Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin bəzi xidmətləri üzrə yeni rüsumlar tətbiq olunacaq.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı qanun layihəsi hazırlanıb.
Sənədə əsasən, Gürcüstanda xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq.
Tranzit nömrənin verilməsinə görə 50 lari (32 AZN) həcmindəki hazırkı rüsum 370 lariyə (233 AZN) qədər qaldırılacaq. Gürcüstanda alınan və yaxud təkrar ixrac üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi üçün müvafiq ekspertiza aktının tərtib olunmasına görə isə rüsum 180 lari (113 AZN) həcmində müəyyən ediləcək. Bu rüsum hazırda 100 lari (63 AZN) təşkil edir.
İxrac və ya təkrar ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsi üçün agentlik tərəfindən gömrük bəyannaməsinin və yaxud qeydiyyat şəhadətnaməsinin doldurulması üçün rüsum isə 130 laridən (82 AZN) 200 lariyədək (126 AZN) artırılacaq.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd minik avtomobili ixrac olunub.