Ru
14:34 / 06 Oktyabr 2025

Ətlə bağlı XƏBƏRDARLIQ: yeni təhlükə VAR

Ətlə bağlı XƏBƏRDARLIQ: yeni təhlükə VAR
Eye

Son günlər ölkənin bəzi bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Bu vəziyyət təkcə heyvandarlıq sektoruna deyil, ət bazarına da mənfi təsir göstərib – qiymətlərdə artım olub. Mütəxəssislərin fikrincə, virusun mənbəyi idxal edilən mal-qara ola bilər. Hazırda ölkədə vəziyyətin nə dərəcədə nəzarət altında olması, tədbirlərinin görülüb-görülmədiyi və xəstəliyin digər regionlara yayılma riski ilə bağlı narahatlıq var.

Aidiyyəti qurumlar xəstəliyin qarşısını almaq üçün hansı tədbirlər görürlər? Profilaktik işlərə başlanılıb, yoxsa proses hələ də nəzarətdən kənardadır?

Bakupost.az bildirir ki, Aqrar Xidmətlər Agentliyindən Globalinfo.az-a verilən məlumata görə, dabaq iti yolxucu virus xəstəliyidir və bütün dırnaqlı heyvanlarda, əsasən iri, xırdabuynuzlu heyvanlarda rast gəlinir:

“Virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, invertar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir. Dabaq xəstəliyi respublikamız üçün endemik xəstəlikdir. Yəni bu xəstəliyin viruslarının xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman var. Dabaq həm də transsərhəd xəstəlikdir, virus külək vasitəsi ilə quruda, hətta dənizlərin üzərindən belə kilometrlərlə məsafərdən ətrafa yayıla bilər və qonşu dövlətlərin ərazisindən ölkə əraisinə keçməsi mümkündür. Həmçinin tranzit və digər avtomobillərin üzərində keçə bilər”.

Qurumdan bildirilib ki, dabaq xəstəliyi peyvəndlənmədən yayındırılmış, müxtəlif səbəblərdən peyvəndlənməmiş, peyvəndləmə tədbirləri nəzərdə tutulmayan digər ölkələrdən idxal olunan heyvanlar arasında müşahidə oluna bilər:

“Fermerlər xəstəliyə şübhəli əlamətlərlə rastaşdıqda, məsələn ağızda, burun aynasında, dildə, məmə uclarında aftalara (suluqlara), dırnaq aralarında yaralara rast gəldikdə dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan Sağlamlığı və baytarlıq Xidməti idarələrinə, AQTA-nın regional idarələrinə məlumat verməlidir. Xəstəliyə şübhəli heyvanı digərlərindən ayırmalıdırlar. Baytarlıq xidməti əraziyə gələnə qədər özü sadə bir üsulla, adi çay sodası ilə dezinfeksiya işləri apara, həmçinin heyvanın ağzını, məmə uclarını, dırnaq aralarını soda məhlulu ilə yuya bilər. Soda beynəlxalq təcrübə də tövsiyə olunan vasitədir. Ancaq sonunda mütləq rayon HSBX idarələrinin mütəxəssislərinin iştirakı ilə lazımi tədbirlər və simptomatik müalicə aparılmalıdır. Fermerlərin nəzərinə çatdırmaq istəyirik ki, rayon HSBX idarələrinin mütəxəssisləri hər bir çağırışa diqqətlə yanaşır və fermerin yanında olaraq lazımi köməyi göstərərək, tövsiyələri verirlər”.

Qurum fermerlərə çağırış edib:

“Heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər və baytar həkimlərinə peyvəndləmə aparmaq üçün şərait yaratsınlar. Əlavə olaraq bildiririk ki, hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizootik tədbirlər planına uyğun olaraq davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən hər il 2 dəfə iri və xırdabuynuzlu heyvanlarda profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar