Güney Azərbaycan milli-siyasi təşkilatları İranda kütləvi etirazlara çağırış etdi.
Bakupost.az-ın məlumatına görə, çağırışda deyilir ki, Güney Azərbaycan milli-siyasi təşkilatları hər zaman Güneydə Azərbaycan Türklərinin öz milli şüar və istəkləri əsasında apardıqları milli mübarizəni yüksək qiymətləndirərək dəstəkləyiblər və bu mübarizənin müstəqil, düşünülmüş və millətimizin milli maraqlarına hesablanmış şəkildə aparılmasının tərəfdarı olublar:
“Biz hesab edirik ki, Güney Azərbaycanın şəhərlərində başladılacaq hər bir kütləvi etirazın və qiyamın əsas məqsədi Vətənimiz Azərbaycanı fars faşizminin fars mərkəzli rejimlərinin sistematik zülmündən qurtarmaq olmalıdır. Çünki, Azərbaycan Milli Hərəkatı dövlətçilik ideyasına söykənən, milli və siyasi iradəyə əsaslanan bir hərəkatıdır. O, öz mübarizəsini bir rejimin başqa bir diktator rejimə dəyişdirilməsinə hesablanan siyasi oyunlardan kənar, bağımsız olaraq aparır.
Güney Azərbaycan Milli Hərəkatı özünün müəyyənləşdirdiyi milli–demokratik prinsiplər üzərində hərəkət etməli, qarşılıqlı hörmət əsasında qeyri-fars millətləri ilə həmrəy olmalı, faşizm üzərində qurulan farsçılığa son qoymaq üçün azadlıq mübarizəsini öz milli şüarlarına əsaslanaraq aparmalıdır. Azərbaycan mərkəzli milli-siyasi qurumlar olaraq, biz də millətimizin mübarizəsinin yanındayıq və onu dəstəkləyirik. Hər bir Azərbaycan Türkü bilməlidir ki, Vətənimiz Azərbaycanın qurtuluşu milli-siyasi iradəmizin təmin olunması deməkdir. Bu isə millətimizi təmsil edən çağdaş-demokratik milli dövlətçiliyin qurulmasından keçir.
İnanırıq ki, millətimizin milli iradəsini təmsil edən Güney Azərbaycan Milli Hərəkatı müstəqil və ardıcıl mübarizəsi sayəsində legitimliyini beynəlxalq müstəvidə təsdiqləyəcək, azadlıq və öz milli müqəddəratını təyinetmə yolunda qələbəsini məhz öz daxili gücünə və millətimizin iradəsinə söykənərək gerçəkləşdirəcəkdir. Bu çərçivədə, biz Güney Azərbaycanda yaşayan Azərbaycan Türklərinin öz milli şüarları ilə kütləvi etirazlara çıxmasına çağırış edərək, Güney Azərbaycanın bütün bölgələrinin bu milli çağırışa qoşulmalarını tarixi zərurət bilirik.
Yaşasın Azərbaycan!
Yaşasın millətimiz!
GÜNEY AZƏRBAYCAN TƏŞKİLALARI:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Milli Dövlətçilik Şurası (MDŞ)
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)”
Fateh, BakuPost