Ru
20:05 / 30 May 2026

Göydən asılan Anar, səmadan enən Behrudi, özünə sağlıq deyən akademiklər… - Bir dövrün yubileyi

Göydən asılan Anar, səmadan enən Behrudi, özünə sağlıq deyən akademiklər…  - Bir dövrün yubileyi
Eye

Bura Sabir Rüstəmxanlının yubileyinə görə verilən ziyafətdən çox Azərbaycanın son yarım əsrinin hesabat yığıncağına oxşayır.


Zala daxil olanlara baxdıqca adama elə gəlir ki, ölkənin son əlli ilinin tarixini qarşılayırıq.

Anar gəlir.


Yedəyində böyük bir epopeya.

Ona baxanda mənə elə gəlir ki, çiyinlərindən göyə asılıb. Sanki tam olaraq bu dünyanın adamı deyil.

Bəlkə də onu yuxarıda saxlayan yaratdığı obrazların ruhu, illər boyu haqqında yazdığı qəhrəmanlar, insan taleləri, yaddaşa çevrilmiş kitablardı...

Amma eyni zamanda onu yerə də bağlayan, dartan qüvvə var: torpağın yaddaşı.

Ardınca Çingiz Abdullayev görünür.


Həmişəki kimi təmkinli. Həyatın saysız-hesabsız detektivlərini çoxdan bitirmiş, bütün münaqişələri çözmüş bir adamın rahatlığı vardı üzündə. Amma illər onun da çiyinlərinə qonub. Elə bil zaman yavaş-yavaş bütün bu adamları Anara bənzədir...

Kamal Abdulla gəlir.


Sanki fikri özündən ayrılıb bu məclisə təşrif buyurub. Zəkanın, kübarlığın və daxili intizamın yaratdığı işıqla.

Akademiklər daha qıvraqdı. Görünür, romantikadan fərqli olaraq, elm adamı “daha gənc” saxlayır. İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli görünür - universitet auditoriyaları, kitab rəfləri və elmi mübahisələr ayağa qalxıb yubileyə gəlirmiş kimi…

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, professor İlham Tahirov da həmin mənzərənin içindədir.



Ramiz Həsənoğlu gəlir.

Bu yaxınlarda 80 yaşını tamamlamış sənətkarın çöhrəsində Azərbaycan televiziya filminin bütöv bir dövrü canlanır.

Sonra Cavanşir Quliyev gözə dəyir.
Üzünə baxanda adamın ağlına not dəftərləri, orkestr çubuqları və simfonik musiqinin görünməyən dalğaları gəlir. Elə bil Azərbaycanın son onilliklərinin musiqi yaddaşı onun simasına köçüb.


Bəzən bir xalqın tarixini kitablar kimi bəstəkarların yazdığı melodiyalar da danışır. Cavanşir Quliyevin özü də bu tarixi pıçıldayan melodiyaya çevrilib.

Bir az aralıda Həsən Həsənov - sirlərlə dolu, Azərbaycanın ən mürəkkəb siyasi dövrlərinin canlı şahidlərindən biri.


Məni ən çox təəccübləndirən isə Nazim İmanov oldu.
Vaxtilə Azərbaycan siyasətinin ən parlaq simalarından biri olmuş, sonralar tribunaların gur səsini Akademiyanın sakit, yarıqaranlıq dəhlizlərinə dəyişmiş, itmiş adam.


Elə bil zaman onu siyasi meydanlardan götürüb, düşüncənin daha sakit sahillərinə çıxarıb. Amma baxışlarında, davranışlarında və çıxışında hələ də o diriliyin, o intellektual ehtirasın izi qalıb.

Bir neçə ölkədə səfir kimi çalışmış Eynulla Mədətli də buradadı.

Diplomatik təcrübənin, ədəbiyyat sevgisinin və ziyalı təmkininin birləşdiyi adamlardan biri kimi.

Bir qədər aralıda isə Qəzənfər Paşayev dayanıb.


Dəclə və Fərat sahillərindən türk dünyasının ən uzaq guşələrinə qədər uzanan böyük bir ömrün sahibi.

Rüstəm Behrudinin qapıdan necə keçdiyini görə bilmədim. O, göydən gəlməyi sevər, göyə qayıtmağı da... Sabir bəyə həsr etdiyi şeirdə də Tanrının dərgahında, türkün ucalığındadı.

Rəşad Məcid isə bu adamların arasında gəncliyin nəfəsi kimi görünür.


Gəlir, mikrofonu götürür və məclisi idarə etməyə başlayır.
Sabir bəyin bir neçə şeirini deyir, hamını şeir deməyə çağırır. Başda Sabir bəyin əksər şeirlərini əzbər bilən Tənzilə xanım olmaqla…

“Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

Bu dildə sevincim, qəmim, kədərim,
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhədini qıran kəlmələr”.

***
…Azərbaycanın son yarım əsrdə formalaşan düşüncəsi, sözü, elmi, siyasəti, diplomatiyası və mədəniyyəti bir neçə masa ətrafında toplaşıb.

