nə gözləmir. Amma eyni zamanda, birdən-birə çıxmaqla Rusiya ilə münasibətləri risk altına atmaq istəmir”.

Zərdüşt Əlizadənin fikrincə, bu vəziyyət uzunmüddətli olmayacaq. Onun proqnozuna görə, Ermənistanda gözlənilən seçkilərdən sonra vəziyyət dəyişə bilər:
“Bu oyun seçkilərə qədər davam edəcək. Əgər Paşinyan yenidən güclü mandat əldə edib təkbaşına hökumət qura bilsə, KTMT ilə bağlı daha kəskin qərarlar verə bilər”.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin mart ayından KTMT-də fəaliyyətini rəsmi şəkildə dondurduğunu bəyan edib. Son açıqlamalar isə göstərir ki, İrəvanın bu qərarı dəyişmək niyyəti yoxdur və təşkilatla münasibətlər getdikcə daha formal xarakter alır.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar