Ru
20:45 / 18 Noyabr 2026

“Güvən” Təhsilin İnkişafına Dəstək Fondu bu gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirir

“Güvən” Təhsilin İnkişafına Dəstək Fondu bu gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirir
Eye

Təhsilə dəstək, gənclərə güvən, gələcəyə investisiya!

Cəmiyyətin davamlı inkişafının, sosial rifahın və intellektual potensialının formalaşmasında təhsilin müstəsna rolu vardır. Keyfiyyətli təhsil hər bir gəncin gələcəyini müəyyənləşdirən mühüm amillərdən biri olmaqla yanaşı, sosial bərabərliyin təmin edilməsində də əsas vasitələrdəndir. Lakin bəzən ailələrin maddi imkanlarının məhdud olması istedadlı və yüksək akademik göstəricilərə malik gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdıra bilir. Məhz bu reallıqdan çıxış edən “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu sosial həssas ailələrdən olan tələbə gənclərin keyfiyyətli təhsil almasına, potensiallarını reallaşdırmasına və gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına dəstək məqsədilə müxtəlif layihə və təşəbbüslər həyata keçirir. Fondun əsas fəaliyyət istiqamətlərindən biri ali təhsil müəssisələrində yüksək akademik göstəricilərlə təhsil alan, lakin sosial-iqtisadi vəziyyətinə görə əlavə dəstəyə ehtiyac duyan tələbələrin Təqaüd Proqramına cəlb edilməsidir.

Təqaüd Proqramı – gənclərin inkişafına verilən dəyər

Proqramın əsas məqsədi yalnız tələbələrə maddi yardım göstərmək deyil, eyni zamanda onların təhsil prosesində qarşılaşdıqları çətinlikləri azaltmaq, akademik uğurlarını davam etdirmələrinə şərait yaratmaq və gələcək karyera inkişaflarına töhfə verməkdir. Təqaüd Proqramına qoşulmaq istəyən tələbələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilirlər. Seçim prosesində namizədlərin akademik göstəriciləri, təhsil nailiyyətləri, ailələrinin sosial və maddi vəziyyəti, eləcə də dəstəyə olan ehtiyacları nəzərə alınır. Bu məqsədlə həm ailələrin sosial vəziyyəti araşdırılır, həm də tələbələrin proqramın tələblərinə uyğunluğu qiymətləndirilir. Şəffaf və obyektiv seçim mərhələsindən uğurla keçən tələbələr Fondun təqaüd proqramına qəbul olunaraq hər ay müntəzəm təqaüdlə təmin edilirlər. Bu dəstək onların gündəlik ehtiyaclarının qarşılanmasına, təhsil xərclərinin müəyyən hissəsinin ödənilməsinə və əsas diqqətlərini akademik fəaliyyətlərinə yönəltmələrinə imkan yaradır.

Maddi dəstəklə yanaşı, peşəkar inkişaf imkanları

“Güvən” Fondunun yanaşması təqaüd ödənişləri ilə məhdudlaşmır. Fond hesab edir ki, müasir dövrdə gənclərin uğurlu gələcəyi üçün yalnız ali təhsil diplomuna sahib olmaq kifayət etmir. Onların əlavə bilik və bacarıqlar əldə etməsi, əmək bazarının tələblərinə uyğunlaşması, müasir peşəkar kompetensiyalara yiyələnməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, proqram iştirakçılarının fərdi inkişaf ehtiyacları nəzərə alınaraq beynəlxalq və yerli sertifikat proqramları, peşəkar ixtisaslaşma kursları, xarici dil təlimləri, informasiya texnologiyaları və digər aktual sahələr üzrə biliklərin artırılması istiqamətində müraciətləri dəyərləndirilir. Müvafiq ehtiyac və imkanlar əsasında onların seçilmiş kurslara cəlb olunması və sertifikat əldə etmələri üçün maliyyə dəstəyi təmin edilir.

Yaşayış təminatı – təhsilə maneə olan sosial çətinliklərin aradan qaldırılması

Fondun diqqət yetirdiyi digər mühüm istiqamətlərdən biri də tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə regionlardan Bakıya gələrək ali təhsil alan, lakin yaşayış xərclərini qarşılamaqda çətinlik çəkən tələbələr üçün kirayə haqqının ödənilməsinə dəstək göstərilməsi nəzərdə tutulur. Sosial vəziyyəti və ehtiyacı qiymətləndirilən tələbələrin müəyyən hissəsinin yaşayış xərcləri Fond tərəfindən qarşılanır.

Fondun fəaliyyətində əsas prioritetlərdən biri sosial vəziyyətindən asılı olmayaraq hər bir istedadlı və çalışqan gəncin keyfiyyətli təhsil almaq, özünü inkişaf etdirmək və layiqli gələcək qurmaq imkanına sahib olmasıdır. İnanırıq ki, bu gün təhsilinə dəstək göstərdiyimiz gənclər sabah ölkəmizin müxtəlif sahələrində uğur qazanan, cəmiyyətin inkişafına töhfə verən, bilik və bacarıqları ilə seçilən peşəkar mütəxəssislərə çevriləcəklər.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar