Hazırda dünyada həlli vacib ən aktual problemlərdən biri ekoloji tarazlığın pozulması və ətraf mühitin çirklənməsi məsələsidir.
Ona görə də dünya birliyi ekoloji tarazlığın qorunması üçün müxtəlif addımlara əl atır. Bu addımlardan biri və ən vacibi də yaşıllıqların, meşələrin qorunmasıdır.
Yaşıllıqlar dünyanın ağciyəri hesab olunur. Onlar karbon qazını udub oksigen istehsal edir, havanı zərərli maddələrdən təmizləyir, temperaturu balanslaşdırır və torpaq eroziyasının qarşısını alır. Eyni zamanda, bitkilər biomüxtəlifliyin qorunmasında və iqlim dəyişikliklərinə qarşı mübarizədə həyati əhəmiyyət daşıyır.
Ətraf mühitin mühafizəsində yaşıllıqların oynadığı əsas rollar bunlardır:
İlk növbədə yaşıllıqlar havanın təmizlənməsində müstəsna xidmət göstərir.
Meşələr qlobal istiləşmə ilə mübarizədə təbiətin ən güclü vasitəsidir. Ağac və bitkilər fotosintez prosesi nəticəsində karbon qazını udaraq oksigen buraxır. Onlar həmçinin atmosferdəki toz, his, tüstü və digər zərərli qazları süzgəcdən keçirir.
Digər tərəfdən, yaşıllıq sahələri, meşələr istixana effekti yaradan qazları udur və qlobal istiləşmənin təsirlərini azaldır. Şəhərlərdə və yaşayış məntəqələrində mikroklimat yaradaraq havanı sərinləşdirir.
Yaşıllıqlar həmçinin, torpaq və suyun qorunmasında da xüsusi rola malikdirlər. Ağac kökləri torpağı bərkidərək külək və su eroziyasının, sürüşmə və selin qarşısını alır. Meşələr və yaşıllıq zolaqları yağıntı sularını özündə saxlayır, qrunt sularını artırır və su hövzələrini çirklənmədən qoruyur.
Şəhər və magistral yolundakı sıx ağaclar səs-küyü udma və yayındırma qabiliyyətinə də malikdir.
Yaşıllıqlar heyvanlar, quşlar, həşəratlar və müxtəlif mikroorqanizmlər üçün təbii yaşayış məskəni təşkil edir.
Azərbaycanda ekoloji tarazlığın təmin edilməsi və yaşıllıqların artırılması məqsədilə müxtəlif dövlət proqramları və ağacəkmə aksiyaları həyata keçirilir. Bu istiqamətdə qanunvericilik bazası, o cümlədən “Yaşıllıqların mühafizəsi haqqında” Qanun mövcuddur. Meşələrin qorunması və artırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi meşəbərpa və yeni tingəkilmə tədbirləri həyata keçirilir. Ümumiyyətlə nazirlik tərəfindən meşələrin bərpası və yeni yaşıllıqların salınmasını prioritet istiqamət hesab edilir.
Azərbaycan ərazisinin ümumi meşə fondu 1 213 700 hektardır. Meşə ilə birbaşa örtülü olan sahə 1 021 880 hektardır ki, bu da ölkənin ümumi ərazisinin təxminən 11,8 faizinə bərabərdir. Adambaşına təqribən 0,12 hektar meşə düşür. Bu göstərici dünya üzrə orta göstəricidən 4 dəfə (0,48 ha) aşağıdır.
Ölkə üzrə meşə və yaşıllıqların böyük hissəsi (təxminən 85%-i) Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının dağlıq və dağətəyi zonalarda yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, ekoloq Amin Məmmədov
Bakupost.az-a bildirib ki, iqlim dəyişikliyilə mübarizədə meşə və yaşıllıqların rolu çox vacib elementdir:
“İqlim dəyişikliyi müəyyən dərəcədə qlobal istiləşməyə səbəb olur. Nəticədə dünyanın bir çox regionlarında səhralaşma yaranır. Onun da qarşısını almaq üçün, iqlim dəyişikliyinə adaptasiya tədbiri kimi, mütləq şəkildə meşə ərazilərinin qorunması və yaşıllıqların artırılması vacibdir”.
