Ru
14:45 / 16 İyun 2026

İran-ABŞ razılaşması: Zəngəzur dəhlizinin taleyi necə olacaq? - Professordan maraqlı proqnoz

İran-ABŞ razılaşması: Zəngəzur dəhlizinin taleyi necə olacaq? - Professordan maraqlı proqnoz
Eye

İranla ABŞ arasında 14 bəndlik razılaşma nəhayət ki, bölgədə təhlükəsizliyə və sabitliyə olan ümidləri artırıb. Əldə edilən bu razılıq dünya iqtisadiyyatında da müəyyən canlanmaya rəvac verə bilər.
Onu da qeyd edək ki, tərəflər arasında münaqişəyə son qoymağı hədəfləyən bu razılaşma iyunun 19-da imzalanacaq.

Burada əsas məsələ əldə edilən anlaşmanın regiona hansı təsirlərinin olacağı, hansı dəyişikliklərə gətirib çıxaracağı, tərəflərə nə verəcəyi məsələsidir.

Mövzu ilə bağlı suallarımızı Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov cavablandırdı.


-Müharibənin dayandırılması heç şübhəsiz İranın yenidən toparlanmasına səbəb olacaq. ABŞ İran qarşısında müəyyən öhdəliklər götürüb. Eyni zamanda, Tehran da Vaşinqton qarşısında öhdəliklər götürüb. Razılaşmaya əsasən, tərəflər müqavilənin real şərtlərini ancaq imzalanandan sonra dünya ictimaiyyətinə elan edəcəklər. Yəni hələlik bu şərtlərin konkret nələrdən ibarət olduğunu tam bilmirik. Bir o məlumdur ki, tərəflər bu vaxta qədər dedikləri şərtlər üzrə razılığa gəliblər. ABŞ üçün həlli vacib bir neçə ciddi məsələ vardı: İran nüvə silahı əldə etməyəcəyi barədə öhdəlik götürməli, uranın zənginləşdirilməsini dayandırımalı və Hörmüz boğazının açmalıdır. Tehran əslində nüvə silahı əldə etməyəcəyi barədə uzun müddət bundan əvvəl bəyanat verib. Hətta keçmiş Ali dini rəhbərin nüvə silahını qadağan etməklə bağlı fətvası da var. Vaşinqton isə istəyir ki, İran bunu rəsmi şəkildə bəyan edərək, öhdəlik imzalasın.

İkinci məsələ isə İranın hazırda əlində 450 kiloqramlıq 60 faizə qədər zənginləşdirilmiş uranın taleyi məsələsidir. ABŞ istəyirdi ki, uran İrandan çıxarılıb, onlara təhvil verilsin. Tehran isə buna ciddi təpki göstərdi. Hazırki Ali dini rəhbər bəyan etdi ki, bir qram zənginləşmiş uran belə ölkədən kənara çıxmayacaq. Tərəflər mövcud vəziyyətdə ortaq məxrəcə gəliblər. 60 faizə qədər zənginləşdirilmiş uranın dərəcəsinin sənayedə istifadə etmək üçün 7-10 faizə qədər aşağı salınması prosesi gedəcək. Belədə ABŞ 2015-ci ildəki müqavilədə nəzərdə tutulduğu kimi İrana uranı aşağı səviyyədə zənginləşdirməyə icazə verəcək.

- Bir sözlə, belə başa düşmək olarmı ki, artıq regiona sülh gəlir?

