Bakı sakini mülkiyyətçisi olduğu evin məhkəmə hakimi tərəfindən zorla əlindən alındığını iddia edir.
“Bakupost” xəbər verir ki, bu şikayətlə Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 27 ünvanında yaşayan Riyad Kərimov “Xəzər Xəbər”ə müraciət edib.
O bildirib ki, 70 ildən artıq atasının və özünün məskunlaşdığı evə 2011-ci ildə rəsmi qaydada çıxarış əldə edib. O, çıxarışı əldə edərkən məlum olub ki, ev 1998-ci ildə Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovaya bağışlanılıb. Şikayətçi bildirir ki, evinin ondan əlavə digər şəxsə bağışlanılmasından məlumatsız olub. Məsələnin həll olunması ilə bağlı məhkəmə həyata keçirilsə də, Xumar Mərdanova prosesdə iştirak etməyib və evə dair iddiası olmadığını bildirib.
R.Kərimovun sözlərinə görə, həmin ev yeni bina tikintisi məqsədilə plana düşüb. Elə bundan sonra da Xumar Mərdanova 2023-cü ildən evi əldə etmək üçün iddia qaldırıb və qısa müddət ərzində onlara evdən çıxmalı olduqları bildirilib.
Səsləndirilən iddialarla bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynov bildirib ki, sözügedən mübahisəli əmlak 1947-ci ildə Püstə Həsənovanın mülkiyyətində olub: “Həmin əmlakı 1999-cu ildə yaxın qohumu Xumar Mərdanovaya notarial qaydada bağışlama müqaviləsi əsasında bağışlayıb. Fərdi yaşayış evinə Xumar xanımın mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmaqla, müvafiq çıxarışla rəsmiləşdirilib”.
Vəkil həmçinin qeyd edib ki, şikayətçi ailəyə evin dəyərindən artıq kompensasiya təklif olunub:
“Saləddin Kərimov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini özü iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin 108,79 kvadrat metri yaşayış və 15,81 kvadrat metr həyətyanı sahəsi olan fərdi yaşayış evinin 12,2 hissəsinə çıxarışın ləğv edilməsini, qeyd edilən ölçüdə olan 12,2 hissəyə dair alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş edib. Saləddin Kərimovun iddia tələbi ləğv edilib, Xumar xanımın qarşılıqlı iddia tələbi təmin edilərək kompensasiya ödənilməklə Saləddin Kərimov və ailə üzvlərinin mənzildən çıxarılması qət edilib”.
Sözügedən məhkəmə mübahisəsi üzrə Ali Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilib.
Sənəddə qeyd olunub ki, 1947-ci ildən Püstə Həsənovanın mülkiyyətində olmuş mübahisəli əmlak 1975-ci ildə onun vəfatından sonra vərəsəlik üzrə Nərgiz Kazakovanın mülkiyyətinə keçib və sonuncu həmin əmlakı 1999-cu ildə notarial qaydada qohumu Xumar Mərdanovaya bağışlayıb: “Hazırkı iş üzrə şikayətçi Salədin Kərimov həmin fərdi yaşayış evində 1973-cü ildən ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşasalar da, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri olmayıb.
X.Mərdanovanın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qaldırdığı tələb təmin olunaraq, Kərimovlar ailəsinin kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılmaları qət edilib. Kərimovlar ailəsinin həmin sahədə uzun müddət yaşamaları və etdikləri yaxşılaşdırmalar nəzərə alınaraq, onlara ödənilməli kompensasiyanın məbləği yüksək həcmdə - 92 500 manat məbləğində müəyyən edilib.
Əlavə olaraq qeyd edilməlidir ki, hakim Xumar Mərdanovanın Bakı Apellyasiya Məhkəməsində işlədiyi nəzərə alınaraq, hazırkı işə apellyasiya instansiyası qismində Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.
Göründüyü kimi, mülki mübahisə hakimin xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, bir vətəndaş kimi onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olub” .