Müsahibimiz qeyd edir ki, bu istiqamətdə Azərbaycanda kifayət qədər çox işlər görülüb:
“Xüsusilə də son 10 ildə, çox sayda ağaclar əkilib, meşə fondu zənginləşdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə bütün vacib tədbirləri həyata keçirib. Eyni zamanda, digər dövlət qurumları da prosesə dəstək verib”.
Ekspertin sözlərinə görə, meşə və yaşıllıqların artırılmasında əsas ehtiyac su ehtiyatları ilə bağlıdır: “Ölkəmizdə meşə fondunun az olmasında yerli iqlimin də rolu vardır. Ölkə ərazisinin 40 faizindən çoxu Kür-Araz ovalığında yerləşir. Hansı ki, buralar əsasən yarımsəhra ərazisidir və orada su problemi özünü kəskin şəkildə göstərir. Dağlıq və dağətəyi ərazilərdə meşə fondunu qorumaq və çoxaltmaq mümkündür. Amma təəssüf ki, Aran zonasında yaşıllığı artırmaq mürəkkəb məsələdir. Su ehtiyatlarının az olması prosesə maneə olan əsas faktordur. Həmçinin, proses böyük investisiya tələb edir. Buna baxmayaraq, lazım olan bütün tədbirlər həyata keçirilir. Dövlət tərəfindən məsələyə ciddi diqqət ayrılır. Xüsusi qorunan ərazilərin sahəsi də xeyli böyüyüb. Habelə, yeni Milli Park və qoruqlar da yaradılır. Bunun özü də meşə fondunun qorunması üçün mühüm töhfədir. Meşə yanğınlarının qarşısını almaq istiqamətində də lazımi tədbirlər görürük. Rügionlarda əhali arasında maarifləndirmə işləri aparılır”.
Ekoloq Sadiq Həsənov da vurğulayır ki, yaşıllıqlar ekologiyanın ən mühüm atributlarından biridir:
“Yaşıllıq, ağaclıq və meşəlik ərazilərində oksigen daha çox olur. Çünki yaşıllıqlar karbon qazını atmosferdən götürüb, fotosintez vasitəsilə, günəş şüasının təsirilə onu qəbul edir və parçalanma nəticəsində oksigen ayrılır. Meşəliklər havanın tənzimlənməsi, avtomobillərdən ayrılan zəhərli qaz və tozun udulması, toplanması üçün mühüm bir atributdur”.
Ekspert qeyd edir ki, ölkəmizdə meşə örtüyünün artırılması yolunda son dövrlər böyük işlər götülüb: “Azərbaycan ərazisinin 11,2 faizi meşələrlə örtülüdür. Bakı şəhərinin ərazisi 210 hektardır. Onun da təxminən 5,5 faizi yaşıllıqla örtülüb. Bu dünya üzrə ümumi göstərici baxımından çox da yüksək deyil. Amma əvvəlki illərlə müqayisədə bu sahədə də müəyyən irəliləyişlər var. Nazirlər Kabinetinin 42 saylı qərarına görə, yaşıllıq şəhər ərazisinin ümumi sahəsinin minimum 9 faizini əhatə etməlidir. Dünyada elə yerlər var ki, ərazinin 70 faizi yaşıllıqlara qərq olunub. Xüsusən də, bu vəziyyət Skandinaviya ölkələrində özünü daha qabarıq şəkildə göstərir. Moskva şəhərində bu göstərici 54 faizdir. Avropanın əksər ölkələrində də yaşıllıq ərazi 50+ üzərindədir. Gürcüstanda isə 45 faizdir”.
Müsahibimiz cəmiyyəti yaşıllqların məhv edilməsinə biganə qalmamağa çağırdı:
“ETSN yol kənarlarında və bir çox digər yerlərdə yaşıllıq əraziləri salır. Düşünürəm ki, bu işdə ictimaiyyətin də aktiv olması vacibdir. Yəni prosesdə cəmiyyətin də böyük dəstəyinə ehtiyac var. İndiki halda isə yaşıllıqların məhv edilməsinə əhalinin etiraz reaksiyası o qədər də yüksək deyil. Mövcud vəziyyət həmçinin sahə üzrə dövlət proqramlarının genişləndirilməsini də tələb edir. Eyni zamanda, su problemləri də öz həllini tapmalıdır. Yaşıllığın əmələ gətirilməsi 10 ilə qədər vaxt aparır. Həmin müddətə qədər yaşıllıqlar su ilə təmin olunmalıdır. Yeni-yeni parklar da salınmalıdır”.
Rüfət Sultan,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.