Ru
14:23 / 03 Dekabr 2021

İcra hakimiyyətləri ləğv oluna bilərmi? - Açıqlama

16733

Ölkə başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı ölkədə yeni idarəetmə modelinə keçid məsələsini yenidən gündəmə gətirib.


Ekspertlərin bəziləri bu təyinatı İcra Hakimiyyətlərinin ləğvinin başlanğıcı hesab edirlər.


Son dövrlərdə yerli icra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də görmək olar. Prezidentin sərəncamları ilə yerlərdə İcra Hakimiyyətinin başçısı təyin edilən məmurlar bu dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər. Nəticədə xeyli icra başçısı həbs edilərək, dəmir barmaqlıqlar arasına göndərilib.

Bəs icra hakimiyyətlərinin ləğvi gözlənilirmi?


Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə Bakupost.az -a bildirib ki, Cənab Prezidentin işğaldan azad olunan zonalara xüsusi nümayəndəsinin təyin etməsi, həmin ərazidə idarəetmə sisteminin təkmilləşdirilməsilə bağlıdır:

“İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri təsisatı yaradılıb. Bu ərazilərə Prezidentin nümayəndələrinin təyin edilməsi həmin ərazilərdə bərpa işlərinin səmərəli keçməsinə, resursların düzgün paylanmasına, kommunikasiyaların bərpası ilə bağlı müxtəlif idarələrin fəaliyyətinin günün tələblərinə uyğun olaraq qurulmasına hesablanıb. İşin gedişatında Şuşa şəhəri istisna olaraq bütün Qarabağ zonası ilə Prezidentin xüsusi nümayəndəsinin olmasına ehtiyac yarandı və bu vəzifəyə cənab Prezidentin Ağdamda olan xüsusi nümayəndəsi Emin Hüseynov təyin edildi. Şübhəsiz ki, onun Ağdamda müsbət fəaliyyəti, eyni zamanda görülən işlərinin təkcə Ağdamla kifayətlənməyərək digər rayonlarla bağlı olması cənab Prezidentin belə bir qərar qəbul etməsinə səbəb oldu. Bu heç də digər rayonların idarəetmə sisteminin dəyişilməsi deyil. Rayon, şəhər icra hakimiyyətləri təsisatı Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulub və buna uyğun olaraq fəaliyyət göstərir”.

Millət vəkili Ceyhun Məmmədov əlavə edib ki, icra hakimiyyətlərinin ləğvi məsələsi o zaman gündəmdə ola bilər ki, biz daha ideal, daha yaxşı sistemi qura bilək və bununla bağlı addımlar ataq:

“Əgər gələcəkdə belə bir zərurət, yeni yanaşma olarsa, bu məsələ nəzərdən keçirilə bilər. Qeyd edim ki, icra hakimiyyətləri rayonlarda bir çox sahələrə ictimai-siyasi vəziyyətə, rayondakı proseslərə cavabdehdilər. Bu baxımdan icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı bəhs edərkən tamamilə ləğvi məsələsini düşünməli deyilik. Hesab edirəm ki, icra başçıları arasında vicdanla işini yerinə yetirəndə var, amma və vicdanla işinə yanaşmayan da var. Hesab edirəm ki, onlar öz fəaliyyətlərinə ciddi yanaşmalıdırlar. Cənab Prezidentin Sərəncamı ilə Emin Hüseynov Şuşa istisna olmaqla Qarabağ region üzrə Prezidentin nümayəndəsi kimi təyin olundu. Ola bilər ki, gələcəkdə də bu formada digər regionlar üzrə də səlahiyyətli nümayəndənin təyin olunması məsələsi nəzərdən keçirilsin və baxılsın. Bu gün bizə bölgələrdə operativ, işlək, məsuliyyətli qurumlar lazımdır. Hesab edirəm ki, bununla bağlı lazım olan bütün addımları hökumət edir. Sadəcə bəzən vətəndaşlar daha radikal meyillərə gedirlər. Lakin düşünürəm ki, biz islahatlar barədə də düşünə bilərik və buna uyğun gələcək addımlarımızı ata bilərik. Lazım olan odur ki, operativ, adekvat, həssas, vətəndaşların problemlərinə diqqət və həssaslıqla yanaşan, problemin həllinə yönəlmiş işlək mexanizmlərə malik bir struktur olsun və bu işləri uğurla həyata keçirsin. Hesab edirəm ki, ölkə rəhbərinin diqqətində də bu məsələlər var”.


Millət vəkili Aqil Abbas da vurğulayıb ki, icra hakimiyyətləri ləğv oluna bilməz:

“Şuşa istisna olmaqla Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Emin Hüseynov Prezidentin xüsusi nümayəndəsi təyin olunub. 3-4 gün öncə Ağdamda idim və orada hədsiz çox işlər görülüb. Görünür, Prezident Emin Hüseynovun gördüyü işləri görüb, dəyərləndirib və bu məsuliyyətli vəzifəni ona həvalə edib. Lakin icra hakimiyyətlərinin ləğvi məsələsinə gəldikdə isə, əgər icra hakimiyyətləri ləğv olunsa həmin ərazilərin icra strukturu necə olacaq? Yeni bir sistem axı yoxdur. Vaxtı ilə 1963-1964-cü illərdə Xruşşov rayonları birləşdirib iki rayona bir adam təyin etmişdi. Həmin sistem effekt vermədi, daha sonra rayonları yenidən ayırdılar. Düşünürəm ki, rayonları birləşdirmək düz deyil. Kim yaxşı işləmirsə çıxardıb yerinə daha yaxşı kadr qoymaq lazımdır. Son zamanlar icra başçılarına cavan kadrlar təyin edilir ki, bu da müsbət haldır. Türkiyə sistemindəki kimi bələdiyyəyə keçmək məsələsinə gəldikdə isə bəlkə gələcəkdə gündəmə gələ bilər. Amma Azərbaycanda bələdiyyələr hələ özünü doğrultmayıb. Azərbaycanın müxtəlif rayonlarında insanlarla görüşürəm, icra hakimiyyətlərindən giley edən də, tərifləyən də var. Əsas şikayətləri odur ki, qəbula düşə bilmirlər. İndi də onlayn sistemdir, camaat da onlayın sistemi qəbul etmir, başçı ilə üz-üzə görüşmək istəyir. Yəni hazırda əsas gileyləri onlayn qəbulla bağlıdır”.

F. Söhrabqızı
Baku Post

Şərhlər
  • Oxucu

    İcra hakimiyyətlərini ləğv etməyəcəklər. Çünki onlar çox gözəl işləyirlər. Bəzi xirda nöqsanlar ola bilər, amma əminəm ki, onlar da tezliklə aradan qaldirilacaq. Bütün sahələrdə olduğu kimi burada da çox böyük nailiyətlərimiz vardir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər