Ru
13:54 / 04 Oktyabr 2019

"Güllələnmiş Məzarlar" təqdim olundu

3446
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Beynəlxlaq Avrasiya Fondu tərəfindən istehsal edilən “Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib.


BakuPost xəbər verir ki, Azərbaycan və ingilis dillərində hazırlanan film Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edilməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir svilizasiya haqda məlumatları dünyaya çatdırmaq məqsədi daşıyır.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Yunus Oğuz, Prezident Admnistrasiyası İctimai-Siyasi şöbənin məsul işçisi Vüqar Səlimov, QHT- lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Fərasət Qurbanov, BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, qazilər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev layihə haqqında iştirakçılara məlumat verib. O işğal altında olan ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın əhəmiyyətindən bəhs edib. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu bildirən Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətənadaşımızın maariflənmədirmə aparmasının zəruri olduğunu deyib: “Son 10 ildə Amerika və Avropa ölkələri xüsusilə də, Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam və s. ölkələri təmsil edən 100-lərlə media nümayəndələrini işğal olunmuş həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad olunmuş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandaliz aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900-dən çox yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, obalardakı evlərin yalnız izləri qalıb”.

Son aylarda BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-nin İnsan Haqqları Şurasında 5 dildə dərc edildiyini bildirən Umud Mirzəyev “Güllələnmiş Məzarlar” sosial filminin Cenevrədə İnsan Haqqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı nümayiş olunduğunu qeyd edib.

Bundan başqa Nobel Sülh Mükafatı qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən “Avrasiyada Təhlükəsizlik” adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən “Güllələnmiş Məzarlar” filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkli olduğunu söyləyib.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da bu cür sosial filmlərin davamlı olaraq çəkilməsinin lazım olduğunu vurğulayıb. O, bu cür filmlərin televiziyalarda ödənişsiz yayımlanmasının vacibliyinə diqqət çəkib.
Daha sonra qonaqlar “Güllələnmiş Məzarlar” filmini izləyiblər.

Günel
BAKUPOST









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər