Ru
11:30 / 22 İyun 2026

Ətin qiyməti arta bilər - MƏBLƏĞ

Ətin qiyməti arta bilər - MƏBLƏĞ
Eye

Azərbaycanda ət bazarında bahalaşma riski yaranıb.


Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, bazarda ət qiymətlərinin yüksək olduğu müşahidə olunur. Paytaxtda bəzi market və satış nöqtələrində sümüklü mal ətinin kiloqramı təxminən 17 manat ətrafında dəyişir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli hesab edir ki, mövcud tendensiya davam edərsə, qiymətlər daha da arta bilər.


Mütəxəssisin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycanda ət istehsalındakı artım heyvanların baş sayının çoxalması hesabına yox, kütləvi şəkildə kəsimə verilməsi hesabına baş verir:


“Ət istehsalında artım göstərilir, amma reallıqda heyvanların baş sayı kəskin şəkildə aşağı düşür. Bu o deməkdir ki, yaxın zamanlarda biz heyvanların sayını artıra bilməyəcəyik, heyvandarlıqda məhsuldarlığı da yüksəldə bilməyəcəyik”.


Ekspert bunun əsas səbəblərindən birinin yem bazasının zəif olması olduğunu qeyd edib. Onun sözlərinə görə, örüş ərazilərinin azalması və digər problemlər heyvandarlıqla məşğul olan şəxsləri heyvanların sayını azaltmağa məcbur edir:


“Heyvandarlıqla məşğul olan sahibkarlar çalışır ki, heyvanların baş sayını azaltmaq hesabına qalan heyvanları yemlə təmin edə bilsinlər. Bu problem var. Bu da o deməkdir ki, yaxın zamanlarda ət istehsalındakı indiki artım tempi aşağı düşə bilər. Heyvanların sayının azalması təklifin azalmasına, bu isə ət və ət məhsullarının bahalaşmasına gətirib çıxara bilər. Bu qaçılmazdır. Digər tərəfdən, əvvəllər Gürcüstan və digər ölkələrdən diri heyvan idxal edirdiksə, indi daha baha qiymətə idxal etməli olacağıq. Çünki həmin ölkələrdə də ətin qiyməti artıb və heyvanların sayı azalıb”.


V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda istehlakçıların əsasən təzə ətə üstünlük verməsi də qiymətlərə təsir edən amillərdəndir:


"İlin sonuna qədər mal ətinin qiyməti 20 manata qədər yüksələ bilər. Qoyun ətinin qiyməti də 25-27 manata çata bilər. Tendensiya bu istiqamətdə gedir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar