Televiziya məkanında həkimlərin reklam və sponsorluq fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. İddialara görə, bəzi həkimlər efirə çıxmaq, verilişlərdə özlərini tanıtmaq və sponsor qismində iştirak etmək üçün 16 minədək pul xərcləyirlər.
Tanınmış teleaparıcı Elgiz Əkbər də xüsusilə sosial layihələrdə sponsorluq qiymətlərinin həddindən artıq yüksək olmasından
narazılığını ifadə edib.
“Bir həkimin efirdə çıxış etməsi niyə 16 min manat olmalıdır? Bunu hamı bilir. Hələ baş sponsorların ödədiyi məbləğləri demirəm...”, - deyə o bildirib.
Həkimlərin televiziya vasitəsilə öz xidmətlərini tanıtmaq üçün böyük büdcələr ayırması isə başqa bir məsələni gündəmə gətirir: Görəsən, efirdə tanıtım üçün minlərlə manat xərcləyən həkimlər ay ərzində nə qədər qazanc əldə edir və dövlət bdcəsinə nə qədər vergi ödənilir?
Məsələ ilə bağlı səhiyyə eksperti Adil Qeybulla "Bakupost"a bildirib ki, həkim reklamı qəbuledilməzdir:
“Dünyanın heç bir ölkəsində həkim reklamı bu formada həyata keçirilmir. Həkim reklamı, ümumiyyətlə, biabırçı bir haldır. Azərbaycanda insanların aldadılması, ayrı-ayrı həkimlərin süni şəkildə ön plana çıxarılması, ictimaiyyətə guya ən yaxşı və problemləri həll edə bilən mütəxəssis kimi təqdim olunması yolverilməzdir. Bu reklamların ətrafında özlərini, obrazlı desək, kloun yerinə qoyan aparıcılar da var. Onlar həqiqəti bildikləri halda, bəzən yalan məlumatları tamaşaçılara təqdim edir, bununla auditoriya qazanır, nəticədə isə insanları yanlış istiqamətləndirirlər. Təbii ki, səsləndirilən 16 min manatlıq rəqəm də ciddi suallar doğurur. Bir həkim efirdə tanınmaq üçün bu qədər vəsaiti necə ödəyir? Əgər reklama belə böyük məbləğlər ayrılırsa, deməli, burada daha böyük korporativ maraqlar da dayanır.
Əgər həkim vətəndaşlara öz sahəsi üzrə məlumat vermək istəyirsə, bunu maarifləndirici formada edə bilər. Məsələn, müxtəlif xəstəliklər, onların əlamətləri, risk faktorları və vaxtında həkimə müraciətin əhəmiyyəti barədə maarifləndirici videolar hazırlamaq mümkündür. Bu, həm cəmiyyət üçün faydalıdır, həm də həkimin peşəkar biliklərini ictimaiyyətlə bölüşməsinə imkan yaradır. Amma reklam kampaniyaları necə qurulur? “Bir nömrəli həkim”, “ölkənin ən yaxşı mütəxəssisi” kimi təqdimatlar ilə digər həkimlərin haqqına girirlər. Biz uzun müddətdir bu məsələni gündəmə gətirir, müzakirə edir və narahatlığımızı ifadə edirik. Lakin təəssüf ki, ictimai fikrə lazımi əhəmiyyət verilmir. Hesab edirəm ki, bu məsələyə artıq aydınlıq gətirilməli, mövcud təcrübə ciddi şəkildə araşdırılmalıdır. Həmin vəsaitlərin hara yönəldiyi, kimlərin gəlir əldə etdiyi, dövlət büdcəsinə vergi ödənilib-ödənilmədiyi müəyyənləşdirilməlidir. Ola bilməz ki, televiziyalar ancaq bu cür qeyri-şəffaf və şübhə doğuran üsullarla pul qazansın. Televiziya sağlam reklam fəaliyyəti ilə gəlir qazanmalıdır. Mövcud vəziyyətin özü bütövlükdə anormaldır. Hesab edirəm ki, həkimlərin bu formada reklamı Azərbaycan səhiyyəsinin tarixindən silinməlidir. Bunun üçün ciddi və prinsipial addımlar atılmalıdır. Əks halda, belə bir mənzərə yaranır ki, bu sahədə kimlərinsə yüksək səviyyədə maraqları mövcuddur”.
Lalə Novruz, BakuPost