Aviabiletlərin qiymətləri uçuş məsafəsi, təyyarənin növü, istiqamət, biletin sinfi, sərnişin tələbatı və təyyarədəki boş yerlərin sayına görə dəyişir. Aviaşirkətlər biletləri satışa çıxararkən müxtəlif qiymət kateqoriyaları müəyyənləşdirir. İlkin mərhələdə daha ucuz biletlər təklif olunur, həmin biletlər satıldıqca növbəti qiymət kateqoriyasına keçilir. Uçuş tarixi yaxınlaşdıqca və boş yerlərin sayı azaldıqca qiymətlər də dəyişir. Bununla belə, son anda boş qalan və ya geri qaytarılan biletlər daha sərfəli qiymətlərlə satışa çıxarıla bilər.
Turizm eksperti Ceyhun Aşurov
“Bakupost”a bildirib ki, eyni təyyarədə səyahət edən sərnişinlərin biletləri fərqli qiymətə alması tamamilə normaldır. Onun sözlərinə görə, qiymətlər məsafədən, təyyarənin növündən, biletin hansı sinfə aid olmasından, uçuş istiqamətindən və tələbatdan asılı olaraq dəyişir.
Ekspert qeyd edib ki, aviaşirkətlərin əksəriyyəti biletləri ilkin satış mərhələsində minimum qiymətlərlə satışa çıxarır. Uçuşa az müddət qaldıqca və təyyarədəki yerlərin doluluğu artdıqca biletlərin qiyməti də yüksəlir.
C.Aşurov bunu nümunə ilə izah edib. Bildirib ki, tutumu 200 nəfər olan təyyarədə ilk 50 bilet daha ucuz, növbəti 50 bilet isə əvvəlkilərdən baha qiymətə satıla bilər. Bu qayda ilə qiymətlər mərhələli şəkildə artır və təyyarədə qalan sonuncu yerlər daha yüksək qiymətə təklif olunur.
Bununla belə, ekspertin sözlərinə görə, uçuşa 24 saatdan az vaxt qaldıqda boş qalan və ya sərnişinlər tərəfindən geri qaytarılan yerlər də xüsusi qiymətlə satışa çıxarıla bilər. Bu, aviasiya sektorunda “last minute”, yəni son dəqiqə satışları adlanır. Belə biletlər uçuşa bir gün qalmış daha fərqli qiymətlərlə təklif oluna bilər.
C.Aşurov vurğulayıb ki, təyyarələrin əsas məqsədi sərnişin yerlərini mümkün qədər dolu saxlamaqdır. Çünki aviaşirkətlər təyyarənin bir məntəqədən digərinə uçuşu zamanı oturacaqların maksimum doluluğunu təmin etməyə çalışırlar.
Vüsalə Hüseynova,
BakuPost