Azərbaycanın 150 illik mətbuat tarixində yaşı "525-ci qəzet"in indi çatdığı 33-dən çox olan qəzetlər də olub və var, az ömür sürsə də, əks-sədası çox sonrakı illərdən də gələn məşhur qəzetlərimiz də bəllidir. Ancaq nə çox tanınmaq, nə tirajın böyüklüyü qəzeti hamınınkı edə bilir.
Sovet dövründə Moskvada çıxan "Futbol" qəzeti vardı ki, tirajı 3 milyon idi. Sevilən qəzet idi, amma hamınınkı deyildi. Çünki hər kəs futbol aludəsi deyil ki, başqa azarkeşlər kimi o qəzeti ilk cümləsindən son cümləsinədək oxuyaydı.
33 il əvvəl "525" nəşrə başlayanda mətbuat həyatımızda yeni bir oyanış başlanırdı.
Yenidən böyük yola çıxan bərpa edilmiş müstəqilliyimizlə yol yoldaşlığına başlayan və bugünədək ayaqda qalan bu qəzet sadə olmayan və əslində zahirdən göründüyündən daha uzun sayılası təlatümlü zaman kəsiyində LƏYAQƏTLİ nəşr adlanmaq haqqını qazanmağı bacardı.
"525"lə təxminən eyni vaxtda işıq üzü görməkdə olan qəzetlər az deyildi.
Gününə görə aralarında bəyənilənləri, geniş oxucu auditoriyası yığanları da az deyildi.
Elələri vardı ki, zamanında gur-gur gurlayırdı, camaat sübhdən köşklərə tələsirdi ki, satılıb qurtarmamış o qəzetdən alsın.
İllər ötdükcə bu sıradakı sıxlıq asta-asta azaldı.
"525" o nadir nəşrlərdən biri mərtəbəsinə yüksəldi ki, heç vaxt sensasion yazılarla, mərəkələrlə, dedi-qodularla, münaqişələrə, siyasi ifratlara uymadı, daim ətrafında ölkənin ən sayılıb-seçilən ziyalıları toplandı, Azərbaycan qəzetçiliyinin oturuşmuş ənənələrindən və səliqəsindən (həm də və ən əvvəl əxlaqından!) kənara çıxmadı, daim Dövlət, Millət, Yurd mənafeyi bu nəşrin qeyd-şərtsiz riayət etdiyi ali meyarlar oldu.
Çox sifətlərin rəngini, çox mövqelərin səmtini dəyişdiyi bu 33 il boyunca "525" müdam öz düz yolunu getdi, öz aram, rəvan, iddiasız yerişiylə irəlilədi.
Qazancı, bu gün ona nəsib olmuş ümumxalq məhəbbəti, hamının qəzeti ola bilmək xoşbəxtliyidir.
Əlbəttə, qəzetin bu uğuru ilk növbədə onun qurucusu və baş sükançısı Rəşad Məcidin apardığı dürüst vətənçilik və qəzetçilik siyasəti ilə bağlı, onun mötədil təbiəti, hər kəslə öz dilində danışa bilmək fərasəti ilə əlaqədardır.
Amma istənilən nəşrin müvəffəqiyyəti onu yaşadan sağlam ailəyə bağlıdır.
Bel bağlanası, qabiliyyətli, fədakar silahdaşlar olmasa qəzet nə yaşayar, nə yaxşı ola bilər.
"525"in də bu illər boyunca məsuliyyət və şərəf yükünü vicdanla, istedadla, dözüm və səbrlə daşıyan sadiq silahdaşlar, məsləkdaşlar olub.
Bunu təxminlə, nəzəri bir müddəa kimi yazmıram.
"525" yolunu yenicə başlayandan onun səhifələrində varam və onillər öncə olduğu kimi bu gün yenə "525"ləyəm.
Qəzeti yaradıb yaşadanlar mənim gözümün qarşısında yaşlanıblar.
Onların bu qəzetə və bütövlükdə Azərbaycan qəzetçiliyinin kamil vərdiş və təcrübələrinə sədaqətinə canlı şahidəm.
Onlarla birgə qəzetin çapa göndərildiyi dərin gecə saatlarınadək ünvanı dəfələrlə dəyişmiş redaksiyadan ayrılmadığım günlər az olmayıb.
Dilimizdə vətəndaşlıq haqqı qazanmış kəlmələrdən olan "mətbuat" bir ərəb sözüdür, mənası "basma", "çap etmə" deməkdir.
Elə latındangəlmə "pressa" sözü də həmin anlamdadır.
Lakin deyəsən bu epoxa qürub etməkdədir, sürətlə elektron informasiya daşıyıcılığı və yayıcılığı hakim mövqelər qazanır.
Artıq qəzetlərin sayı tükənir, bu minvalla yaxın illərdə daha "qəzet köşkü" deyimi də köhnəlmiş ifadəyə çevriləcək.
Yəni bu bir dünya təmayülüdür, tək bizlik də deyil.
Di gəl, qəzetdən qəzetə də təfavüt var.
Məşhur "The New York Times" sadəcə böyük tirajla hər gün nəşr edilmir, elektron versiyası da ola-ola, gün ərzində təzələnərək axan vaxt rejimində təkrarən də çap edilir.
Dünya boyunca da əvvəlki nizamı ilə davam edən bəs deyincə başqa sevilən qəzetlər var.
Görən, rəqəmsal media fəslində "525"in aqibəti necə olacaq?
2025-in 17 noyabrında 33 yaşını bayram edən "525"i otuz beşində, qırxında, əllisində yalnız ekrandan oxuyacağıq, ya həftədə bircə kərə çıxacaq, ya bəlkə elə özünə hər cəhətdən xas sabitliklə hər çərşənbə və cümə axşamı, hər şənbə günü yenə görüşümüzə gələcək?
Qəzet, yalnız səhifələrin qulağımızın adətkərdə olduğu xoş xışıltısı, tanış mətbəə qoxusu deyil, ən əvvəl vaxtın duyğular, düşüncələr, olmuşlar salnaməsi, kağız üzərində əbədiləşən tarixdir.
"525", tarixi tarixləşdirən nəşrlərimizdəndir.
...Növbəti ildönümlərində - noyabrın 17-də "525"çilərlə birgəydim və əlbəttə ki, bayramları içində onlara - hamınınkı olan bu qəzetə rəqəmsal üfüqlərdə ən çağdaş nailiyyətlərə çatmaqla yanaşı bizimlə həftədə 3 dəfə görüşmək sevincinin illərcə davam etməsini arzulayırdım!..
Rafael Hüseynov
Akademik