- Regiona sülh gəlir. Amma burada ciddi bir problem də var. O da İsraillə bağlı məsələdir. İsrail Vaşinqtonla Tehran arasında olan bu müqaviləni tanımaq istəmir. Yəni bu məsələdə Təl-Əviv könülsüzdür. Bu isə istənilən an İsrailin müqaviləni pozmaq istiqamətində addımlar ata biləcəyinə işarədir. Onun müqaviləni pozmaq üçün müəyyən addımlar atmağa imkanları da var. Bunun üçün əsas sübut da Livanda baş verən hadisələrdir. İran Livanı da danışıqlar prosesinə qoşub. ABŞ belədə könülsüz olsa da, Livanın da danışıqlar mövzusunun bir hissəsi olduğunu təsdiqləyib. Belədə, İsrail istər-istəməz Livandakı əməliyyatlara son qoymalıdır. Hələliksə, Livan məsələsi ikinci mərhələyə keçib. Əvvəlcə ABŞ ilə İran danışıqlara başlayır. Ardınca, Vaşinqton İsraili Livanda sülhə əməl etməyə, oradan qoşunları geri çəkməyə məcbur edəcək. Amma Təl-Əviv bundan imtina edib, Livan və yaxud Suriyada əməliyyatları genişləndirə də bilər. Lakin ABŞ İsrailə bu imkanı verməyəcək. Tramp hər halda Netanyahunu məcbur edəcək ki, danışıqları pozmaq üçün Livan kartından istifadə etməsin.



- İran bu razılaşmalara gedirdisə, bunu müharibənin alovlanmasına şərait yaratmadan da edə bilməzdi ki? Bunun üçün gərək minlərlə insan öləydi, dağıntılar olaydı?

- Axı ABŞ-nin müharibədən əvvəl irəli sürdüyü şərtlərlə indiki şərtləri arasında böyük fərqlər var. ABŞ və İsrail əvvəlcə İranda rejimi dəyişmək, SEPAH-ı məhv etmək, əhalini rejimə qarşı ayağa qaldırmaq məqsədi güdürdü. Amma bəlli oldu ki, ABŞ bu istəklərinə tam gücü ilə nail ola bilmir. Nəticədə məcbur olub İranla əvvəlkilərlə müqayisədə daha yumşaq şərtlərlə danışıqlara getməli oldu. İsrail də əvvəl hər şeyin hərbi yolla mümkün olacağını düşünürdü. ABŞ hərbi yolu yoxladı və gördü ki, bu yolla qarşıya qoyduğu məqsədə nail ola bilmir. Onlar müharibəyə başlayanda sonun belə olacağını düşünmürdülər. Nəticədə Vaşinqton danışıqlara getdi. Bu isə İranın qələbəsidir. İran hərbi sahədə ciddi itkilərə məruz qaldı. Amma siyasi sahədə təkcə Livanı qoruması İranın Yaxın Şərqdə nüfuzunun artması ilə nəticələndi. Tramp müharibəyə başlayanda demişdi ki, İranla bağlayacaqları yeni müqavilə 2015-ci ildə Obamanın Prezidentliyi dövründə bağlanan müqavilə ilə müqayisədə Vaşinqton üçün qat-qat yaxşı olacaq. Amma müqayisə etsək görərəik ABŞ indilikdə 2015-ci illə müqayisədə yeni heç nə əldə etməyib. Hətta indilikdə ABŞ Hörmüz boğazı kimi ikinci bir “nüvə silahını” İranın əlinə verdi. İran istədiyi vaxt Hörmüz boğazından ABŞ və İsrailə qarşı istifadə edəcək.

- Bəs, bu razılaşma İran daxilində nə kimi proseslərə təkan verəcək? Ölkədə hansısa islahatlar gözlənilə bilərmi? Qüvvələr nisbəti kimin, islahatçıların, yoxsa radikalların xeyrinə dəyişəcək?

