ABŞ ilə İran arasında əldə olunan razılaşma dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
Bu fonda hesab edilir ki, nəhayət regiona çoxdan gözlənilən sülh gələ bilər.
Amma əsas məqam çoxunun diqqətindən qaçər. İranla müharibədə ABŞ-nin tərəfində vuruşan İsrail sazişə əməl edəcəkmi? Təl-Əvivin açıqlama və hərəkətləri belə düşünməyə əsas verir ki, İsrail Trampın sözügedən addımından o qədər də məmnun deyil.
Digər tərəfdən, İran İsraili dövlət olaraq tanımamaqda davam edir. 14 bəndlik razılaşmada da bu məsələyə toxunulmayıb.
Həmçinin, İran üçün həssas olan Qəzza məsələsi də prosesdə öz əksini tapmayıb.
Konfliktoloq Azər Hüseynov
Bakupost.az-a bildirib ki, İsrail ABŞ-İran razılaşmasına maneə yaratmaq niyyətindən vaz keçməyib:
“ABŞ ilə İran arasında mümkün anlaşmanın hazırkı gedişatı İsrailin maraqlarına tam uyğun deyil. Çünki İsrailin əsas məqsədlərindən biri İranın regional təsir imkanlarını minimuma endirməkdir. Çünki İsrail İranın mövcud hərbi və siyasi potensialını təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. Əvvəlki proseslərin təhlili də göstərir ki, ABŞ-İran münasibətlərində yaxınlaşma meyilləri yarandığı zaman İsrail müxtəlif vasitələrlə onu əngəlləməyə çalışıb və bəzi hallarda danışıqların pozulmasına səbəb olan addımlar atılıb. Bu baxımdan, İran və ABŞ arasında nüvə proqramı və ya digər məsələlər üzrə imzalanması nəzərdə tutulan hər hansı müqaviləyə İsrailin maneə yaratmaq ehtimalı daima mövcuddur. İsrail Yaxın Şərqdə İranın hərbi və siyasi baxımdan güclənməsini öz maraqlarına uyğun hesab etmir. İranın mümkün qarşıdurmalardan daha güclü çıxması regiondakı qüvvələr balansına təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, İran da öz növbəsində İsraili dövlət olaraq tanımamaqla bağlı mövcud siyasi kursunu davam etdirəcək:
“İran və İsrail arasındakı münasibətlərə gəldikdə isə, burada əsas amil ideoloji qarşıdurmadır. İran İsraili legitim dövlət kimi tanımır və mövcud siyasi kursun dəyişəcəyilə bağlı hər hansı bir əlamətlər görünmür. İki dövlət arasındakı münaqişənin təməlində ideoloji faktor dayanır. İdeoloji qarşıdurmalar isə adətən uzunmüddətli xarakter daşıyır və tərəflər bir-birinin mövcudluğunu belə problem kimi qiymətləndirə bilirlər”.
Müsahibimiz mövcud situasiyada İranın Qəzzaya “dönə” biləcəyini də istisna etmir:
“Qəzza məsələsinə gəldikdə, prosesin bir qismində yenilənmə ola bilər. İran Qəzzaya "dönə" bilər. Bu isə bir çox məqamda yenidən yanaşma tələb edir”.
Rüfət Sultan, BakuPost