Birində alimlər, birində siyasətçilər, birində yazıçılar…

Başqa bir masa isə aktyorlara ayrılıb. Sabir Rüstəmxanlının şeirlərini səhnəyə daşıyan, sözlərini səsə və nəfəsə çevirən insanlar. Həmin masanın başında Akademik Milli Dram Teatrında Sabir Rüstəmxanlıya həsr olunan gecənin rejissoru Hafiz Quliyev görünür.


Elə bil 3 gün öncə qurduğu səhnələrin içindən çıxıb bu masaya gəlib. Rejissorların qəribə taleyi var: hamını görünən edənlərin özləri isə həmişə qınında qalır.

Beləliklə, ölkənin yaddaşı bir axşamlıq yığışıb; vaxtilə müxtəlif mövqelərdə olublar. Kimisi tribunada, kimisi auditoriyada, kimisi dövlət idarəçiliyində, kimisi ekran qarşısında, kimisi isə ədəbiyyatın ön cəbhəsində. Bəzən də bir-birinə qarşı...

Amma zaman qəribə hakimdir. İllər keçəndən sonra insanları mövqeləri yox, qoyduqları iz birləşdirir. Şöhrət keçir, vəzifələr itir, mübahisələr yaddan çıxır, insanın adı yalnız gördüyü işlərlə yaşayır.

Sağlıqlar deyildikcə başqa bir fikir ağlımda dolaşır: Uzun ömür hələ uğur deyil. Uzun ömür daha çox sınaq deməkdir: dostluq sınağı, vicdan sınağı, vəzifə sınağı, şöhrət sınağı.

Sabir Rüstəmxanlı bu sınaqlardan ləyaqətlə çıxmış adamlardandır.
Anar bunu bir cümlə ilə ifadə etdi. O dedi ki, Sabir Rüstəmxanlı 80 illik ömrünü şərəflə yaşayıb, dövrün ən mürəkkəb anlarında etibarlı dost, böyük vətənpərvər vətəndaş kimi özünü təsdiqləyib.


Çingiz Abdullayev isə onun xalqın önünə çıxdığı illəri xatırlayır. Elə günləri ki, ölkədə qarışıqlıq, təxribat və gərginlik hökm sürürmüş.
İnsanları təxribata çəkmək istəyirmişlər, bunun qarşısını isə Sabir Rüstəmxanlı ala bilərdi. Ona inanırdılar. Buna görə də o, gərginlik nöqtələrinə gedir, insanlara səslənirmiş. Amma Sabir Rüstəmxanlı hər yerə çata bilmir. Çıxış yolu kimi onun çıxışlarını lentə yazır, sonra maşınlarla, bəzən hətta tanklarla məhəllə-məhəllə gəzib, həmin səsi insanlara çatdırırmışlar.

Vətəndaşlar elə bilirmişlər ki, avtomobildə, yaxud tankın içində Sabir Rüstəmxanlının özü var.

Sabir bəy isə zarafatla əlavə edir ki, sonralar bəzi adamlar “Sabir Rüstəmxanlı rus tankına minib onları xalqın üstünə sürdürüb” yazmışdı.

Həsən Həsənov uzun illərin içindən baxaraq danışır. Nazirlikdən, deputatlıqdan, müxtəlif vəzifələrdən yox, dəyişməyən xarakterdən bəhs edir. Nazir olanda da, millət vəkili olanda da eyni adam ola bilməkdən.


Nizami Cəfərov Sabir Rüstəmxanlının ən böyük xidməti kimi dilimizin vətəndaşlıq qazanmasındakı rolunu qeyd edir: “Azərbaycan dili onun üçün tarixdir, torpaqdır, vətəndir, coğrafiyadır… və hər şeydir:

Anamın savadı köhnə əlifba,
Anamın əsəri – mənə məktublar!..
Ayrı nə oxumaq keçir könlündən,
Nə də cızma-qara hövsələsi var.

Kim sözə bu qədər can verə bilər,
Çox da xətti pisdi, kağızı sarı.
Ana məktubları mənim gözümdə
Dünyanın ən nadir əlyazmaları!..”

İsa Həbibbəyli isə gənclik illərinə qayıdır. O dövrlərə ki, Sabir Rüstəmxanlının sevgi şeirlərinin içində belə azadlıq duyğusu, milli ruh və gələcək siyasi oyanışın işartıları görünürdü.
“Əslində bu aydın görünürdü. Amma heç kimin ağlına gəlmirdi ki, belə bir vaxtda bu cavan oğlan insanları imperiyaya qarşı, azadlığa səsləyə bilər”.

Eynulla Mədətlinin diplomat kimi çıxışlarını çox eşitmişəm. Bu dəfə isə o, Sabir Rüstəmxanlının uzun şeirlərindən birini böyük həvəslə və əzbər söyləyir...

Sabir Rüstəmxanlının 80 illiyi münasibətilə bir araya gələn bu insanlar əslində bir ömrü deyil, bir dövrü qeyd edirdilər.

Buna görə Sabir Rüstəmxanlını təbrik etməyə gəlsələr də, əslində bir-birini təbrik edirdilər - Zamanın ən ağır imtahanından keçdiklərinə görə...
...Unudulmamaq imtahanından.

Elçin Zahiroğlu





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar