Rusiyanın Dağıstan Respublikasında yağan güclü yağışlar nəticəsində daşqın baş verib, infrastruktur zədələnib və onlarla insan təxliyə olunub.
Bakupost.az xəbər verir ki, bu barədə “İnterfaks” şəhər administrasiyası və digər yerli mənbələr məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar respublika ərazisində, eləcə də paytaxt Mahaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.
Güclü leysan yağışları nəticəsində Mahaçqalada küçələr su altında qalıb, azı 20 fərdi yaşayış evini su basıb. Bir neçə elektrik yarımstansiyası zədələnib və bəzi rayonlarda on minlərlə sakin işıq və su təchizatından məhrum olub.
Şəhər administrasiyası bildirib ki, içməli su çatışmazlığının qarşısını almaq üçün əhaliyə suyun daşınması təşkil olunacaq. Ehtiyacı olanlar üçün xüsusi “qaynar xətt” açılıb. Eyni zamanda, su altında qalan ərazilərdə qalmış avtomobillərin təxliyəsi aparılıb.
Rəsmi məlumatlara əsasən, su basmış evlərin sakinləri üçün iki kollec və iki mehmanxananın bazasında müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb. Hazırda Mahaçqala üzrə ümumilikdə 73 nəfərin müvəqqəti olaraq həmin məntəqələrdə yerləşdirildiyi bildirilir.
İntensiv yağışlar paytaxtda faciəyə də yol açıb. Küçədə hərəkətdə olan bir qadını insanların gözü önündə sel aparıb. Hadisə anı şahidlər tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə yayılıb.