Pakistan və Əfqanıstan rəsmiləri iki ay əvvəl çoxsaylı itkilərə səbəb olan sərhədyanı toqquşmadan sonra dünən Pakistan–Əfqanıstan sərhədində yenidən şiddətli atışmaların baş verdiyini bildiriblər.
Bakupost.az DPA-ya istinadən xəbər verir ki, məlumatlara görə, hər iki tərəfdə ölənlər var.
Pakistanlı rəsmilər top atəşi də daxil olmaqla müxtəlif növ silahların tətbiq edildiyini, qarşıdurmanın Pakistanın Belucistan əyaləti ilə Əfqanıstanın Qəndəhar bölgəsindəki qüvvələr arasında baş verdiyini deyiblər. Sərhədi qoruyan Pakistan qüvvələrinin nümayəndəsi intensiv və son dərəcə şiddətli olan atışmanın iki saat davam etdiyini deyib.
Taliban hökumətinin nümayəndəsi Pakistan tərəfindən açılan atəşə cavab verdiklərini söyləyib. Lakin Pakistan tərəfi iddia edir ki, ilk atəşi açan məhz Taliban döyüşçüləridir.
Xatırladaq ki, Pakistanın oktyabrda Kabil də daxil olmaqla Əfqanıstan ərazisindəki hədəflərə təşkil etdiyi hava zərbələrindən sonra yaşanan ölümcül sərhəd insidentindən cəmi iki ay keçib. Həmin zərbələrdə sərhədyanı hücumlarda günahlandırılan bir militant qruplaşma lideri hədəf alınmışdı.
Bundan sonra Qətərin vasitəçiliyi ilə kövrək bir atəşkəs əldə olunmuşdu, lakin son insident sərhəddə gərginliyin yenidən yüksəldiyini göstərir.
Cavid, BakuPost