“Açığı, evdən çıxa bilmirəm. Bunu ilk dəfədir ki, deyirəm. Çünki insanlar narahat olurlar”.
Bakupost.az xəbər verir ki, bu sözləri başıbəlalı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli müsavat.com-a müsahibəsində deyib.
Yazıçı səhhətində problemlər olduğunu bildirib: “Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm. Düzü, evə də insanları dəvət etmək istəmirəm. Çünki ev tək sənin deyil, orada yaşayanların hər birinindir. Onların həyatını narahat etmək olmaz. Amma zəng edən dostlar var. Bir çox dostlarım istəyirlər ki, görüşsünlər. Nə yalan deyim, dostlarım daha çox gənclərdir. Onlar daim itirib-axtarırlar. Yazıçılar İttifaqında keçmişdə dostlarım var idi. Elə Anarın özü olsun. Mənim onlarla heç bir ünsiyyətim artıq mümkün deyil. Sanki başqa-başqa qitələrdə yaşayırıq. Anarla görüşümün heç bir əhəmiyyəti ola bilməz. Bunu ən yaxşı mən bilirəm. Hərə öz fikrindədir. O, öz qayğılarındadır, mən də öz. Düşüncə tərzlərimiz ümumiyyətlə, bir-birinə yaxın deyil”.