- İran xalqı hazırda gözləyir ki, ölkənin və özlərinin iqtisadi vəziyyəti yaxşılaşsın. İranı idarə edənlər də bundan sonra məhz ölkə əhalisinin iqtisadi, maddi vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış addımlar atmalıdır. Müqavilə bağlandıqdan sonra sanksiyalar götürüləcək və İranın dondurulmuş pul vəsaitləri ölkəyə veriləcək. Belədə düşünürəm ki, İran hakimiyyəti də bu dəfə gələn həmin vəsaitləri proksi qüvvələrin saxlanılması, raket proqramlarına deyil, məhz iqtisadiyyatın gücləndirilməsinə yönəldəcək. İnsanların vəziyyəti yaxşılaşacaqsa, əhali də rejimə loyallıq nünayiş etdirəcək. Bu olmayacağı təqdirdə, müharibənin bitməsilə iqtisadi vəziyyət sabitləşməsə, insanların rejimə qarşı etirazları da artacaq. Müharibə başlayarkən, Netanyahu da İran xalqına müraciət edərək, onları rejimə qarşı ayağa qaldırmağa çalışırdı. Amma o sonuncu müraciətində heç İran xalqının adını belə çəkmədi. Bu da onu göstərir ki, İsrail və ABŞ İran xalqından gözlədiyini ala bilməyib. İran xalqı dövlətin, hakimiyyətin ətrafında birləşdi. İndi də İran hakimiyyəti bu birləşmənin qiymətini xalqa verməlidir.

- Yaranmış situasiya Tehranın Zəngəzur layihəsinə sərgilədiyi münasibətin də dəyişməsinə rəvac verə bilər? Bu istiqamətdə İranın mövqeyinin dəyişəcəyinə ümid etmək olar?

- İranla ABŞ arasında müqavilənin imzalanması, münasibətlərin yaxşılaşması Tehranın “TRİPP” layihəsinə münasibətini də dəyişdirəcək. Bu hadisə həmin layihənin gerçəkləşməsinə kömək edəcək. ABŞ bu müqavilədən sonra İranla müxtəlif sahələrdə əməkdaşlığa başlayacaqsa, həmin istiqamətdə də Tehranın təsirlərini zəiflətməyə çalışacaq. Düşünürəm ki, İranın Zəngəzur dəhlizinə ciddi təsiri olmayacaq. Çünki dəhlizə qarşı çıxarsa, təkcə ABŞ ilə üz-üzə gəlməyəcək. Türkiyə, Çin, Ermənistan və Azərbaycanla da üz-üzə gələcək. İndiki şəraitdə isə İrana bu qədər düşmən lazım deyil. Belədə, Zəngəzur dəhlizi təhlükəsiz şəraitdə həyata keçəcək.



- Bəs bu razılaşma Donald Trampın ölkə daxilində reytinqinə necə təsir edəcək? Son zamanlar onun reytinqinin düşdüyünü görürük. Vəziyyət belə davam edəcək, yoxsa bunu əksi olacaq?

- Bu Trampın razılaşmanı hansı formada təqdim etməsindən asılı olacaq. Tramp razılaşmanı qələbə kimi təqdim edə biləcəksə, nəticədə onun reytinqi də artacaq. Müharibəni dayandırmaq belə Trampın reytinqinə işləyəcək.
- Yaranmış gedişat fonunda nəhayət İran İsraili bir dövlət kimi tanıya bilər? Sizcə, bu baş verəcək?

- Düşünmürəm ki, bu baş versin. Onlar arasında münasibətlər bu tezliklə qurulmayacaq. İsrail baş naziri Netanyahu çıxışında deyib ki, razılaşma Amerikanın İranla razılaşmasıdır və İsrail burada rol almır. O həmçinin, İrana qarşı münasibətlərinin olduğu kimi qaldığını da qeyd edib. Bu isə o deməkdir ki, Netanyahu İrana qarşı münasibətini dəyişmir. Bu baş vermədikcə isə İran da həmin istiqamətdə addım atmayacaq. İran İsrailin Yaxın Şərqdə atdığı addımların qarşısında dayanan bir dövlətdir. Bu dövlət qaldıqca, İsrail də onunla razılaşmaya getməyəcək. Onlar arasında uçurum 3-5 ilə həll olunacaq məsələ deyil.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar