ABŞ Vitse-prezidenti Ceyms Di Vens İranla bağlı vəziyyətin sonsuz müharibəyə çevriləcəyi iddialarını rədd edib. O bildirib ki, prezident Donald Tramp ABŞ-nin “illərlə davam edən və aydın sonu olmayan münaqişəyə” sürüklənməsinə heç vaxt imkan verməyəcək.
Bakupost.az xəbər verir ki, Vens bu fikirləri “Fox News” telekanalında aparıcı Cess Vatters ilə müsahibəsində səsləndirib.
Aparıcının İrandakı hadisələrin İraq və ya Əfqanıstan kimi uzunmüddətli müharibəyə bənzədilməsi barədə sualına Vitse-prezident Əfqanıstan nümunəsində ABŞ-ın 20 il ərzində “aydın məqsəd olmadan” və ölkəyə liberal demokratiya gətirmək cəhdi ilə hərəkət etdiyini deyib. İraq müharibəsinin isə daha qısa sürdüyünü, lakin yenə də konkret missiya və dəqiq tərifin olmadığını vurğulayıb.
“Prezident nəyi həyata keçirmək istədiyini açıq şəkildə müəyyənləşdirib. Mən bunu münaqişə başlamazdan əvvəl də demişdim və yenə təkrar edirəm: Donald Tramp bu ölkənin aydın məqsədi və sonu olmayan çoxillik müharibəyə girməsinə imkan verməyəcək”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, Trampın fərqi ondadır ki, o, yalnız konkret və müəyyən edilmiş məqsəd olduqda müharibəyə icazə verə bilər. Vens qeyd edib ki, həmin məqsəd “İranın nüvə silahına sahib olmamasını təmin etmək və uzunmüddətli perspektivdə nüvə imkanlarını bərpa etməməyə dair öhdəlik götürməsidir”.
Açıqlama Trampın şənbə günü ABŞ və İsrailin İran ərazisinə birgə zərbələr endirdiyini elan etməsindən sonra verilib. Prezident bildirib ki, əməliyyatın məqsədi “İranın raket ehtiyatlarını məhv etmək” olub.
Həftəsonu Tramp, həmçinin İranın ali lideri Ayətullah Ali Xameneinin öldüyünü təsdiqləyib.
“Breitbart News” nəşrinin yazdığına görə, ABŞ və İsrail zərbələri nəticəsində İranın bir neçə yüksək rütbəli rəsmisi, o cümlədən müdafiə şurasının katibi vəzifəsində çalışmış Əli Şəmxani və silahlı qüvvələrin baş qərargah rəisi Əbdülrəhim Musəvi də zərərsizləşdirilib.
Dünən yayılan məlumatda “United States Central Command” (CENTCOM) “Operation Epic Fury” çərçivəsində davam edən əməliyyatlarda altı ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır və qarşıdurmanın miqyası ilə bağlı beynəlxalq ictimaiyyətin diqqəti Yaxın Şərqə yönəlib.
Cavid, BakuPost